Şrift:
TÜRKPA Qazaxıstanda keçiriləcək parlament seçkilərini izləyəcək
15.12.2011 [11:37] - Türk dünyası-Turan
Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRKPA) Qazaxıstanda yanvarın 15-də keçiriləcək parlament seçkilərini izləyəcək. Bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, seçkilərdən sonra TÜRKPA nəticələrlə bağlı hesabat təqdim edəcək və ATƏT PA, MDB PA və digər beynəlxalq qurumlar öz hesabatlarında bu hesabata istinad edəcəklər.

Həsənov onu da bildirib ki, ATƏT və digər beynəlxalq təşkilatlarda TÜRKPA-nın fəaliyyətinə əngəl törətmək istəyən ölkələr və qurumlar var.

"TÜRKPA yalnız öz daxilində deyil, həmçinin digər ölkələrlə də fəaliyyətə üstünlük verən təşkilatdır və hansısa bir ölkəyə və yaxud quruma qarşı yaradılmayıbl" - o deyib.

TÜRKPA-nın baş katibi bildirib ki, dekabrın 21-də Ankarada qurumun Hüquq məsələləri üzrə komissiyasının iclası keçiriləcək.

Onun sözlərinə görə, komissiyanın iclasında TÜRKPA-nın 2012-ci ildə Bişkəkdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə hesabatın və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi qözlənilir.

TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.

Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed