Şrift:
Amerikalı analitik: “ABŞ gələn ildə Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinin əldə edilməsi üçün diplomatik və ya geosiyasi kapitalını xərcləməyəcək”
14.12.2011 [12:36] - Xəbərlər
Cənubi Qafqaz məsələləri üzrə ekspert, Şimali Dakota Universitetinin siyasi elmlər dosenti Tomas Ambrosionun APA-ya müsahibəsi

- Səfir Metyu Brayzanın Bakıdakı bir illik missiyası dövründə ABŞ-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?
- Mən bunu “bərpa prosesi” kimi dəyərləndirərdim. Obama administrasiyasının ilk zamanlarda yürütdüyü anti-Azərbaycan siyasəti Buş dövründə iki ölkə arasında mövcud olan yaxşı münasibətləri dəyişdirmək, yəni özünü Buş administrasiyasından fərqli göstərmək istəyindən irəli gəlirdi. Amma “bərpa prosesi” dövründə Azərbaycanın mühüm strateji mövqeyə malik dövlət və ABŞ-ın mühüm tərəfdaşlarından biri olduğu aydınlaşdı. ABŞ-Azərbaycan münasibətlərinin Buş dövründəki səviyyəyə çatacağına inanmıram, amma Vaşinqton və Bakı arasında yeni, pozitiv normal münasibətlər var.

- Səfirlərin təyinatı məsələsi hələ də Senatda müzakirə olunmayıb. Sizcə bu fakt ikitərəfli münasibətləri arxa plana ata bilərmi?
- Bunun daxili siyasi səbəbləri var və bu məsələ ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir göstərə bilməz. Səfir, kimliyindən asılı olmayaraq, prezidentin və onun milli təhlükəsizlik komandasının siyasətini həyata keçirəcək. Administrasiyanın fikirləri və siyasəti Senatın fəaliyyət dinamikasından dava vacibdir.

- 2011-ci ilin Dağlıq Qarabağ danışıqları üçün uğursuz olduğunu deyə bilərikmi? 2012-ci ildə ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini necə görürsünüz?
- Əgər söhbət Dağlıq Qarabağın gələcəyi ilə bağlı hərtərəfli diplomatik sazişdən gedirsə, onda deyə bilərik ki, uğursuz olub. Amma geniş miqyaslı döyüşlər getmir. Bu da Minsk Qrupunun perspektivləri baxımından müvəffəqiyyətin bir göstəricisi kimi qəbul edilə bilər. Dağlıq Qarabağın “de facto” müstəqilliyi saxlanıldığı üçün ermənilər də bu ili özləri üçün uğurlu hesab edə bilərlər. Amma Bakı buna uğursuzluq kimi baxa bilər, çünki hələ də Azərbaycan ərazisinin müəyyən hissəsi işğal altındadır və bir milyona yaxın məcburi köçkün hələ də öz evinə qayıda bilmir. ABŞ-ın mövqeyi 2012-ci ildə də dəyişməyəcək. Son on ildə olduğu kimi, ABŞ döyüşlərin yenidən başlamasına yol verməmək üçün təzyiqləri davam etdirəcək, sülh prosesini dəstəkləyəcək, amma hərtərəfli sülh sazişinin əldə edilməsi üçün diplomatik və ya geosiyasi kapitalını xərcləməyəcək. 2012-ci ildə də vəziyyətin bu cür davam edəcəyi, əsaslı bir dəyişikliyin olmayacağı gözlənilir.

- Görünür dondurulmuş münaqişələr təkcə regional təhlükəsizliyə deyil, hətta ABŞ-ın xarici və daxili siyasətinə də təsir edir. Məsələn, Prezident Obamanın Azərbaycana təyin etdiyi səfir Ermənistan-Azərbaycan münaqişəsi ucbatından Konqresdə erməni diasporunun tənqidləri ilə qarşılaşır. Bu səhnəni gələn seçki ilində necə təsəvvür edirsiniz? Sizcə Administrasiya gələn seçki ilində “erməni soyqırımı”, səfirlərin təyinatı kimi mübahisəli məsələlərin öhdəsindən gələ biləcəkmi?
- Əlbəttə, seçki yaxınlaşdıqca Prezident Obama səs toplamaqda maraqlı olacaq, xüsusilə də erməni əhalisinin çox olduğu Nyu-York, Nyu-Cersi və Kaliforniya kimi mühüm ştatlarda. Yəqin ki, o, amerikalı ermənilər kimi əhəmiyyətli seçici auditoriyasını qıcıqlandıran hərəkətlərə yol verməyəcək. Bu məsələlərin gələn il necə həll olunacağı barədə təsəvvürüm yoxdur.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed