Şrift:
YENİ KİTAB - URMİYA GÖLÜ FACİƏSİ
21.06.2014 [13:49] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Bu günlərdə «Elm və təhsil» nəşriyyatı «Urmiya gölünün faciəsi» adlı məqalələr toplusunu çap etmişdir. Nəfis tərtibatla nəşr olunmuş kitаbdа 21 dekabr 2013-cü ildə Bakıda GAMAC-ın təşkilatçılığı ilə Urmiya gölü faciəsinə həsr olunmuş elmi-praktik konfransın materialları, habelə bu problemlə bağlı Azərbaycan, Türkiyə, Avropa və Amerika mətbuatında dərc olunmuş müxtəlif səpkili tədqiqatlar toplanmışdır.
Kitaba AMEA-nın Coğrafiya İnstitutunun direktoru, profesor Ramiz Məmmədovun «Urmiya gölünün faciəsi», professor Mohammad Babadoostun (ABŞ) «Desiccation of the World's Second Largest Salty Lake in Northwest Iran (Azerbaijan): A Serious Ecological Crisis in the Region», Dr. Əkrəm Rəhimlinin (Bije) «Urmiya gölü, onun problemləri və həlli yolları», AMEA-nın müxbir üzvü, professor Əlyar Səfərlinin «Urmiyada alma heykəli», Böyük Rəsuloğlunun (Norveç) «Urmiya gölünün nicat yolu», Hüseyn İsalı və Adem Kırçiçeyin (Türkiyə) «Güney Azerbaycandan bölgeler ötesine uzanan ekolojik facia: Ölüme terk edilen Urmu gölü», Tuğba Evrim Madenin (Türkiyə) «İranın Urmiye gölü sorunu», Ənvər Uzunun (Türkiyə) «Urmiyede pir ocaklari ve kutsal taşlar», Dünya Azərbaycanlıları Forumun sədri, dr. Namik Muradın «Urmiya gölünün quruması bəşəri faciədir», publisist Ramin Məmmədovun
«Urmiya gölü faciəsi ümumbəşəri problemdir», Ənvər Börüsoyun «İrandan Türkiyəyə qarşı Urmu ssenarisi», Əlirza Amanbəylinin «Urmiya gölü faciəsi və Güney Azərbaycanda etnik münaqişə yaratma cəhdləri», Tahir Tağıyevin «Urmiya gölü ilə bağlı problem böyüyür», Şahin Musavinin «Urmiya gölü niyə quruyur?», Nərmin Məmmədlinin «Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı», Araz Şamilin «Urmiya gölündə yaşanan fəlakət», «Nyu York Times» qəzetinin müxbiri Thomas Erdbrinkin (ABŞ) «İranın büyük tuz gölü kururken ülke su krizi yaşıyor» və b. məqalələr daxil edilmişdir.
«Ana dili» fondunun sədri, Böyük Britaniyanın Edinburq Universitetinin professoru Q.S.Təbrizi kitaba yazdığı ön sözdə Urmiya gölünün taleyi ilə bağlı qənaətlərini belə ifadə edir: «İran dövlətinin Urmiya gölünü məhv etməsinin ciddi strateji hədəfləri vardır. Bu bütövlükdə Azərbaycanın, Türk Dünyasının əleyhinə yönəlmiş bir aksiyadır. Fars şovinistləri Azərbaycan xalqını tarixi torpaqlarından köçürmək üçün gölün qurumasından öz çirkin niyyətlərini həyata keçirmək naminə faydalanmaq istəyirlər. Onlar düşünürlər ki, gölü qurutmaqla Urmiya ətrafını viranəyə çevirsinlər. İndi vəziyyət o yerə çatıb ki, bu barədə danışmağa belə imkan vermirlər.
Biz xalqımızın başına gətirilən bu faciənin qarşısını almasaq Azərbaycan torpaqları səhraya çevriləcək. İnsanlar öz dədə-baba yurdlarını, doğma ocaqlarını atıb getməyə məcbur olacaqlar. Bunun üçün də bütün gücümüzü toparlamalı, səsimizi beynəlxalq təşkilatlara uca səslə duyurmalıyıq. Çünki Urmiya gölü yalnız Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biridir, başqa sözlə dünya gözəlliyinin bir parçasıdır».
Kitabın tərtibçisi, nəşrə hazırlayanı və elmi redaktoru Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlıdır.
Bu xəbər oxucular tərəfindən 1454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed