Şrift:
AŞ PA-da təxribat törədənlərlə bağlı "ictimai qınaq"-TƏKLİFİ
27.06.2014 [17:45] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev Hafta.az-a açıqlamasında AŞ PA-da prezident İlham Əliyevin çıxışları və qaldırılan məsələlər haqda danışıb.



F.Quliyev bildirib ki, son vaxtlar Azərbaycan tərəfdən bəzi təşkilatlar və şəxslər beynəlxalq tədbirlərdə ölkəni nüfuzdan salmaq üçün hərəkətlər edirlər:



”İnsan siyasətçidən öncə bir vətəndaş olmalıdır. Hakimiyyət uğrunda mübarizə aparmaq normaldır. İqtidarı tənqid etmək də olar. Ölkə daxilində olan problemləri də göstərmək lazımdır. Amma elə məqam var ki, orada ümummilli məsələlərdə vahid mövqedən çıxış etməliyik. Bunu bacarmaq lazımdır. Bakıda NATO-nun tədbiri keçirilir. Azərbaycan QHT-ləri nümayəndələri ölkəni nüfuzdan salan hərəkətlər edir. Avropada tədbir keçirilir, prezident çıxış edir, yenə eyni hərəkəti edirlər. Düşmən tərəfi də elə özümüzün dilimizdən tutub çıxış edir, onlara "tutarqa" veririk. Buranı bir ev kimi qəbul etməliyik. Yəni problem olduğunda evin içində həll edilməlidir. Kənara çıxarılanda isə Azərbaycan adına ləkə olur. Prezident ölkəni idarə və təmsil edir. Orada ölkə adından danışır və digərləri də bu ada müsbət imic gətirəcək hərəkət etməlidir”.



Deputat ölkədə mediaya heç bir təzyiq olmadığını deyib: “Mən müxalifətdə olmağıma baxmayraq deyə bilərəm ki, heç bir qəzet ona qarşı basqı olduğunu deyə bilməz. Əksinə, mənəm-mənəm deyib döşünə döyən müxalifət qəzetlərinin hamısı il ərzində 50-60 min manat civarında yardım alırlar. Müsabiqələr keçirilir, onlara vəsait verilir, ev verilir. Ev verilən jurnalistlər müxalifət qəzetlərinin qoltuğundan, Milli Şuradan çıxdı”.



Fərəc Quliyev ölkədə dini tolerantlığın yüksək olduğunu qeyd edib: “Azərbaycan doğrudan da tolerant ölkədir. Dini azadlıq var, kilsələrlə məscidlər eyni hüquqla fəaliyyət göstərir. Bunu dünya deyir. Özümüzkülər isə Azərbaycanı hörmətdən salmaq üçün əllərindən gələni edirlər. Elə məqamlar var ki, orada ölkənin imicini müsbət tanıtmaq lazımdır. Azərbaycanın haqlı mövqeyini göstərmək gərəkir”.



Deputat ölkə mənafeyinə zidd hərəkət edənlərə qarşı ictimai qınağın təşkil edilməsini istəyir: “Yalan üzərində ölkənin imicini aşağı salmağa çalışanlara qarşı ictimai qınaq olmalıdır. Adamlar başa düşməlidir ki, ölkə mənafeyini satmaq olmaz”.



F.Quliyev prezidentin çıxışlarını yüksək qiymətləndirdiyini deyib: “Azərbaycanda çatışmazlıqlar gizlədilmir. Deyilir və həll edilir. Amma kiminsə əlinə "tutarqa" vermək olmaz. Bu tam absurd bir məsələdir”.


Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iclas zamanı etiraz olaraq ağzını bağlayıb, oturan şəxslər haqda danışıb.

M.Qurbanlı deyib ki, həmin şəxslər Azərbaycanın maraqlarını həmişə ayaqlar altına atmağa hazır olan adamlardır: “Prezident İlham Əliyevin AŞ PA-da çıxışı zamanı təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların milli hissi, milli marağı yoxdur. Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Dərinə gedəndə görürük ki, bu adamların ipinin bir ucu da erməni lobbisinin əlindədir. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm”.



YAP funksioneri qeyd edib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, eləcə də ölkəmizin dünyadakı mövqeyini göstərib: "Belə olan halda milli hissi olan adam dövlətinin başçısına, yaxud öz dövlətinə qarşı belə hərəkət edərmi? Ölkə daxilində müxtəlif siyasi fikirlilik ola bilər. Lakin bunu özümüz öz daxilimizdə həll etməliyik. Gedib düşmən Ermənistanın nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatda öz ölkənin əleyhinə bu cür hərəkətlər etmək, “mən erməninin yanındayam”, “mən erməniyə xidmət edirəm” deməkdir. Onlar bununla da antimilli ünsür olduqlarını nümayiş etdirdilər. Bu cür fitnəkarlığı, təxribatları radikal müxalifət və onların ətrafındakılardan görmüşük. Azərbaycan xalqı isə bu cür hərəkətləri qətiyyətlə pisləyir, belə adamları rədd edir və həmişə rədd edəcək".



Murad Əhməd, Hafta.az
Bu xəbər oxucular tərəfindən 1087 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed