Şrift:
Fərəc Quliyev: "Sazişin imzalanması ilə dünya üçün respublikamızın iqtisadi və tranzit-kommunikasiya əhəmiyyəti xeyli dərəcədə artdı"
02.07.2014 [13:14] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Bu saziş Azərbaycanın Avropaya inteqrasiyasında öz töhfəsini verdi"

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev bildirir ki, "Əsrin müqaviləsi" çox ciddi strateji sənəddir: "Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində, strateji cəhətdən olduqca əhəmiyyətli bir regionda yerləşir. Zəngin təbii ehtiyatlara malik olan Azərbaycan, həm də tranzit ölkə kimi regional və beynəlxalq miqyasda mühüm önəm kəsb edir. Bu səbəbdən ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün bu coğrafi üstünlüklərdən maksimum şəkildə istifadəyə nail olmaq lazımdır. Ölkəmizin təbii resurs potensialı və tranzit potensialının bir-birini tamamlamasının ən yaxşı nümunəsi olan layihələrdən başlıcası və ölkə iqtisadiyyatının inkişafının əsasını qoyan, 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"dir ki, onun imzalanması ilə respublikanın iqtisadi və tranzit-kommunikasiya əhəmiyyəti xeyli dərəcədə artıb. "Əsrin müqaviləsi" çox ciddi strateji sənəddir. Bu sənəd təkcə iqtisadi sənəd sayılmaz. Çox ciddi siyasi yenilik yaradan sənəddir. Nəinki bölgədə, ümumiyyətlə, dünyada siyasi proseslərə təsir etmək gücündə olan sənəddir. Azərbaycan bir çox dövlətlərin enerji təminatı üçün ciddi tərəfdaşa çevrildi. Və Avropanın enerji təhlükəsizliyində mühüm bir partnyor oldu. Bununla da Azərbaycan Avropaya iqtisadi inteqrasiya etdi. Düzdür, Azərbaycan Şərq Tərəfdaşlığı ilə əməkdaşlıq edirdi. Ciddi əməli şəkildə bu əməkdaşlığı yaratmaq bu sənədlə mümkün oldu. Azərbaycan yalnız gözləyən, humanitar yardım alan dövlət yox, həm də ciddi şəkildə idarəedici sistemə daxil olan dövlət oldu. Azərbaycan artıq dünyanın idarə olunması, bölgədə barışın oturuşması və əməkdaşlığın oturuşması məsələlərində söz sahiblərindən birinə çevrildi. Və bütün bunlar həmin müqavilə ilə mümkün oldu. Ona görə də "Əsrin müqaviləsi"nin Azərbaycan üçün ciddi əhəmiyyəti var idi. Və hesab edirəm ki, bu sənəd keçən dövrdə Azərbaycanın dünya ölkələrinə özünü ciddi tərəfdaş kimi təsdiqləməsi, bu müqavilənin bir çox şərtlərinin yerinə yetirilməsindən sonra, yeni şərtlərin ortalığa qoyulmasına əsas oldu. Yeni müstəvidə xarici ölkələrlə əməkdaşlıq yarandı. Bu müqavilə ölkədə sabitliyin bərpa olunmasına, bölgədə gələcəkdə barışığın olmasına da şərait yaratdı. Hesab edirəm ki, "Əsrin müqaviləsi"ndə Azərbaycanla tərəfdaş olan ölkələr Azərbaycanın qədrini bilməli, dəyərləndirməlidir".
F.Quliyev bildirir ki, sözügedən sənəd sadə şərtlər altında imzalanmadı: ""Əsrin müqaviləsi"nin imzalanmamasını istəməyən qüvvələr var idi. Avropanın enerji asılılığında saxlanmasını istəyən böyük dövlətlər buna təpki göstərirdilər. Bütün bunlara baxmayaraq, ölkəmiz bu vəziyyətdən çıxdı. Və Azərbaycanın Avropaya inteqrasiyasında öz töhfəsini verdi".
Millət vəkilinin sözlərinə görə, sənəd ölkənin iqtisadiyyatına da müsbət təsir göstərdi: "Sözügedən sənəd Azərbaycanın dövlət olaraq qüdrətlənməsinə, güclənməsinə müsbət təsir göstərdi. İqtisadiyyat sahəsi inkişaf etdikcə Azərbaycanın qeyri-neft sektoruna, o cümlədən ərazisinin 20 faizi işğal olan ölkənin hərbi sənayesinə yatırımlar qoyuldu".

Ramid İBRAHİMOV
Bu xəbər oxucular tərəfindən 1198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed