Şrift:
Fərəc Quliyev: "Diplomatik təşkilatlarımız hücum strategiyasını davam etdirməlidir" Münasibət
09.07.2014 [10:25] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Diplomatik korpusun təlimat alması Azərbaycanın xarici siyasətinin müəyyənləşməsinə xidmət edən amildir. Lakin Azərbaycan tərəfinin hücum diplomatiyasından istifadə etməsi də dəyişməz strategiya olmalıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev Prezident İlham Əliyevin Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan müharibədə ədalətli tərəfdir: “BMT-nin mövcud 4 qətnaməsi də ölkəmizin haqlı olduğunu bir daha sübut edir. Danılmaz faktdır ki, BMT neytral gücdür və bu qurum da açıq şəkildə öz münasibətini bildirib ki, Azərbaycan ərazisi işğal olunub və ermənilər qeyri-şərtsiz həmin ərazilərdən çıxmalıdır. Biz də BMT-nin həmin qətnamələrinin qəbul edilməsi üçün ya hərbi, ya da dinc yolla mübarizə aparmalıyıq. Ona görə də diplomatik təşkilatlarımız hücum strategiyasını davam etdirməlidir”.

F. Quliyev həmçinin bildirib ki, Prezidentin nitqində Azərbaycan ərazilərində 1918-cı ildə Ermənistan adlı dövlətin yaradılması və İrəvanın Azərbaycan tərəfindən ermənilərə paytaxt olaraq güzəştə gedilməsinə dair tarixi həqiqətləri sadə, anlaşıqlı dildə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini söyləməsi də əhəmiyyətli idi: “Bu, onu göstərir ki, dünya ictimaiyyəti bilməlidir ki, ermənilər bir ərazini işğal etdikdən sonra böyük Ermənistan yaratmaq məqsədilə daim işğallarını genişləndirmişlər. Bu həqiqətlərin çatdırılması ermənilərin yığcam yaşadığı ölkələrin ictimaiyyətinə də bir mesajdır. Bu, o deməkdir ki, ermənilər harada yığcam yaşayırlarsa, həmin ölkələrin ərazi bütövlüyü təhdid altındadır. Odur ki, prezidentin İrəvanla bağlı səsləndirdiyi fikirlər çox önəmli idi”.

Millət vəkili onu da əlavə edib ki, dövlət başçısının Azərbaycanın Dağlıq Qarabağ regionuna ermənilərin yerləşdirilməsi, Ermənistanın əsassız ərazi iddiaları ilə bağlı Azərbaycana qarşı başladığı hərbi təcavüzün nəticələri, Ermənistanı terrorçuların idarə etməsi və digər məsələlərlə bağlı həqiqətləri dünyaya çatdırmağı bir vəzifə kimi qarşıya qoyması əhəmiyyətlidir.

Fərəc Quliyev eyni zamanda Azad Demokratlar Partiyasının təsis qurultayında Sülhədddin Əkbərin partiyanın sədri seçilməsinə münasibət bildirib: "Ümumiyyətlə, Sülhəddin Əkbərin düşüncələri ilə tanış deyiləm. Onun hansısa partiya yaratmaq məsələsinə gəlincə, hər kəsin partiya yaratmaq hüququ var. Lakin həmin partiyanın nə işlə məşğul olacağını isə zaman göstərəcək. Hər halda Azərbaycanın mənafeyinə xidmət edən istənilən təşəbbüsü alqışlayıram".

Samirə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 1431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed