Şrift:
2012-ci ildə ortaq türk əlifbası hazırlana bilər
15.12.2011 [11:41] - Türk dünyası-Turan
TÜRKPA-da ortaq türk dili və əlifbası ilə bağlı qanun layihəsi hazırlanmalıdır. Bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

"Ortaq türk dilinin və əlifbasının yaradılması türkdilli ölkələrin parlamentarilərinin mövqeyi nəzərə alınaraq, qanun layihəsi çərçivəsinə salınmalıdır", - Həsənov deyib.

Onun sözlərinə görə, gələn ilin iyun ayına qədər TÜRKPA komissiyaları təklifləri sənəd şəklinə sala bilsə, bu məsələ 2012-ci ildə Bişkəkdə keçiriləcək sessiyaya çıxarıla bilər.

TÜRKPA-nın baş katibi qeyd edib ki, söhbət hər hansı türkdilli ölkənin öz əlifbasından və ya dilindən imtina etməsindən getmir. "Hər ölkə öz əlifbası ilə yanaşı, vahid əlifbadan da istifadə edə bilər", - o deyib.

Əlifbanın hazırlanması mexanizmi ilə bağlı Həsənov qeyd edib ki, hər türkdilli ölkənin əlifbasının ortaq hərfləri götürülməklə türkdilli ölkələrin vahid əlifbası yaradıla bilər. "Hər ölkədə onun öz əlifbası ilə yanaşı, yeni əlifba da tədris oluna bilər ki, türkdilli ölkələrin ortaq nəşr etdiyi kitabların oxunmasında problem yaranmasın", - o bildirib.

TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.

Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 1501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed