Şrift:
Müdafiə Nazirliyi Ermənistanın Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarının diversant olduğu barədə iddialarına münasibət açıqlayıb
16.07.2014 [12:23] - Gündəm, Hərb
“Seyran Ohanyana istinadən səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur”
Müdafiə Nazirliyi Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının Ermənistan rəsmi qurumları tərəfindən “diversant” adlandırılması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ermənistan KİV-i ölkəsinin müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən guya Azərbaycan Ordusunun kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirdiyini iddia edir.

“Müdafiə Nazirliyi bildirir ki, səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Azərbaycan Respublikasına təcavüz aktı etmiş, vətəndaşlarına qarşı divan tutulması siyasətini yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcək.

Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir”, - deyə MN-in məlumatında deyilir.

Qeyd edək ki, ermənilər Kəlbəcər rayonu ərazisində üç azərbaycanlıdan ibarət “diversiya qrupu”nun zərərsizləşdirildiyi barədə məlumat yayıblar. Məlumatda bildirilir ki, əməliyyat zamanı müqavimət göstərən bir nəfər öldürülüb, digər iki nəfər – Dilqəm Əsgərov və Şahbaz Quliyev isə sağ ələ keçirilib. Onlardan silah-sursat da götürüldüyünü iddia edən ermənilər cinayət işinin başlandığını da bildiriblər. Ermənilər tutulan şəxslərin videogörüntülərini də yayıblar.
Bu xəbər oxucular tərəfindən 1297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed