Şrift:
Türkiyə yenidən qarışıb!
03.06.2014 [11:33] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə yenidən etirazlar baş qaldırıb. Ölkənin bir neçə şəhərində polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. 230 etirazçı saxlanılıb. Məlumata əsasən, etiraz aksiyaları gəzi parkı hadisələrinin ildönümü ilə əlaqədar təşkil olunub. İstanbulun Taksim meydanında minlərlə nümayişçinin iştirakı ilə aksiya keçirilib. Asayiş keşikçiləri nümayişi dağıtmaq üçün rezin güllələrdən, gözyaşardıcı qaz və su şırnağından istifadə ediblər. Etirazçılar isə buna cavab olaraq polis əməkdaşlarına daş, fişəng və «Molotov kokteyli» atıblar.

Məlumata əsasən İstanbulda qeydə alınan qarşıdurmalarda ümumilikdə 120 -yə yaxın etirazçı saxlanılıb. Onların arasında çoxlu sayda xəsarət alan var. Şəhər polis idarəsindən verilən məlumata əsasən, toqquşmalar zamanı biri zabit olmaqla, 4 asayiş keşiksçisi xəsarət alıb.

İzmirdə polis və aksiya iştirakçıları arasında qeydə alınan qarşıdurmalar zamanı 65 etirazçı saxlanılıb. Paytaxt Ankarada isə 45 nümayişçi polis idarəsinə aparılıb. 1500 –ə yaxın etirazçı şəhərin mərkəzinə doğru yürüşə cəhd edib. Polislər etirazçıları dağılmağa çağırsa da , aksiyaçılar yürüşə davam edərək polislərə daş və fişəng atıblar. Kütləni dağıtmağa çalışan polislər etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıblar.

Eskişəhərdə isə 5000 –ə qədər etirazçı yürüş edərək, ötən il iğtişaşlar zamanı həyatını itirmiş Əli Qorxmazın xatirəsini anıblar. Aksiyalar həmçinin Kayseri, İzmit, Sivas, Dənizli və bir neçə digər şəhərdə də keçirilib.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed