Şrift:
Fərəc Quliyev: "NATO standartlarına uyğun mobil və çevik ordu qurmaq lazımdır”
18.07.2014 [01:27] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin sayı azaldılmalıdır. Bunu açıqlmasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyib. O bildirib ki, Azərbaycanda müdafiə sahəsində ciddi islahatların davam etdirilməsinə baxmayaraq, bu proses şəxsi heyətin sayında özünü ehtiva etmir. Onun fikrincə, bununla bağlı qanuna yenidən baxılmalıdır:
"Orduda şəxsi heyətin saxlanılması üçün külli miqdarda vəsait xərclənir. Fikrimcə, daha ciddi mobil ordunun qurulmasına ehtiyac var. Bu, həm də xərclərin daha az olmasına gətirib çıxarar. Təbii ki, bu cür təklifdən sonra bəzi şəxslər məni qınayacaqlar və əsasən ölkəmizin müharibə şəraitində olmasını misal çəkəcəklər. Lakin bəllidir ki, istənilən müharibədə yalnız mobil ordunun qalib gəlmə şansı yüksəkdir. Dünyanın əksər ölkələri xüsusən də qərb dövlətləri, məcburi çağırışla olan ordudan, mobil silahlı birləşməyə keçir. İlkin dövrdə buna külli miqdarda vəsait tələb edilməsinə baxmayaraq, Azərbaycanda da yaxşı təhciz edilmiş mobil orduya keçidin vaxtıdır”.
Deputat vurğulayıb ki, orduda şəxsi heyətin sayının çoxluğundansa, daha effektli hərbi birləşmələrin formalaşdırılmasına ehtiyac var.
Bununla bağlı açıqlama verən millət vəkili Fərəc Quliyev mobil ordu formalaşdırmağın zəruri olduğunu vurğulayıb: "Azərbaycanda ordu NATO standartlarına uyğun şəkildə təşkil edilir. Bizim həm hərbi-sənaye kompleksimiz, həm də ordu təminatımız NATO sisteminə uyğunlaşdırılır. Çevik və mobil ordu sistemi normal sistemdir.
Ordunun azaldılmasının bu məsələyə aidiyyatı yoxdur. Dinc dövrdə, müharibə aktiv fazada olmayanda bunu mobil şəkildə, az sayda saxlamaq olar. Amma müharibə şəraitində onsuz da səfərbərlik olur və ehtiyatda olan şəxslər də orduya cəlb olunur. Zahid bəylə tamamilə razıyam və hesab edirəm ki, NATO standartlarına uyğun mobil və çevik ordu qurmaq lazımdır”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Əliağa Hüseynov həmkarı Zahid Orucun "Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətin sayı azaldılmalıdır”-fikrinə münasibət bildirib.
General deyib ki, Z.Orucun təklifi reallığa söykənmir: "Müharibə aparan hansı ölkədə silahlı qüvvələrin şəxsi heyətinin sayını azaldırlar? Mən bildiyim qədərilə həmişə səfərbərlik elan edilir. Ordumuz bu gün də mobildir.
İnşallah, qalib gəlib, torpaqlarımızı azad edərik. Çox güclü ordumuz var və sayı azaltmağa da ehtiyac görmürəm. Ümumiyyətlə, şəxsi heyətin sayının azaldılıb-azaldılmaması Ali baş komandanın, müdafiə nazirinin, digər qoşun birləşmələrin rəhbərlərinin məsləhətləşib qərar verəcəyi məsələdir. İndi bu barədə fikirləşmək sadəlövhlük olardı”.
Bu xəbər oxucular tərəfindən 1690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed