Şrift:
Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd edilir
18.07.2014 [10:33] - Gündəm, Bildiriş
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar memarı, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş mərasim keçiriləcək.

Mədəniyyət və Turizm Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə memarın müxtəlif illərində ərsəyə gətirdiyi memarlıq əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək, onun haqqında çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Memarlar İttifaqının sədri Elbay Qasımzadənin, Yazıçılar İttifaqının sədri Anar Rzayevin, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun, AMEA-nın həqiqi üzvü, akademik Şamil Fətullayev-Fiqarovun və başqalarının çıxşışları nəzərədə tutulub.

Qeyd edilir ki, Azərbaycan memarlığının inkişafına əvəzsiz töhfələr vermiş Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olmuşdur. O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. O, 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib. R.Əliyev haqqında 2006-cı ildə "Memar" filmi çəkilib. 2009-cu il 24 sentyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev "Şərəf", 2014-cü il 16 iyul tarixində isə "İstiqlal" ordeni ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed