Şrift:
Habil Əliyevin vəziyyəti yaxşı deyil
09.06.2014 [12:51] - Gündəm, Mədəniyyət
Xalq artistini yatağa qardaşının ölümü salıb

Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin vəziyyəti orta-ağır olaraq qalır.
Sənətkarın oğlu Rəvan Habiloğlunun verdiyi məlumata görə, atası hazırda ev şəraitində həkim nəzarətindədir: "Dünən öz istəyi ilə evə gətirdik. Oyaq vaxtı çox narahat olur, sakitləşdirici iynə vurub yatırmışıq. Durumu ürəkaçan deyil, çünki atamın 87 yaşı var. Xəstəliyi qocalığı ilə bağlıdır, ağciyərində problemlər yaranıb və ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər hər şey edir, amma biz onu da başa düşürük ki, əsas problem qocalıqdır.

Rəvan bəy Mədəniyyət və Turizm Nazirliyinin atası ilə maraqlandığını bildirdib. "Atamın üstündə böyük qayğı var. Sağ olsunlar, çox maraqlanırlar. Atam xəstələnəndən bəri məsələni diqqətdə saxlayırlar. Atamla bağlı xüsusi tapşırıq verilib, hər kəs atamın sağalması üçün çalışır. Hamımız əlimizdən gələni edirik, amma ümid bircə Allahadır".

Rəvan bəy atasının vəziyyətinin pisləşmə səbəbini açıqlayıb. Onun sözlərinə görə, xalq artisti özünü yaxşı hiss edirdi. Lakin qardaşının ölümündən sonra, 5 gün əvvəl səhhəti pisləşdi: "Əmimin qırxı hələ çıxmayıb. Dəfn mərasimində böyük stress keçirdi. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirdik, həkimlər çox yaxşı qulluq edirdilər. Özü evə gəlmək istədi, biz də gətirdik".

Qeyd edək ki, bir neçə gün öncə - mayın 28-də Habil Əliyevin 87 yaşı tamam olub.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed