Şrift:
Azərbaycanlı deputat: “Biz də Ermənistana gedirik”
01.07.2014 [13:20] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev Hafta.az-a açıqlamasında Bakıda ATƏT PA-nın 23-cü sessiyasında ermənilərin iştirakına münasibət bildirib.

F.Quliyev deyib ki, bu tədbirlər Azərbaycanın deyil: “Azərbaycan sadəcə ev sahibliyi edir. Biz müstəqil bir tədbir keçirib erməniləri dəvət etsək, bu haqlı olaraq ictimai qınağa səbəb ola bilər. Bundan öncə biz NATO-nun tədbirinə ev sahibliyi etdik. İrəvanda da AVRONEST-in tədbirində biz iştirak etdik. Digər beynəlxalq tədbirlərdə biz də Ermənistana gedirik. Belə tədbirlərdə ev sahibi tədbirin sahibi olmur. Biz beynəlxalq strukturlarda təmsil olunuruq. Ev sahibi olsaq da, onların gəlib-gəlməməsini müəyyənləşdirmirik”.

Komitə üzvü deyib ki, bu tədbirlərlə Azərbaycan dünyanın idarəetməsində rol aldığını isbat edir: “Bu cür tədbirlərin keçirilməsi ölkənin imicinə müsbət təsir edir. Azərbaycan artıq söz sahibi olduğunu, dünya idarəetməsində iştirak etdiyini bildirir. Həm də Azərbaycan bütün dünyaya özünün olduğu kimi göstərmək imkanı əldə edir”.

Deputat belə tədbirlərin Qarabağ münaqişəsinə təsir etmədiyi qənaətindədir: “Mən inanmıram ki, belə tədbirlər ümumiyyətlə, Qarabağ münaqişəsinə təsir etsin. ATƏT-in və digər beynəlxalq təşkilatların bu məsələdə missiyasına inanmıram. Amma beynəlxalq mühitdə informasiya sahəsində vəziyyəti dəyişməyə təsir edir”.

Murad Əhməd, Hafta.az
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed