Şrift:
Ukraynada sərnişin təyyarəsinin vurulması nəticəsində ölənlərdən 121-nin meyiti tapılıb
18.07.2014 [12:50] - Gündəm, Hadisə
Avstraliyanın baş naziri hadisəyə görə Rusiyanı ittiham edib

İyulun 18-də Ukrayna səmasında vurulan, Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və içərisində 298 sərnişinin olduğu Malayziyaya məxsus “Boeing-777” təyyarəsinin düşdüyü ərazidə 121 nəfərin meyiti tapılıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Xidmətdən bildiriblər ki, axtarış xilasetmə işləri Donetsk vilayətinin Rassıpnoye və Qrabovo yaşayış məntəqələri arasında aparılır. Bu məqsədlə 95 nəfər və 18 ədəd texnika cəlb edilib, lakin silahlı separatçılar aparılan işlərə mane olur.

“Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib.


Ukrayna tərəfi sərnişin təyyarəsinin ölkənin şərqində fəaliyyət göstərən silahlı terrorçular tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu bildirir. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hadisədən sonra terrorçular arasındakı telefon danışıqlarının audioyazısını açıqlayıb. Audioyazıda “Bes” ləqəbli terrorçu İqor Bezler təyyarənin vurulması haqda öz kuratoru, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Vasili Nikolayeviç Geraninə məlumat verir: “Elə indicə təyyarə vurduq. “Miner”in qrupu vurub. Yenakiyevo tərəfə düşüb”.

Təyyarənin qalıqlarına baxışdan sonra terrorçular sərnişin təyyarəsi vurduqlarını başa düşüblər. Bunu “Mayor” və “Qrek” təxəllüslü terrorçuların telefon danışığından bilmək olur. “Qrek”in təyyarədə silah olub-olmadığı haqda sualına “Mayor” belə cavab verir: “Heç nə yoxdur. Mülki əşyalar, tibbi ləvazimatlar, dəsmallar, tualet kağızları...”

Bir qədər sonra terrorçulardan biri Don kazaklarının atamanı Nikolay Kozitsinlə danışır. Kozitsin deyir: “Sneijnoye-Torez rayonunda vurulan təyyarə barədə... Bu, sərnişin təyyarəsi imiş. Qrabovo tərəfə düşüb, orada çoxlu meyitlər, qadın və uşaq meyitləri var. Kazaklar indi oraya baxış keçirir”.

Terrorçunun “Malayziya təyyarəsi Ukraynada nə edirdi” sualına Kozitsin belə cavab verir: “Deməli, casusları daşıyırmış”.

Sərnişin təyyarəsinin vurulması bütün dünyada çox geniş əks-səda doğurub. Ağ Ev fəlakətin səbəblərinin araşdırılmasına yardım etməyə hazır olduğunu açıqlayıb. “ABŞ aparılacaq beynəlxalq təhqiqata təcili şəkildə yardım etməyə, Federal Təhqiqatlar Bürosu və Nəqliyyatda Milli Təhlükəsizlik üzrə İdarənin resurslarını da bu məqsəd üçün cəlb etməyə hazırdır”, - deyə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest deyib. C. Ernest təyyarənin qalıqlarının hadisə yerində toxunulmaz qalmasının önəmini vurğulayaraq sübutların saxtalaşdırıla biləcəyi haqda xəbərdarlıq edib. O, təhqiqata şərait yaratmaq üçün atəşkəsin əldə olunması və təhqiqata BMT, ATƏT mütəxəssislərinin cəlb olunmasının vacibliyinə diqqət çəkib: “Biz bütün faktlara malik olmasaq da, bilirik ki, bu insident Ukraynadakı böhran kontekstində baş verib. Rusiya oradakı separatçılara silah, texnika və kadr hazırlığı sahəsində dəstək verir. Bu olay Rusiyanın Ukraynada gərginliyin azaldılması üçü təcili addımlar atmasının zəruriliyi haqda bizim çağırışlarımızın aktuallığını təsdiqləyir”.

Malayziyanın baş naziri Nəcib Tun Razak da Amerika kimi tələb edib ki, hadisə yerində heç nəyə, o cümlədən “qara yeşik”lərə toxunulmamalıdır. O bildirib ki, Malayziya olayın araşdırılmasında iştirak edəcək. (Xatırladaq ki, terrorçular “qara yeşik”ləri Moskvaya göndərəcəklərini deyiblər).

Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib. Xarici işlər naziri Frans Timmermans ukraynalı həmkarı Pavl Klimkinlə telefon söhbətində faciənin müstəqil təhqiqatının aparılmasını istəyib. O qeyd edib ki, Niderland Ukraynaya kömək etməyə və meyitlərin identifikasiyası üçün məhkəmə-istintaq qrupu göndərməyə hazırdır.

Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib. Bu ölkənin baş naziri Toni Ebbott Rusiyanı Ukraynadakı separatçıları “Buk” zenit-raket kompleksi ilə təchiz etməkdə suçlayıb: “Biz situasiyanı gərginləşdirmək istəmirik, lakin təyyarənin Rusiyanın göndərdiyi “yer-hava” tipli raketlərlə vurulduğu təsdiqlənərsə, məsuliyyətin böyük hissəsi Rusiyanın üzərində qalacaq”.
BMT baş katibi Pan Gi Mun isə hərtərəfli və şəffaf təhqiqatın aparılmasının vacib olduğunu deyib.
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed