Şrift:
"Ziyayi-Qafqasiyyə" qəzeti. - Bir nömrənin geniş, izahlı biblioqrafiyası -
15.06.2014 [19:51] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
SƏNEYİ-MƏSİHİYYƏ 3 yanvar 1883-cü il, № 32 ; (fi 6 mah rəbiüləvvəl səneyi islamiyyə-1300)

1879-cu ilin yanvarında Tiflisdə nəşrə başlayan, hər nömrəsi dörd səhifə olan "Ziya" qəzetində (sonralar "Ziyayi-Qafqasiyyə" adı ilə çıxmışdır-N.N) ictimai fikir tariximiz üçün çox əhəmiyyətli olan o qədər nəsnələr var ki, yazdıqca qurtarmaz. Qəzetin hər nömrəsinin materiallarını incələdikcə, qaldırılan məsələləri fəhm etdikcə elə nəsnələrlə qarşılaşırsan ki, bu istiqamətdə görülən işlərin azlığından məyus və pəcmürdə olursan.
"Ziya"( "Ziyayi-Qafqasiyyə" ) qəzeti diqqətlə öyrənilməlidir.
"Ziya" qəzetinin milli adət və ənənələrimiz, ədəbiyyat,dil,maarif və mədəniyyətimiz, tarix və coğrafiyamızla ilgili yazıları hələ geniş və hərtərəfli işıqlandırılmamışdır. Qəzetdə qaldırılan problemli məsələlərin incələnməsi və çözələnməsi yeni yanaşma meyarları ilə ölçülməlidir. Mən əminəm ki, "Ziya" ("Ziyayi-Qafqasiyyə" ) qəzetinin tədqiqatçıları bu çağırışa mətbuat tariximizi öyrənməyə gərəkli olan məsələ kimi yanaşacaqlar.
Mənə elə gəlir ki, türk dünyasında, onun milli mətbuat tarixində əhəmiyyətli rol oynayan "Əkinçi", "Füyüzat","Molla Nəsrəddin" kimi mətbu orqanların kitab şəklində təqdimi "Ziya" qəzetinə də şamil edilməlidir.Özü də bu iş peşəkarlara tapşırılmalıdır. "Ziya" qəzetinin izahlı biblioqrafiyası da hazırlanmalı,qəzetdəki materiallar türkdilli tədqiqatçıların diqqətinə yönəldilməlidir.
"Ziyayi-Qafqasiyyə" qəzetinin bir nömrəsinin geniş izahlı biblioqrafiyasını hazırlamaqla biz bu fəaliyyətə başlayırıq.Tədqiqat obyekti kimi üçün qəzetin 1884-cü il yanvarın 3-də çıxan 32-ci nömrəsinə müraciət edirik. Qəzetin adı çəkilən nömrəsində səhv yoxdur. "Ziya"islam qəzeti kimi nəzərdə tutulduğuna görə sıralanmada həm miladi, həm də islami təqvimə əsaslanır .


***

Birinci səhifəsində dənizdən tülu edən günəşin ətrafında qəzetin imtiyaz sahibinin və mühərririnin adı və soyadı,mətbu orqanın adı göstərilir.
"Ziyayi-Qafqasiyyə" qəzeti. - Bir nömrənin  geniş, izahlı  biblioqrafiyası -

"Ziyayi-Qafqasiyyə" qəzeti. - Bir nömrənin  geniş, izahlı  biblioqrafiyası -

"Ziyayi-Qafqasiyyə" qəzeti. - Bir nömrənin  geniş, izahlı  biblioqrafiyası -

"Ziyayi-Qafqasiyyə" qəzeti. - Bir nömrənin  geniş, izahlı  biblioqrafiyası -


Qəzetəmizin mətbəə və məhəl -idarəxanəsi FOMİNA küçəsində(11) nömrəli məxsusi xanəmizdədir....Sahibi imtiyaz Səid Ünsizadə.
Tiflisdə türki-Azərbaycan dilində həftədə bir dəfə nəşr olunub hər növ həvadisatdan (hadisələrdən-N.N.) bəhs edən qəzetədir.
Qəzetə və elanatın qiyməti. Müdiri- mühərriri - Cəlal Ünsizadə (Səid Ünsizadənin kiçik qardaşı-N.N)
Nömrə 32;
Sonra dörd sütunun birincisinin başlanğıcında nömrədəki materialların bəzilərinin mündəricatı sadalanır.
Mündəricat.

Təb və nəşrinə rüxsət aldığımız "KƏŞKÜL" nam tazə cəridənin elanı.(Tarixçılər "Kəşkül"ün ilk nömrəsini səhvən 1880-ci ildən hesablayırlar).
(Göründüyü kimi, bu səhv tarixi səhvdir-N.N.).Rus qəzetələrindən bir neçə fəqərə. "İran" qəzetəsi haqqında bir neçə söz. Etibar kəsəgəni.

***

Maraqlıdır ki, nömrənin ilk ən böyük materialı adı yazının üstündə göstərilməyib. Burada mətbuat tariximiz və onun təzə açılan yolu haqqında maraqlı məlumat verilir. Əslində bu, yanvarın sonunda nəşrə başlayacaq "Kəşkül" cəridəsinin proqramıdır. Onun baş məqalə yerində yerləşdirilməsi və etinasız təqdimi senzuranı çaşdırmaq üçündür. Bu nömrədə qəzetin baş mühərriri hələ Cəlal Ünsizadədir. Məqalə ilk baxışdan üslub və yazı manerasına görə Səid Ünsizadənin yazılarını xatırladır. Bu yazı Cəlal Ünsizadənin "Ziya"daki beş illik mühərrirlik fəaliyyətinin hesabatı kimi də düşünülə bilər. (Cəlal Ünsizadə 1883-cü il yanvar ayının ortalarında "Ziya" qəzetini tərk edərək, "Kəşkül" adlı jurnalın çıxarmaqla məşğul olur).
"Kəşkül"- Ünsizadə qardaşlarının birgə layihəsi idi. Ünsizadə qardaşları ana dilində mətbu sözə daha geniş meydan açmaq üçün iki adla nəşr etdikləri mətbu orqanlarla birgə iş görürdülər.Bunu nömrənin mühdəricatındakı başlığı da açıq-aşkar hiss etdirir: "Təb və nəşrinə icazə aldığımız (bizim aldığımız-N.N.)"Kəşkül" nam tazə cəridənin (jurnalın-N.N.) elanı".
"Kəşkül"ün manifesti kimi səslənən baş məqalənin oxusuna və çözələnməsinə qayıdırıq: "Məmləkətimiz Qafqasiyyədə sükunət edən müxtəlif millətlərdən ruslar və ğeyri millətlər məxsusi mətbəələr açmaqda ğəzetə və kitablar nəşr etməkdə gündən-günə təqdim və tərəqqi etməkləri bizim müsəlmanları dəxi o yoldan millət və vətənə xidmət eləmək şövqünə gətürdi.
Bir neçə il bundan əvvəl bizim müsəlmanların iş bilənləri vəqt və zəmanə tələb edən qədərdə millətin elm və maarif işlərinə əldən gələn cüzvi (azacıq) bir kömək vermək niyyətilə o arzuya düşdülər ki söyləyüb işlətdigimiz türki Azərbeycan dilində bir ğəzetə bina olunsun. Bu gözəl niyyəti əvvəl dəfə qüvvədən felə gətürüb, meydana çıxardan (Zərdablı Məlikzadə Həsən bəy) cənabları oldu. Mumileyh (haqqında danışılan-N.N) hicrətin 1292-ci tarixində Bakı ğimnaziya məktəbində müəllim olduğu vəqtlərdə məzkur şəhərdə "Əkinçi" ismilə iki həftəlik bir ğəzetə ehdas ( meydana çıxarma ) elədisə də, amma o qədər çəkmədi ki,(1294-də) mucəb təəssüfi -ümumi olunmaqla daha artıq çıxmadı."Əkinçi"nin münqəte (kəsilmiş,üzülmüş-N.N) olmağı başlanan niyyətin mümtəd olmağına mane olmayıb bir müddət sonra (1294-də ) Tiflisdə "Ziyayi-Qafqasiyyə" namilə həftəlik başqa bir ğəzetə möhtərəm qardaşımız (Ünsizadə Hacı Səid Əfəndi) tərəfindən təsis olundu".
Yazı müəllifi daha sonra təzə nəşrin vəzifələrindən danışır: "Nəşr elədigimiz cəridə Qafqasiyyə müsəlmanları söyləyib danışdığı dildə yazılub farsixan olan bu tərəf iranlılarından ötrü gah-gah farsi məqaləti havi olacaqdır(əhatə edəcəkdir).Ümum təhrirat və ədəbiyyatlarını ərəbcə istemal etməkdə olan Tağıstan müsəlmanları oqumaq üçün arada bir məqaləti-ərəbiyyədən dəxi xali qalmayacaqdır.
"Maraqlıdır ki,"Kəşküül" ilk nömrəsindən başlayaraq cəridənin işinə çoxlu qələm sahibini toplamağı planlaşdırmışdı:"Kəşkül"ün daireyi-qələmiyyəsi bu tərəflrdə,yəni Qafqasiyyə qitəsindən müxtəlif mövqelərdə -Rusiyanın içərilərində,məmalik əcnəbiyyədən islam padşahları məmalikində (məmləkətlərində-N.N.) -İran və Osmanlı və Misir səmtlərində məxsusi müxbirləri olacaqdır. Bundan qət nəzər aşağıda hami-kəramiləri məstur olan qələm sahibləri asarindən "Kəşkül" faidə almaqə ümidvardır".
"Kəşkül"ün inandığı və qələminə güvəndiyi müxbirlər bunlardır:



1.Şeyxülislam Axund Əhməd Hüseynzadə


2.İranın Tiflisdəki konsulu Məhəmmədəli xan

3.Mirzə Rza xan

4.Səid Ünsizadə

5.Zərdabi Məlikzadə Həsən bəy

6.Şair Seyyid Əzim Şirvani

7.Bsğçasaraydan İsmayıl bəy Ğasprini cənabları

8."Yuridiçeskoe obozreniye"- A.V.Stepanov

9. Maarif Məclisi rəisi olmuş Purseladze

10.Qoridən şamaxılı Çernyayevcki

11.Firəngistan və Rusiyada təhsil almış gənclərdən tiflisli Rəşid bəy Axundov və Gülməhəmməd bəy Kəngərlinski.

Yazıda cəridənin proqramının işıqlandırılmasına da geniş yer ayrılmışdır.
Yazının sonundakı imza belədir:""Kəşkül"ün mühərrir və naşiri Ünsizadə Cəlaləddin".
"Ziyayi-Qafqasiyyə" qəzetinin 32-ci nömrəsinin digər materialları da maraqlı və cəlbedicidir. Hər şeydən əvvəl tərcümə materiallarının sərlövhəsi və tərcümə dili maraqlı görünür:

Səh.3."Altı yüz cana bir can qurban olsun".

(Sərnişinləri yanğından xilas edən maşinistin qəhrəmanlığından danışılır).

Səh.3. "Etibar kəsəgəni"(Oxucunu xeyirxahlığa dəvət edir).


"Ziyayi-Qafqasiyyə"nin 3 yanvar 1883-cü il tarixli bu nömrəsində "Odesskiy listok","Peterburqskiy vestnik", "Peterburqskie vedemosti ","Russkiy invalid","İran",Russkiy kuryer" kimi mətbu orqanlardan seçılərək tərcümə edilən materiallar həm tərcümə sənətkarlığı baxımından, həm də gərəkli informasiyalara görə bəyəniləndir. Bu tərcümələr vasitəsilə dilimizə termin səciyyəli bir neçə söz daxil olmuşdur.Bunların bir neçəsinin izahı mötərizədə, bəziləri "yəni"sözünün köməyi ilə izah olunmuşdur. Bəzi sözlərin başa düşülməsi oxucunun öhdəsinə buraxılmışldır:
"Onun tikiş malları satılan məxsusi mağazasında drap və mahut əla cinsi ğayət gözəl və ğayət qış paltarları və kişi çəkmələri (polusapoşkalar)ucuz və münasib qiymətlə satılmaqdadır".
Bu nömrədəki "fabrikəçi","mühit pəraxodu", "at dəmir yolu","şakalat"(çukulat),"məxsusi acent"(ticarət vəkili), məxsusi otaqlar"( nomerlər) və s. tərcümə və kalka yolu ilə yaranan terminlərdir.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti.

Bakı,15.06.2014-cü il. s.00:55.
Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed