Şrift:
İstanbulda 79-cu Türk Dili Bayramı keçirilir
27.09.2011 [16:47] - Türk dünyası-Turan
İstanbul. Mayis Əlizadə - APA. İstanbulun tarixi “Dolmabahçe” sarayında 79-cu Türk Dili Bayramı toplantıları başlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantının açılışında çıxış edən Türk Dil Qurumunun rəhbəri, professor Şükrü Haluk Akalın builki bayramın səyyah Övliya Çələbinin anadan olmasının 400 illiyi münasibətilə onun “Səyahətnamə” əsərinə həsr edildiyini bildirib.
Övliya Çələbinin 400 illiyinin UNESCO tərəfindən də qeyd edildiyinə diqqəti cəlb edən professor Akalın, Avropa Şurasının türk tarix və dilçilik elminin tarixində önəmli yeri olan Övliya Çələbi barədə xüsusi qərarının olduğunu deyib. Türk dili bayramı Bursa və Kütahyadakı toplantılarla davam etdiriləcək.
Toplantının açılışından sonra APA-ya açıqlama verən Türk Dil Qurumu başqanı Şükrü Haluk Akalın deyib ki, builki bayramın Övliya Çələbinin 400 illiyinə həsr ediləcəyinə dair əvvəlcədən elan verilib: “Avropa ölkələrindən toplantımızda alimlər iştirak edir. Azərbaycandan toplantıda iştirakla bağlı tələb gəlmədi. Övliya Çələbinin “Səyahətnamə”sinin uc nöqtəsindəki yerlər Bakı, Təbriz və Qafqazdır. Biz toplantını Övliya Çələbinin getdiyi coğrafiyalardan gələn elm adamları ilə keçirmək düşüncəsində idik. Bu mövzudakı başqa toplantılarımıza Azərbaycandan da gəlmək istəyənlər olsa, onları məmnuniyyətlə dəvət edərik. Türk Dil Qurumunun Azərbaycandakı Slavyan Universiteti, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, Yazarlar Birliyi ilə yaxın əlaqələri var. Azərbaycan və Türkmənistanla ortaq əlifba məsələsini həll etmişik. Başda Qazaxıstan olmaqla, Orta Asiyanın digər ölkələrinin qərarlarını gözləyirik”.
Topkapı Sarayının direktoru, professor İlbər Ortaylı isə Övliya Çələbinin “Səyahətnamə”sində kumık dilindən bir çox örnəkləri xatırladaraq deyib: “Atatürk dönəmində kumık dili Türk Dil Qurumunun təməl kimi aldığı əsas dil idi. O dildəki sözlərə baxaraq Osmanlıdakı kəlmələri türkcəyə tərcümə edirdilər. Kumık dilindən götürülən kəlmələr bugünkü türk dilində işlənməyə davam edir, dilçilərin yaratdığı kəlmələr isə uydurma olduğuna görə dildə özünə yer tuta bilmədi”.
Bu xəbər oxucular tərəfindən 1411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed