Şrift:
Amerikalı analitik: “Dağlıq Qarabağı işğal edən Ermənistan nə qədər ki, böyük dövlətlərin birindən tam dəstək alır, Qərb bu məsələnin həllində heç bir rol oynamayacaq”
16.12.2011 [12:09] - Xəbərlər
“Rusiya Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasının modernləşdirilməsi prosesini başa çatdırsa, onda stansiyadan birgə istifadə təklifinin ABŞ üçün mənası olacaq.

Əlbəttə ki, Rusiya yenidən bu təkliflə çıxış etsə”. ABŞ Ordusu Hərbi Kollecinin Yaxın Şərq problemləri bölməsinin keçmiş direktoru, Çapman Universitetinin (Chapman University) Qlobal Tədqiqatlar bölməsinin direktoru vəzifəsini tutan Ceyms Koyl (James J. Coyle) APA-nın müxbiri ilə söhbətində belə deyib.

Analitik xatırladıb ki, Rusiyanın baş naziri Vladimir Putin 2007-ci ildə prezident olarkən ABŞ-a Çexiyada yeni raketdən müdafiə sistemi qurmaq əvəzinə Qəbələ radiolokasiya stansiyasından birgə istifadə etməyi təklif etmişdi. Stansiyanın modernləşməyə ehtiyacı olduğu üçün ABŞ bu təklifi rədd edib.

Koylun fikrincə, prezident Medvedyevin “Qəbələ radiolokasiya stansiyası Avropanın raketdən müdafiə proqramında iştirak etməyəcək” bəyanatı göstərir ki, bu təklif uzun müddət gündəlikdə qalmayacaq.

Rusiya və Qərbin Cənubi Qafqaza fərqli yanaşmaları haqqında danışan analitik bildirib ki, Rusiya Qafqaz ölkələrinin geosiyasi əhəmiyyətinə daha çox diqqət yetirir, ABŞ üçün isə onların iqtisadiyyatları daha maraqlıdır.

“Rusiya dostluq müqavilələrində, Qərb isə kəmərlərdə maraqlıdır. Rusiya kəmərlərə yalnız geosiyasi maraqlar çərçivəsindən diqqət yetirir. Qərbi ən çox maraqlandıran məsələ Avropanın enerji təchizatıdır”.

Analitik onu da qeyd edib ki, Azərbaycan ərazisinin bir hissəsinin qonşu dövlət tərəfindən işğalı regional sabitliyə böyük təhlükədir: “Sabitliyin yeganə təminatı region ölkələrinin sülh şəraitində yaşaması və bir-birinin sərhədlərinə hörmət etməsidir”.

Dağlıq Qarabağ məsələsində Qərbin mümkün roluna gəldikdə isə, Koyl bildirib ki, Dağlıq Qarabağı işğal edən Ermənistan böyük dövlətlərdən birindən tam iqtisadi, siyasi və hərbi dəstək aldıqca, Qərb bu məsələnin həllində heç bir rol oynamayacaq.
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed