Şrift:
Ramiz Mehdiyev: Acınacaqlı haldır ki, bəzi bələdiyyələr...
24.06.2014 [10:20] - Xəbərlər, Sosial
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmiz qüdrətli dövlətə çevrilmiş, sürətli sosial-iqtisadi inkişaf yolu keçmiş, genişmiqyaslı infrastruktur layihələrinin icrası istiqamətində tarixi nailiyyətlər əldə etmiş, əhalinin rifahı yüksəlmişdir. Bununla yanaşı, dövlət idarəçiliyi, o cümlədən yerli özünüidarəetmə sahəsində ciddi islahatlar aparılmışdır.
AzərTAc agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də "Kempinski Badamdar" otelində bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında çıxışı zamanı Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr ölkəmizin inkişafında daha əhəmiyyətli rol oynamalı, cəmiyyətdə layiq olduqları yeri tutmalıdırlar: "Bələdiyyələr sosial əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı ilə təmin etməlidirlər. Məhz bu məqsədlərə nail olmaq üçün 15 il ərzində bələdiyyələr çətin də olsa müəyyən inkişaf yolu keçmiş, təcrübə toplamışlar".
PA rəhbəri bildirib ki, bələdiyyələrin əsas vəzifələrindən biri vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirmək və əhaliyə daha yaxın olmaqdan ibarətdir. Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər: "Ancaq açıq deməliyəm ki, biz buna hələ tam nail ola bilməmişik. Bələdiyyələr hələ də əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində öz rolunu və yerini tapa bilməmişlər. Bütünlükdə onların fəaliyyətinə nəzər salsaq, səciyyəvi olan, bizi ciddi narahat edən problemləri görərik. Bunlar nədən ibarətdir? Ən əsasını diqqətinizə çatdırmaq istəyirəm: birincisi - mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirilməməsi, ikincisi - iqtisadi və maliyyə resurslarının aşağı səviyyədə olması, üçüncüsü - peşəkar kadrların çatışmazlığı".
R.Mehdiyevin sözlərinə görə, təbiidir ki, hər bir insanın şəxsi marağı ilə yanaşı, dövlət və yerli icmanın maraqları da mövcuddur. Bu maraqlar yerli sosialyönümlü problemlərin həlli ilə bağlı olan məsələlərdə üst-üstə düşür. Belə halda bələdiyyələrin həyata keçirməli olduğu tədbirlərin və layihələrin əhəmiyyəti olduqca böyükdür: "Lakin təcrübə göstərir ki, bələdiyyələrin həyata keçirdikləri layihələrin böyük bir hissəsi əsasən kiçik həcmli, xırda problemlərin aradan qaldırılmasına hesablanmış layihələr olmuşdur.
Bunun da müxtəlif səbəbləri vardır. İlk növbədə, mühüm əhəmiyyətli sosial layihələrin həyata keçirilməsi üçün bələdiyyələr zəruri maliyyə resurslarına malik olmalıdırlar.
Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə, cari fəaliyyətinin təşkilinə belə çatmır. Bunun əsas səbəbi isə bələdiyyələrin təşkilatçılıq bacarığının aşağı olmasıdır".
R.Mehdiyev bildirib ki, bələdiyyə büdcələrinin əsas gəlir mənbəyi yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərdir: "Etiraf etməliyik ki, təşkil olunduqları ilk vaxtlardan bələdiyyələr əsasən torpaq satışı ilə məşğul olmuşlar və onlar bunun hesabına ciddi gəlir də əldə edə bilmişlər.
Həmin gəlirlər səmərəli istifadə olunmalı, gələcək üçün müəyyən davamlı gəlir mənbələri - müəssisələr və ya xidmət sahələri yaradılmalı idi. Lakin biz bunun əksinin şahidi olduq. Satılası torpaqlar tükəndi, satış hərrac qaydaları tətbiq olundu, müvafiq olaraq daxilolmalar da azaldı.
Acınacaqlı haldır ki, bəzi bələdiyyələr işçilərin əməkhaqqını aylarla verə bilmirlər, dövlət tərəfindən verilən dotasiyanı isə öz maliyyə borclarının bağlanmasına sərf edirlər".
PA rəhbərinin sözlərinə görə, bir çox bələdiyyə sədrləri hesab edirlər ki, çıxış yolu yalnız dövlət tərəfindən onlara əlavə səlahiyyətlərin verilməsində və dotasiyaların həcminin xeyli artırılmasındadır: "Bu mövqe həqiqətdən uzaqdır. Təhlillər göstərir ki, bələdiyyələrin kifayət qədər maliyyə potensialı olduğu halda, yerli vergi və ödənişlər tam toplanılmır. Bələdiyyə sədrləri daim şikayət edirlər ki, vergiləri yığa bilmirlər. Çox təəccüblüdür ki, bu günədək vergi ödəyiciləri, vergitutma obyektləri barədə bələdiyyələrdə dolğun məlumat bazası yaradılmamışdır və onların tam uçotu da aparılmır.
Belə olan halda necə vergi yığmaq olar?
Bu sahədə də ciddi dönüş yaradılmasına ehtiyac vardır.
Milli assosiasiyaların aidiyyəti dövlət orqanları ilə birgə vergitutma obyektlərinin vahid elektron məlumat bazasının yaradılması vaxtında atılmış düzgün addımdır".
Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar göstərmişdir ki, bələdiyyələr əmlak vergisinin hesablanmasında müəyyən çətinliklərlə üzləşirdilər: "Milli assosiasiyalar yerli vergi dərəcələrinin dəyişdirilməsi və hesablanma mexanizminin sadələşdirilməsi, dövlət büdcəsindən ayrılan dotasiyaların və subvensiyaların verilməsi ilə bağlı müvafiq təkliflərlə çıxış etmişlər. Həmin təkliflər dövlət tərəfindən dəstəklənmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında əsaslı dəyişikliklər nəzərdə tutan müvafiq qanun layihələrini Milli Məclisin müzakirəsinə təqdim etmiş və bu günlərdə həmin qanunlar qəbul olunmuşdur.
Bu qanunlar yerli büdcə gəlirlərinin formalaşdırılmasının perspektiv mənbəyi olan əmlak və torpaq vergiləri üzrə daxilolmaların həcminin dəfələrlə artması üçün güclü zəmin yaratmışdır. Dotasiya və subvensiyaların verilməsi qaydaları təkmilləşdirilmiş, maliyyə potensialı zəif olan, həmçinin yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilmiş layihələr planlaşdıran bələdiyyələrə daha əlverişli imkanlar yaratmışdır.
Bir məsələni də qeyd etmək istərdim. Sonuncu toplantıda iqtisadi və maliyyə potensialının artırılması məqsədilə kiçik bələdiyyələrin birləşməsi bir çıxış yolu kimi tövsiyə olunmuşdur. Ötən dövrdə 1858 bələdiyyənin birləşmə yolunu seçməsi düzgün addımdır. Bu, onlara ərazilərində daha çox yerli problemlərin həllinə əlavə imkanlar yaradacaqdır".
R.Mehdiyev bildirib ki, bələdiyyələrin qarşısında duran vəzifələrin icrası, onların fəaliyyətinin səmərəliliyinin artırılması, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosialyönümlü məsələlərin həllinə yönəldilməsi bələdiyyə kadrlarından birbaşa asılıdır: "İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında kifayət qədər təsəvvürə malik olmamış, onlar vəzifələrini həyata keçirə bilməmişlər.
Bələdiyyələrin həmin dövrdə olan durumu, bələdiyyə üzvlərinin zəif fəaliyyətləri ilə razılaşmayan seçicilər 2009-cu ildə müvafiq nüfuza və təcrübəyə malik olan şəxslərə etimad göstərmişlər. Nəticədə seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 1,9 dəfə, qadınların sayı 6,4 dəfə, gənclərin sayı isə 13,8 dəfə artmışdır. Keyfiyyət tərkibinin gücləndirilməsi bələdiyyələrin fəaliyyətinin məzmunca yeni mərhələsinin əsasını qoymuşdur.
Yerli özünüidarəetmə orqanlarında xidmət etmək idarəçilik bacarığı, bilik və yüksək ixtisas tələb edən peşəkar fəaliyyətdir. Zaman dəyişdikcə kadrlara olan tələblər də artır. Buna görə də bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin daha da gücləndirilməsi daim aktual olan məsələdir.
Görülmüş işlərə baxmayaraq, bəzi hallarda bələdiyyə qulluğuna kifayət qədər səriştəli kadrlar yenə də cəlb edilməmişdir. Bunun əvəzinə bu keyfiyyətə malik olmayan tanışlar, dostlar, hətta qohumlar da işə qəbul olunmuşdur. Belə halda hansısa nailiyyətlərdən danışmaq mümkün deyildir".
PA rəhbəri bildirib ki, buraxılmış nöqsanlara, məsuliyyətsizliyə və ciddi qanun pozuntularına görə 72 bələdiyyə üzvü, sədr, sədr müavini və bələdiyyə qulluqçuları müxtəlif cəza növlərinə məhkum edilmişlər: "Nə qədər istəməsək də bu, acı fakt olaraq qalır.
Bələdiyyə üzvlərinin və sədrlərinin peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılması üçün onlar mütəmadi surətdə hazırlıq kurslarına cəlb edilməli, onlara xas olan idarəçiliyin müasir üslub və metodlarına yiyələnməlidirlər. Bu məsələ aidiyyəti dövlət orqanlarının və milli assosiasiyaların daim diqqət mərkəzində olmalı, onlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.
Hesab edirəm ki, iqtisadi, maliyyə və kadr problemlərinin aradan qaldırılması bələdiyyələrin fəaliyyətinin gücləndirilməsini və bütünlükdə gələcək inkişafını təmin edəcək, yerli əhəmiyyətli məsələlərin həlli üçün möhkəm zəmin yaradacaqdır.
Biz ölkəmizdə keçiriləcək dördüncü bələdiyyə seçkiləri ərəfəsindəyik.
Bu seçkilərdə təbiidir ki, seçicilər əhali və cəmiyyət qarşısında məsuliyyəti üzərinə götürə bilən, bələdiyyələrin fəaliyyətini ölkəmizin dinamik inkişafına və zamanın tələblərinə uyğun qurmaq bacarığı olan şəxslərə səs verəcəklər.
Seçkilərdə namizədlərini irəli sürəcək siyasi partiyalar, ayrı-ayrı şəxslər bələdiyyə işinin məsuliyyətini dərindən dərk etməli, bu yükü daşımaq iqtidarında olan insanlara etimad göstərməlidirlər. Bunu onlardan ölkə həyatının bütün sahələrində baş verən inkişaf tələb edir".
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed