21.07.2014 [11:07] - Gündəm, Siyasi partiyalar
Gündəmin dini cərəyanları və ən təhlükəli dini separatizm
Həbib Ələkbərsoy
Milli Dirçəliş Hərəkatı Partiyası
Həbib Ələkbərsoy
Milli Dirçəliş Hərəkatı Partiyası
Bu məqalə yox, qısa bir söhbətdir
Dini aspektə yazmaq istədiyim mövzu var. Amma, indi “dəbdə” sələfilər və nurçular olduğu üçün və mənim də yazmaq istədiyim onların barəsində olmadığından, bilirəm ki, az oxunan olacaq. Diqqətin sələfilər və nurçuların üzərinə yönəldiyi bir vaxtda, ölkəmizə din pərdəsi altında daxil olan ən böyük separat ideologiya üçün münbit şərait yaranmış olur.
Amma, çox maraqsız olmasın deyə, sələfi və nurçular barədə yazıb, sonra mövzuma keçim.
Ölkəmizin bütün media orqanları dini separatizm mövzusunda sözügedən bu iki dini cərəyanların fəaliyyətlərindən başqa heç nə yazmadıqları üçün, bütün cəmiyyət, dini maariflənmənin zəif olması səbəbindən hansısa xarici təşkilatların maraqlarına xidmət edən bu vəhhabilərə qoşulmuş gənc və yeniyetmələrimizi “vətən xaini”, “xalq düşməni” adlandırıb daş-qalaq etməklə məşğuldur. Hansı ki, burada daş-qalaq ediləsi bisavad uşaqlar yox, öz xalqına sahib çıxmağı bacarmayan dövlətin ideoloji quruluşlarını yararsız hala salan hakimiyyət məmurlarıdır. Bu barədə ziyalıların da mükəmməl təklifləri olub. Hətta, Milli Məclisdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri , millət vəkili Fərəc Quliyev də fundamental elmi əsaslandırılmış təkliflə çıxış edərək, dövlət qarşısında məsələ qaldırıb ki, radikal dini qurumlara qoşulan gənclərə maarifləndirmə yolu ilə sahib çıxmaq lazımdır, nəinki vətən xaini adlandırıb cəmiyyətdən təcrid etmək. Bu halda cəmiyyət üçün daha böyük fəsadlar yaratmış oluruq. Amma neynirsən, yox, bir kanalın məşhur aparıcısı öz aləmində qəliz və savadlı qurduğu cümlələrlə cəmiyyətdə daha asan fikir formalaşdırır ki, Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarının yaratdığı problemdən böyük problem sələfi olan türk vətəndaşlarımızdı. Bunları ya ucdantutma həbs etmək lazımdı, ya da qırıb qurtarmaq.
İkinci “dəb” mövzu da nurçulardır...
SSRİ İmperiyası dağılanda, Milli Lider Əbülfəz Elçibəy xalqı, öz sərvətinə talançı münasibətdən yayındırmağa çalışırdı. Bunun üçün o təkliflər verirdi ki, kəndlərdə kolxoz və sovxozların yerində fermer təsərrüfatlar yaransın, şəhərlərdə isə nisbətən yararlı fabrik və zavodlar özəlləşdirilib kapitalist təsərrüfatına, yaxud da səhmdar cəmiyyətlərə çevrilsin –yenilər yaranana qədər. Amma nə baş verdi, məlumdu. Sanki orta əsr məğlub ölkənin sərvəti qalib əsgərlər tərəfindən yağmalanır. Nəinki zavodları, fabrikləri və digər təsərrüfatları dağıtdılar, hətta meşələr, bağlar doğranıb talan edildi. Düzdür, zavodların bir hissəsinin istehsalının heç cür zamanın tələblərinə cavab verməməsi və fəaliyyətinin mümkünsüzlüyü səbəbindən, avadanlıqların xammal kimi satılması daha əlverişli idi ki, bu dövlət siyasəti ilə həyata keçirilirdi və nəticədə büdcəyə o zaman üçün böyük məbləğ hesab edilən vəsait daxil oldu. Lakin, yararlı müəssisələrin və kənd təsərrüfatı sektorunun dağıdılması, eləcə bayaq qeyd etdiyim kimi, meşə və bağların dağıdılması heç bir məntiqə sığmırdı. Əlbəttə ki, burada xarici təxribat öz sözünü demişdi...
Indi də 15-20 ilə yaranıb- formalaşmış və yüksək elmi bazası olan Türk məktəblərinin bağlanılmasını ölkəmizin bir nömrəli “uğuru” hesab edirik... Sanki, bütün problemlər elə bu məktəblərin bağlanması ilə düzələcək. Madam ki, 10 illərdi bizim bu nurçu məktəbləri barədə dediklərimizi qulaqardına vuran hökumət və xalq indi birdən-birə Ərdoğanın bir kəlməsilə ayılıbsa, daha məktəbləri niyə bağlayıb ləğv edirsiniz?! -Nəzarətə götürün, sahibini dəyişin, ideoloji xəttinə nəzarət üçün məktəbdə xüsusi şöbə yaradın, Türkiyə səfirliyinin təhsil müşavirliyinə tabe edin, dövlət tabeçiliyinə salın, milli təhsil mərkəzlərimizdən olan Kaspi Holdinqin yüksək potensial və imkanları var ki, bu litseyləri idarə etsin-onların balansına daxil edin, ən son variant isə, madam ki, Ərdoğan “ayıltdı” sizi, Ərdoğanın nəzarəti altına salın. Bütün hallar, Türk məktəblərinin bağlanmasından yaxşı deyilmi? Güya bilmirsinizmi bu litseylərin yerini hansı cərəyana və hansı dövlətə məxsus olanlar tutmağa çalışacaq?!
İndi isə, ölkəmiz üçün ən ciddi dini təhdiddən yazmaq istəyirəm.
Bu günlərdə dəvət aldığım iftar süfrələrinin birində maraqlı bir situasiya ilə rastlaşdım. İftardan əvvəl toplaşan qonaqlarla tanışlıq zamanı gedən söhbətlər diqqətimi çəkdi. Tarixi-fəlsəfi mövzuda yaranmış müzakirədə Tarixi Türk torpağı olan İran ərazisində mövcud olmuş iki fars dövlətindən biri olan Sasani hökmdarlarından misallar çəkilirdi... Düzü, belə bir münasibətlə ilk dəfə idi rastlaşırdım. İranın təsir dairəsində olan dindarlarımızın ayətullahlardan misallar gətirdiyi adi hala çevrilib bizim üçün, amma qədim fars hökmdarlarının təbliğinə xidmət edən “dini söhbət” mənim üçün ilk oldu. Söhbətlər əsnasında onların hansısa məsələyə münasibətdə sərgilədikləri ədalətdən- filandan danışılırdı. İlk baxışdan adi görünən bu hal, əslində fars-molla rejiminin təbliğat sisteminin tərkib hissəsidi. Dünyada ədaləti ilə seçilən Türk millətinin nümayəndələri ədalətli şah kimi, tarixən ədalətilə seçilən Türk şahlarından deyil, haqsızlığı, zülümkarlığı və qeyri-insaniliyi ilə seçilən fars şahlarından misal çəkirlər...
Mən nə qədər realist nəzəriyyələri oxusam da, bunları mənimsəsəm də, millətçi idealist və emosionallığım səbəbindən yanımda danışılan bu cür separat söhbətə özlüyümdə dözə bilmirəm. Yeri gəlmişkən ətrafımda mənə deyirlər ki, yeniyetməliyindən dünyanın ən parlaq realist filosofları olan Fukidid, Makiavelli, Nitşe, Kafka və Əlisa Nicatın əsərlərini mənimsəyib də millətçi-idealist düşüncədə qalan yeganə azərbaycanlıyam. Mən də tövsiyyə edirəm ki, onlarla bərabər, dünyanın ən dahi idealist filosofları olan Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Carlton Hayes, Aydın Mədətoğlu, Firudin Ağasıoğlu kimi alimlərin əsərləri və dini səmavi kitablara müraciət edəndə vətənin və bəşəriyyət üçün daha ayıq olursan. Beləliklə, mən tamamilə başqa bir mövzuda bir neçə kəlmə ilə bu mövzuda danışan digər qonaqların diqqətini yayındırıb həmin söhbətlərin yekunlaşmasına çalışdım və buna nail oldum. Tərbiyəmdən dolayı, qonaq kimi iftar söhbətlərinin mübahisəyə çevrilməsindən qaçırdım. Həm də, məclisdə daha çox dəyər verilən olduğumu hiss etdiyim üçün, bundan sui-istifadə etmək istəmirdim.
Birazdan iftar vaxtı oldu. Amma... Amma İftar açılmır. İftar verənin iki dəfə “vaxtdır” deməsinə baxmayaraq, məclisin ağsaqqalı olan hacı ilə sahibkar olan bir neçə saqqalı müxtəlif bəhanələrlə uzadıb, tam İranın Azərbaycan üçün dərc etdiyi iftar vaxtına saldılar.
Divardaki böyük monitorda isə “Yusif Peyğəmbər” filminin Azərbaycan türkçəsində səsləndirilən 40-cı seriyası təqdim olunur. Seriya bitdikdən sonra, iftar verən internet üzərindən 41-ci seriyanı tapıb görüntülədi. Lakin, axtarış zamanı onun, heç fərqində olmadan tapdığı 41-ci seriya türkiyə türkçəsində səsləndirilmişdi. Bu zaman yerlərdən etirazlar qalxdı ki, “bu nə dildi, öz dilimizdə qoy onu” (?!) Adam dedi ki, “bəyəm siz başa düşmürsünüz ki?” Cavab: “nənəm mənə o biri dili öyrədib da...”
Bu film-dil söhbətində, bir hadisəni xatırladım. Deyir, söz vaxtına çəkər, illər əvvəl bir Ramazan ayı idi. Bakıda internetin olduqca zəif sürətlə verildiyi vaxtlar idi. GünAz TV yeni açılmışdı. Yeni köçdüyüm evdə peyk antenasını quraşdırmaq üçün usta çağırmışdım. Usta var gücü ilə məni Türkiyə kanallarına baxmamağıma, əvəzində Rusiya kanallarına baxmağıma razı salmaq istəyirdi ki, antenaların heç birini Türksat istiqamətində qurmasın. Hordbirddə yayımlanan GünAz Tv əvəzinə isə İranın Səhər Kanalını tövsiyə edirdi. Təsəvvür edə bilirsiniz?! Güney azərbaycanlıların cüzi insani, milli haqqları naminə yaradılmış kanal əvəzinə, Azərbaycan və azərbaycanlılar əleyhinə var gücü ilə təbliğat aparan və hər gün efirində bu toplumun ünvanına müxtəlif təhqirlər səsləndirən bir kanal...
Bütün təkliflərinə əhəmiyyət vermədiyimi görən antena ustası 2 gün oyalandı və GünAz TV-ni “tapa bilmədi”. Onu yola salıb, başqa ustanı dəvət etdim və yarım saat sonra artıq GünAz Tv-nin sahibi, dostum Əhməd Obalının canlı yayımlanan verilişinə baxırdım.
Qayıdıram İftar süfrəsinə. İftardan sonra İran vaxtıyla əhya namazına qalxanda, dindarlardan biri replika atdı ki, “Bura Bakı şəhəridi?”...
Bax, Şəhid qanıyla, min bir bəlalarla, böyük mübarizə və müharibələrlə müstəqilliyini qazandığımız Azərbaycan Respublikasını İranın molla rejiminin bir əyaləti kimi görən vətəndaşlarımız daha böyük təhlükədir məncə... Şiyəlik pərdəsi altında Azərbaycan Türklərinə qarşı incəliklə yürüdülən fars şovinizminin təsirinə düşən bu taylı, o taylı soydaşlarımızdan başlamış, açıq şəkildə İran xüsusi xidmət orqanlarına işləyərək “Azərbaycan İslam Cümhuriyyəti” adı altında təbliğat aparan təxribatçı vətəndaşlarımıza qədər hamısı millət olaraq itirdiyimiz insanlardı. Bu kimi misalları yüzlərlə sadalaya bilərik. Bütün diqqətlərin başqa istiqamətlərə yayındığı bir vaxtda, bu cür düşüncəyə və bayaqdan sadaladığım hallara səbəb olan separat ideologiya, din pərdəsi altında ölkəyə daxil olan ən böyük dini separatizmdir. Çünki, onlara fitfa verənlərin hədəfi başqa təriqətlər- filanlar deyil, onların hədəfi Azərbaycan Respublikası və onun müstəqilliyinə bir şəkildə son qoymaqdır. Əhalisinin 70 faizi qonşu Azərbaycanı öz dövləti kimi görən İranın molla hakimiyyətinin qorxulu röyası ABŞ- filan deyil, Quzey Azərbaycandır. Molla rejimi heç bir super gücdən Azərbaycandan ehtiyatlandığı qədər, Azərbaycandan qorxduğu qədər qorxmur. Milli ideologiyanın zəifliyi, milli fəlsəfənin demək olar ki, tətbiq edilmədiyi və dini savadsızlığın hökm sürdüyü Azərbaycanda molla rejimi insanımızı bax belə asanlıqla oğurlaya bilir. Yəni, bunun əsas səbəbkarı biz özümüzük. Bu məsələdə dövlət orqanları ilə bərabər, ictimai səviyyədə də məsulliyyət var. Mənsub olduğum MDHP-nın Güney Azərbaycan Departamenti hər həftənin sonunda Güney Azərbaycandaki ictimai siyasi hadisələr və baş verən represiyalarla bağlı həftəlik informativ analitik icmal təqdim edir və KİV-lərə göndərilir. Ötən il bir çox media orqanlarında bu icmala yer verilirdi. Elə ki, İranla Qərb arasında diplomatik gərginlik yumşaldı, demək olar ki, bütüv KİV, hətta “Bütöv Azərbaycan” şüarı altında fəaliyyət göstərən təbliğat orqanlarında belə bu icmalların yayımı dayandırdı. Artıq İranda soydaşlarımızın bütün problemləri həll oldu sanki...
Sonda, iftar süfrəsinin axırındakı söhbəti yazmaq istəyirəm. Bütün qonaqlarını yola saldıqdan sonra, iftar verən yaxınımın atası ziyarət vaxtı başına gələn bir hadisəni danışdı mənə. Deməli, Məşhəd ziyarəti vaxtı o, görüb ki, iranlı din xadimlari bütün zəvvarlarla ancaq biznes, daha dəqiqi al-ver məqsədli söhbətlər edirlər. Bu da qəsdən, məscidlərin birində molla namaz qılan vaxt arxadan deyib ki, bəs “burda dolların kursu neçədi?” -molla namazını yarımçıq saxlayıb, dönüb ona məzənnəni deyib. Elə bilib dollar dəyişəcək. Hələ bu harasıdı, öz qohumu olan azərbaycanlı zəvvar hacılardan biri də tez durub ona yaxınlaşıb ki, “neynirsın kursu soruşub, dolların var?”
Sonra məni evə gətirəndə, yolda da mən onlara ötən il Ramazanda Milli Məclisin deputatlarına verilən iftar süfrəsinə İranla isti münasibətdə olmadığı səbəbindən, namaz qılıb-oruc tutan cəmi 23 deputatımızdan heç birinin bu iftara dəvət olunmamasının mətbuata çıxmasından danışdım.
Bu xəbər oxucular tərəfindən 1964 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |