Şrift:
Qəbul imtahanında 700 bal toplayan abituriyentlərin kimliyi və hansı təhsil müəssisəsini bitirdikləri açıqlanıb
16.07.2014 [11:44] - Gündəm, Gənclik
Bu il I və IV ixtisas qrupları üzrə qəbul imtahanında maksimum nəticə göstərərək 700 bal toplayan abituriyentlərin kimliyi və hansı təhsil müəssisəsini bitirməsi açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb. Həmin məzunların ikisi rayon və kənd orta məktəbinin, qalanları isə təmayüllü məktəblərin və liseylərin məzunlarıdır.

I ixtisas qrupu üzrə 5 nəfərdən biri - Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki “Zəngi” liseyinin builki məzunudur. İbrahimov Eltun Nazim oğlu Azərbaycan bölməsinə sənəd verib və Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib. Hacılı Məmməd İsmayıl oğlu Azərbaycan bölməsinə sənəd verib. O, Bakı özəl türk liseyinin “Dədə Qorqud” filialını bu il başa vurub. Nəbizadə Fatimeyizəhra Nemət qızı Azərbaycan bölməsinə sənəd verib, Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Diyanət Vəqfi) builki məzunudur. Quluzadə Nurlan Fəzayıl oğlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki “Zəkalar” liseyinin cari il məzunudur.

IV ixtisas qrupu üzrə isə sənəd vermiş Məmmədzadə İlkin Rəfael oğlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin builki məzunudur. Bu qrupa sənəd verən Qasımov Nicat Nazim oğlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin builki məzunudur.
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed