Şrift:
Azərbaycan DİN-in 2 saylı Poliklinikasının keçmiş rəisinin güllələnməsi faktı ilə bağlı iki maddə ilə cinayət işi başlanıb
14.12.2011 [12:51] - Gündəm
Namiq Ələkbərovun intihar etdiyi ehtimal olunur

Azərbaycan Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının keçmiş rəisinin güllələnməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə açıqlamasında Yasamal rayon prokuroru Həsrət Pirməmmədov məlumat verib. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi açılıb, istintaq davam etdirilir.

H. Pirməmmədov qeyd edib ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Araşdırmalar zamanı Namiq Ələkbərovun öldürülməsi faktı təsdiqini taparsa, cinayət işi qəsdən adam öldürmə maddəsinə tövsif oluna bilər.

Qeyd edək ki, dekabrın 13-dən 14-ə keçən gecə Yasamal rayonu Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında naməlum kişi meyiti aşkarlanıb. Araşdırma nəticəsində meyiti tapılan şəxsin 50 yaşlı Namiq Fikrət oğlu Ələkbərov olduğu müəyyənləşib. Mərhum başından aldığı güllə yarasında ölüb. Meyitin yanında “Makarov” tipli tapança da aşkar edilib.

N. Ələkbərov Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının rəisi olub, bir neçə il əvvəl təqaüdə çıxıb.
Bu xəbər oxucular tərəfindən 1015 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed