Şrift:
German Zaxaryayev: Azərbaycandan olan yəhudilər öz vətənləri ilə fəxr edirlər
04.06.2014 [13:08] - Gündəm, Diaspor
Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev ABŞ-ın Antidiffamasiya Liqası (ADL) hüquq müdafiə ictimai təşkilatının Azərbaycanda antisemitizm faktları haqqında məruzəsinə dair şərhində bildirmişdir ki, müxtəlif vaxtlarda Azərbaycanda ləzgilər, tatarlar, yəhudilər, almanlar, bolqarlar və bir çox başqa xalqların nümayəndələri sığınacaq tapmışlar. Müxtəlif səbəblərə görə onlar bu günəşli diyarda qalıb Xəzərin təmiz havasını udmaq, buradakı insanların qəlbinin hərarətini duymaq istəmişlər.
G.Zaxaryayevin sözlərinə görə, sovet hökuməti mövcud dayaqları dəyişməyə cəhd göstərmiş və bütün dinlərlə mübarizə aparmışdır ki, nəticədə həm yəhudi dini, həm müsəlman dini güclü ziyan çəkmişdir. Rusiya Yəhudi Konqresinin vitse-prezidenti demişdir: "Sinaqoqlar dağıdılmış, yəhudi məktəbləri bağlanaraq dünyəvi məktəblərə çevrilmiş, ravvinlər təqib olunmuşlar. Məhz kimlərin bununla məşğul olduqlarını təsdiq edən tarixi faktlar vardır: bunlar sovet hakimiyyətini təbliğ edən müxtəlif millətlərin nümayəndələri idi və onların arasında yəhudilər də olmuşdur".
G.Zaxaryayev bildirmişdir ki, yəhudilərlə azərbaycanlıların dinc yanaşı yaşadıqları bütün dövr ərzində onların münasibətlərinin pis və ya gərgin olduğunu təsdiqləyən bir fakt da tapmaq mümkün deyildir. "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti yazır: "Yəhudilər Azərbaycanda hər şeyə nail ola bilmişlər, bunu təsdiq edən misallar çoxdur. Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində bir neçə yəhudi nazir olmuşdur. Azərbaycan yəhudiləri arasında nüfuzlu peşə sahibləri - həkimlər, hüquqşünaslar, jurnalistlər, müəllimlər, professorlar və iri dövlət müəssisələrinin rəhbərləri az olmamışdır".
German Zaxaryayev öz şərhində yazır: "Bəzi tanınmamış həvəskar tədqiqatçıların bunun əksini sübut etməyə cəhd göstərməsi həmişə məni əsəbiləşdirir. ABŞ-ın Antidiffamasiya Liqası hüquq müdafiə təşkilatının postsovet məkanı ölkələrində keçirdiyi və dərc etdirdiyi "Antisemitizm indeksi" adlı son qalmaqallı tədqiqat da eyni təsir doğurmuşdur. Bu indeksi cəfəngiyatdan başqa bir şey adlandırmaq olmaz".
G.Zaxaryayevin fikrincə, açıq-aşkar görünür ki, bu rəy sorğusu uydurma rəqəmlərə əsaslanır və Azərbaycana bələd olmayan Rusiya əleyhinə qurumların xeyrinədir, oradakı rəqəm isə orta göstərici kimi qeyd edilmişdir. G.Zaxaryayev deyir: "Mənim ulu babalarım minilliklər boyu Azərbaycanda yaşamışlar və biz heç vaxt nə məişət, nə də dövlət səviyyəsində antisemitizm müşahidə etməmişik. Biz - dağ yəhudiləri haqqında bunu deyə bilərəm ki, azərbaycanlılar həmişə bizə qardaş xalq kimi yanaşmışlar və bu mehribanlığı daim hiss etmişik. Mən dönə-dönə demişəm ki, Azərbaycanda antisemitizm yoxdur və olmamışdır. Keçmiş sovet məkanında yəhudilərin kompakt yaşadıqları yeganə qəsəbə olan Qırmızı qəsəbə buna sübutdur. Nə Ukraynada, nə Belarusda, nə Litvada, nə Latviyada belə məskənlər qalmamışdır. Ölkənin və rayonun hakimiyyət orqanları qəsəbəmizə xüsusi diqqət yetirirlər, axı bura təkcə yəhudilərin kompakt yaşadıqları yer deyil, həm də dağ yəhudilərinin dilinin yer üzündə qorunub saxlandığı yeganə torpaqdır. Biz - Azərbaycandan olan yəhudilər öz Vətənimizlə fəxr edirik və oradan gedəndə Azərbaycan dilini unutmuruq, ümumi ənənələri və dəyərləri qoruyub saxlayırıq, ən başlıcası isə, Azərbaycan xalqının və torpağının bizə verdiyi hər şeyə görə təşəkkür edirik".
Bu xəbər oxucular tərəfindən 1320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed