Şrift:
Avropa çempionatında tarixi nailiyyət
30.06.2014 [10:17] - Xəbərlər, İdman
Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatında Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz nüfuzlu yarışlarda ilk dəfə kayak növündə medal qazanıb. Çempionatın son günündə Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşündə finişə 1 dəqiqə 40,812 saniyəyə çataraq, bürünc medala yiyələnib. Danimarkalı Orion Pilo 1 dəqiqə 40,092 saniyə nəticə ilə Avropa çempionu, rumıniyalı Kostantin Mironesku isə 1 dəqiqə 40,220 saniyə göstərici ilə vitse-çempion olub. Beləliklə, Cavadovun uzun müddət davam edən səyləri və əziyyətləri bəhrəsini verib.
Bununla da Azərbaycan yığması Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha öncə 23 yaşadək kanoeçilərimizdən 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti fəxri kürsüyə yüksəlməyi bacarıb.
Çempionatın son günündə kayak və kanoeçilərimiz daha 4 əsas final yürüşündə çıxış ediblər. Mikita Sablin yeniyetmələr arasında 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 42,968 saniyə nəticə ilə 7-ci, 500 metr məsafəyə yürüşdə isə 1 dəqiqə 57,500 saniyə göstərici ilə 8-ci olub.
23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəni 1 dəqiqə 55,156 saniyəyə qət edərək, 5-ci yeri tutub.
23 yaşadək kanoeçilərin 2 nəfərlik qayıqla (C-2) 500 metr məsafəyə yürüşündə Taras Matviyçuk - Aleksey Kupin dueti də 1 dəqiqə 42,908 saniyə göstərici ilə 5-ci olub. Onlar bürünc medal qazanmış rumıniyalı Kristian George - Kosmin Simyon duetindən cəmi 0,532 saniyə geri qalıblar.
Digər yürüşlərə gəldikdə, Mirnazim Cavadov 23 yaşadək kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə B finalında (10 - 18-ci yerlər) 36,572 saniyə nəticə ilə 11-ci, Aleksey Solovey - Amil Hüseynli dueti yeniyetmələr arasında 2 nəfərlik qayıqla (K-2) 500 metr məsafəyə yürüşdə 1 dəqiqə 39.236 saniyə nəticə ilə, Amil Hüseynli 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yürüşdə 39,076 saniyə göstərici ilə 14-cü yeri tutub.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed