Şrift:
Təbrizdəki baş konsul: Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır
05.06.2014 [12:53] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğu ildə təxminən 20 min iranlıya Azərbaycan vizası verir.Bunu Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın “İranscope” jurnalına müsahibəsində açıqlayıb.


Əli Əlizadə bildirib ki, baş konsulluq viza müraciətlərini iş günlərində səhər saat 9-dan 12-dək qəbul edir: “Müraciət edənlərin sayı çox olarsa, iş rejiminə bir saat da əlavə olunur. Biz viza almaq üçün gələnlərə yüksək səviyyədə, bürokratik maneələrdən kənar xidmət göstərməyə çalışırıq”.

“Hazırda əlinizdə olan, həyata keçirmək istədiyiniz ən mühüm layihə hansıdır” sualını Əli Əlizadə belə cavablandırıb: “Mənim baş konsul olduğum bu dörd ildə müxtəlif layihələr gerçəkləşdirilib. Onlardan biri Bakı-Təbriz hava reysinin açılmasıdır. Birinci mərhələdə Bakıdan Təbrizə həftədə iki uçuş nəzərdə tutulurdu, hazırda bu uçuşların sayı həftədə üç dəfəyə çatdırılıb.

Bundan başqa, qarşılıqlı olaraq İranın Azərbaycanda, Azərbaycanın İranda – Tehran və Təbriz şəhərlərində mədəniyyət günləri keçirilib. İranın Qərbi Azərbaycan və Ərdəbil əyalətləri ilə də bəzi müştərək layihələrimiz olub. Bunun nəticəsində isə sərhədlərdə gediş-gəliş asanlaşdırılıb, Azərbaycan Respublikası ilə İranın müxtəlif şəhərləri arasında quru nəqliyyat xətləri fəaliyyətə başlayıb, çoxlu qarşılıqlı səfər həyata keçirilib.

Bildiyiniz kimi baş konsulluğun fəaliyyətinin əhatə etdiyi ərazinin İran-Azərbaycan münasibətlərində xüsusi əhəmiyyəti var. (Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun fəaliyyəti İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan əyalətlərini əhatə edir – “Media forum”). Bu sırada İranın Şərqi Azərbaycan əyaləti özəl mövqeyə malik olduğu üçün xüsusilə önəm daşıyır”.

Müsahibə zamanı “İranscope” jurnalının əməkdaşı Azərbaycan Respublikasının həm “Avroviziya” kimi proqramlarla maraqlandığını, həm də islam mədəniyyətinin yayılmasını təbliğ etdiyini söyləyib və baş konsulun bu məsələyə münasibətini soruşub. Əli Əlizadə deyib: “Şübhəsiz ki, belədir. İranla Azərbaycan Respublikası zəngin mədəniyyətə malikdir. Bu mədəniyyət təbliğ olunmalıdır. Azərbaycan islam mədəniyyətinin yayılması istiqamətində də fəaliyyət aparır. Ötən illərdə Azərbaycan Parisin Luvr muzeyində islam mədəniyyəti bölümünün açılmasına dəstək verib. Azərbaycan Vatikanda sərgi keçirməyə nail olmuş ilk müsəlman ölkəsidir”.

“Müsəlman ölkələri mədəni və demokratiyaya yanaşmaları baxımından bir-birindən fərqlənir. Azərbaycan Respublikası üçün islamı yaymaq baxımından hansısa özəl prioritet mövcuddurmu” sualına baş konsul belə cavab verib: “Azərbaycanda din dövlətdən ayrıdır. Bu məsələ ölkə konstitusiyasında da əksini tapıb. Buna baxmayaraq islam dəyərləri bizim üçün əzizdir. Azərbaycanda açıq atmosfer var. Bunu uğurlu bir nümunə kimi də qəbul etmək olar”.

Baş konsulun bu cavabından sonra jurnalın əməkdaşı soruşub: “Dediniz ki, ölkənizdə din siyasətdən ayrıdır. Bəs Azərbaycanın belə bir modeli yaymaq üçün hansısa proqramı varmı?” Baş konsul cavabında vurğulayıb: “Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır. Azərbaycan yalnız öz müstəqil siyasətini yürüdür və başqa ölkələrin də belə davranmasını istəyir”.

Jurnalın əməkdaşı qeyd edib ki, Azərbaycanın baş konsulunun fəaliyyət göstərdiyi azərbaycandilli dörd əyalətin qubernatorları ilə yaxşı münasibətləri var. Jurnalist baş konsulun bu dörd əyalətdən İran parlamentinə seçilmiş deputatlarla da görüşüb məsləhətləşmələr aparmaq planının olub-olmadığı ilə maraqlanıb. Baş konsul Əli Əlizadə deyib ki, parlamentlər arasında münasibətlərin genişləndirilməsi daha çox səfirliklərin səlahiyyətindədir: “Lakin iki ölkənin parlamentləri arasındakı dostluq qrupu fəaldır. Bu dostluq qrupunun üzvləri əsasən sözügedən dörd əyalətin nümayəndələrindən ibarətdir. Bu qrupun Azərbaycan Respublikasından olan üzvləri də İran haqqında yaxşı məlumata malikdir. Lakin təəssüflər olsun ki, bizim bu günə qədər hansısa bir deputatla görüşümüz olmayıb. Biz keçirdiyimiz mərasimlərə onları dəvət etmişik və onlardan həmin mərasimlərə gələnlərin bəziləri ilə görüşmüşük. Ancaq bizim münasibətlərimiz həmin dostluq qrupu səviyyəsindədir. Mən buradan bildirirəm ki, Azərbaycanın Təbrizdəki baş konsulluğunun qapıları iki ölkə arasında münasibətləri genişləndirməyə çalışan bütün İran rəsmilərinin üzünə açıqdır”.

Baş konsulun “İranscope” jurnalına müsahibəsi İranın “Avadiplomatic.com” saytında da yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed