Şrift:
Hərbi ekspert İranın Səhər televiziyasının yalan iddialarına belə cavab verdi!
21.07.2014 [11:04] - Gündəm, Hərb
«Bu əməliyyatlarda İran televiziyasının reportajlarına mən də baxdım. Orada bir sıra dəqiqləşmələrə ehtiyac var. Əvvəla, İran İslam Respublikasından o vaxt bizim ərazidə yoldaşlar olublar. Bu, Ərdəbildən gələn, əslən azərbaycanlı olan azsaylı könüllülər idi. Amma onların əməliyyatlarda iştirak etməsini demək o qədər düzgün olmaz. Çünki onların sayı o qədər də çox deyildi. İkincisi də, onlar bu əməliyyatlarda hansısa rol oynamayıblar. Yenə deyirəm, onlar könüllü idi və sayları az idi».
Bunu Aktual.az-a hərbi ekspert (karşünas) Üzeyir Cəfərov deyib. Horadiz əməliyyatlarında birinci tabora rəhbərlik etmiş Üzeyir Cəfərov «Səhər” televiziyasının Horadiz əməliyyatı ilə bağlı süjetinə münasibət bildirərkən deyib.

Horadiz əməliyyatı zamanı, İranın Azərbaycana yardım etməsi barəsində göstərilənlərə cavab olaraq, hərbi ekspert bildirib ki, o vaxt iranlıların ermənilərə daha çox xeyri dəyirdi:

«Yəni onlar İran ərazisindən ermənilərə daha çox xeyir verirdilər və koordinatları onlara daha dəqiq ötürürdülər. Bu əməliyyatlarda mən şəxsən özüm iştirak eləmişəm. Yəni bilirsiz ki, əməliyyat 1993-cü ilin dekabrından başlanmışdı. Bu əməliyyatda ermənilər Beyləqana hücum edirdilər, amma əks-hücumla 21 min hektar ərazini işğaldan azad etdik. Yenə də deyirəm ki, İran ərazisindən ermənilərə daha çox köməklik göstərilirdi».

Üzeyir Cəfərov bildirib ki, Araz çayının o tayından ermənilər iranlı dostların köməyi ilə Azərbaycan ərazilərindəki hədəfləri vurmaq üçün koordinatlar əldə edirdilər:

«Deməli, ermənilərin atdığı mərmiləri müəyyənləşdirirdilər ki, mərmilər hədəfə dəyir, ya dəymir. Çox təəssüf olsun ki, İran ərazisindən verilən istiqamətlər üzrə bizim texnikamız, hətta şəxsi heyətimiz də sıradan çıxarılırdı
Qaldı müharibə vaxtı İranın necə vasitəçilik etməsinə, yaxşı yadımdadır ki, 1992-ci il mayın 3-də Yaqub Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda idi. Bundan bir neçə gün sonra isə Şuşa ilə Laçın işğal olundu».

Üzeyir Cəfərov, həmçinin, müharibə vaxtı İranın bizi aldatmasından da söz açdı:

«Konkret İran məsələsinə gəlincə isə, 1992-93-cü illərdə onlar bizə döyüş raketləri satırdılar. Çox təəssüflər olsun ki, orada da bəzi ermənisevərlərin əl işlərini görürdük. Çünki həmin raketlərin mərkəzləşdirilmiş atəş nöqtəsi, qəsdən, sıradan çıxarılmışdı. Təsəvvür edin ki, atəş açırdıq və tamam başqa mənzərələrin şahidi olurduq — mərmilər gedib hədəfə çatmırdı. Biz döyüş vaxtı bildik ki, həmin o raketlərin mərkəzləşdirilmiş atəş nöqtəsi, qəsdən, sıradan çıxarılıbmış».

Ü.Cəfərov sonda qeyd etdi ki, briqada komandiri polkovnik Romoldanov bu əməliyyatların bilavasitə rəhbərliyini həyata keçirib. Briqada komandirinin birinci muavini Vahid Osmanov, briqadanın qərargah rəisi polkovnik-leytenant Akif Məmmədov, o cümlədən, briqada komandirinin müavini İntiqam Əsədov və mən də daxil olmaqla, hər birimiz bir tabora təhkim olunmuşduq. Mənim cavabdeh olduğum tabor birinci tabor idi. Digər müavinlər də onlara təhkim olunmuş taborlarla hücum əməliyyatlarında iştirak edirdi».
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed