Şrift:
İran radar sistemləri və raket silahlarının ən yeni nümunələrini sınaqdan keçirib
09.06.2014 [11:55] - Hərb
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. “Hətəm əl Ənbiyyə” hava hücumundan müdafiə bazasının komandanı Əli Rza Səbbahifardın açıqlamasına əsasən, sınaqlar “Misbah əl Hoda” (“İlahi nur”) adı altında keçirilmiş silsilə təlimlər çərçivəsində baş tutub. Təlimlər artıq yeni texnika ilə təchiz olunmuş hava hücumundan müdafiə qüvvələrinin birləşmələrinin yerləşdiyi Fars körfəzindəki Kiş adasında keçirilib.

Agentliyin məlumatına əsasən, döyüş şəraitinə maksimal yaxın mühitdə yeni və perspektivli zenit raketləri, radarlar və artilleriya sistemləri sınaqdan keçirilib. Səbbahifardın sözlərinə görə, təlimlər bir neçə mərhələdən ibarət olub və ölkənin bir neçə rayonunu əhatə edib.

Qeyd edək ki, “Hətəm əl Ənbiyyə” hava hücumundan müdafiə bazası İran Silahlı Qüvvələrinin ən müasir və qabaqcıl hərbi mərkəzlərindən biridir. Burada raket silahlarının və radar sistemlərinin müasir növləri istehsal olunaraq sınaqdan keçirilir. Bu tip texnikaya aid “Rassid-32” radar sistemi Kiş adasında təlimlər zamanı sınaqdan keçirilib. Qeyd olunan sistem düşmənin hava hədəflərinin hündürlüyü, sürəti və istiqaməti barədə məlumatları operativ şəkildə toplayaraq avtomatik rejimdə 15 km-dək aralıda yerləşən hava hücumundan müdafiə qüvvələrinin komanda məntəqələrinə ötürülür.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed