Şrift:
Güney Azərbaycan xəbərləri
17.12.2011 [15:52] - Gündəm
İranda keçirilən futbol matçında azərbaycanlılar təhqir olunub

İranın Ənzəli şəhərinin «Təxti» stadionunda keçirilən futbol matçında azərbaycanlılar təhqir olunub. Ötən gün Təbrizin «Traktorsazi» komandası ilə Ənzəlinin «Mələvan» klubu arasında görüş keçirilib. Heç-heçə bitən oyun azərbaycanlıların təhqir olunması ilə yadda qalıb. Oyun ərzində təxminən 5000 nəfər «Mələvan» azarkeşi azərbaycanlılara qarşı «eşşək» şüarı səsləndirib. İranın «Səhər» və Təbrizin «Səhənd» telekanallarından canlı yayımlanan oyunda səsləndirilən təhqir şüarı açıq şəkildə eşidilib. «Traktorsazi» azarkeşləri azərbaycanlıların ciddi narazılığına səbəb olan bu təhqirə görə İran Futbol Federasiyasının İnzibatı Komitəsi tərəfindən günahkarların cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, FIFA oyunlarda milli ayrı-seçkilik məzmunlu şüarların səsləndirilməsini qadağan edib. Daha öncə keçirilən «Traktorsazi»- «Perspolis» oyununda İran Futbol Federasiyasının İnzibatı Komitəsi «Traktorsazi» komandasının oyunçusu Siyavəş Əkbərpuru intizamı pozduğu üçün cəzalandıraraq bir oyunluq diskvalifikasiya edib.



Səid Mətinpurun hüquqları daha da məhdudlaşdırılıb

Hazırda Tehranın Evin zindanında həbs olunan azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpurun hüquqları daha da məhdudlaşdırılıb.
Mətinpur məzuniyyət (murəxəsi), mülaqat (görüş) və telefon əlaqəsi hüquqlarından məhrum edilib.
Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri “Cərəs” saytının müxbirinə həyat yoldaşının ibtidai hüquqlarının pozulmasından danışıb. O bəyan edib ki, “həyat yoldaşım 2.5 ildir zindandadır. O, Bu müddətdə məzuniyyət hüququndan istifadə edə bilməyib. Nəinki onun məzuniyyəti ilə razılaşmırlar, hətta son 6 ayda onunla mülaqat belə kəsilib.”
Qeyd edək ki, Hazırda Tehranın Evin zindanında həbs olunan azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpur uydurma ittihamlar səbəbindən 8 il azadlıqdan məhrum edilib.


Azərbaycanlı fəal aşıq Əkbər Hüseynpur azadlığa buraxılıb

Azərbaycanlı fəal aşıq Əkbər Hüseynpur 4 ay həbsdən sonra Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
Qeyd edək ki, Hüseynpur avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan təxminən 30 nəfərdən biridir.Məlumata görə, azərbaycanlı fəal həbsdə qaldığı müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb və məmurlar tərəfindən təhqir edilib.Xatırladaq ki, Təbrizin inqilab məhkəməsi adını çəkdiyimiz azərbaycanlı fəal və iftar mərasimi zamanı tutulanların 14 nəfəri barədə 4 ay həbs və 20 gün şərti (asılı, təliqi) həbs qərarı çıxarıb.


RZA PƏHLƏVİ AYƏTULLAH XAMNEYİDƏN BMT TƏHLÜKƏSİZLİK ŞURASINA ŞİKAYƏT EDƏCƏYİNİ DEYİB

1979-cu il islam inqilabı zamanı İrandan qovulmuş şah Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyidən BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyini deyib. “Media forum” saytının məlumatına görə, Rza Pəhləvi bunu dekabrın 15-də Parisdə keçirdiyi mətbuat konfransında bəyan edib.
Mətbuat konfransına İranda bir çox siyasi məhbusun vəkili olmuş, 2010-cu ilin avqust ayında Norveçə sığınmış Məhəmməd Mustafayi və iki keçmiş siyasi məhbus da qatılıb.
Rza Pəhləvi bildirib ki, İranda siyasi müxaliflərə qarşı kəskin repressiyalar aparılır. O qeyd edib ki, buna görə İranın dini liderindən şikayət hazırlayıblar və ölkədəki repressiyaları əks etdirən həmin şikayət ərizəsi yaxın günlərdə araşdırılması üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) göndəriləcək.
“İran xalqının əsas problemi insan hüquqlarının kobud şəkildə pozulmasıdır” deyən Rza Pəhləvi ölkədə baş verənlərin Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmasını istədiklərini də vurğulayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno Okampo jurnalistlərə açıqlamasında Rza Pəhləvinin mətbuat konfransında dediklərinə münasibət bildirib: “Dünya sakinləri bu məhkəməyə müraciət etməyi öyrənirlər. Biz dünyanın yaşamaq üçün daha yaxşı olması naminə dünya əhalisinə yeni bir qurum təqdim etmişik”.
İran İslam Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin əsasnaməsini imzalayan ölkələr sırasında deyil. Elə buna görə də bu məhkəmənin prokurorları İran rəsmilərinə qarşı ittihamnamə qəbul edə bilməz. Onlar (prokurorlar) yalnız o zaman bunu edə bilərlər ki, Liviyada olduğu kimi BMT Təhlükəsizlik Şurası onların (İran rəsmilərinin) işini bu məhkəməyə göndərsin.
Rza Pəhləvinin atası 1980-ci ildə mühacirətdə ölüb. 1960-cı ildə Tehranda doğulmuş Rza Pəhləvi ailənin böyük övladıdır. 1978-ci ildə İranı tərk edib. ABŞ-da təyyarəçi (qırıcı təyyarələr üzrə) peşəsinə yiyələnib. Cənubi Kaliforniya Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsini də alıb. 1986-cı ildə ailə qurub. Üç qızı var.



“İran 11 sentyabr terrorunu törədənlərə yardım edib”

ABŞ-ın Manhettenin Federal Məhkəməsi İranın 11 sentyabr 2001-ci ildə törədilən terror aktında təqsirkar olması haqqında qərar çıxarıb.

Məhkəmə bu qərara gəlib ki, rəsmi Tehran terrorçulara yardım göstərib. Yəqsirli bilinənlərin arasında Ayətullah Xamneyinin də adı keçir. Bundan başqa, ittiham olunanlar sırasında “Hizbullah”, “Taliban” və “əl-Qaidə” təşkilatlarının adları qeyd olunur.

“The New York Times” qəzetinin məlumatıma görə, məhkəmə prosesində İran tərəfi cavabdeh qismində iştirak etməyib. İddiaçı isə 11 sentyabr terror aktı qurbanlarının ailələridir.


CƏNUBİ KOREYA İRANA YENİ SANKSİYALAR TƏTBİQ EDİB

Cənubi Koreya hökuməti apardığı nüvə fəaliyyətinə görə İrana yeni sanksiyalar tətbiq edib.“Dekabrın 16-da Cənubi Koreyanın maliyyə naziri bəyanat yayaraq İranın neft və qaz sektoruna hər hansı kapital qoyuluşunun qadağan edildiyini, İranın nüvə proqramı ilə əməkdaşlıq edən və ona yardım göstərən 99 qrupa və 6 şəxsə sanksiya qoyulduğunu bildirib.
Cənubi Koreyanın maliyyə naziri deyib ki, ölkəsi İrandan aldığı neftin pulunu milli valyuta ilə ödəmək üçün İranın Mərkəzi Bankının Cənubi Koreya banklarındakı bank hesablarını hələlik açıq saxlayacaq.
Cənubi Koreya bir il əvvəl də BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına qoşularaq İranın Millət Bankına, eləcə də 101 İran şirkətinə sanksiya qoymuşdu.


AZƏRBAYCANLI FƏAL TUTULUB

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Məhəmmədəli Təqəvi tutulub.
Məlumatına görə, İran Kəşfiyyat (ETTELAAT) Nazirliyinin Mərənd şöbəsinin əməkdaşları dekabrın 13-də Məhəmmədəli Təqəvini 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Cənubi Azərbaycanda yaranmış Azərbaycan milli hökumətinin (21 Azər hərəkatı) ildönümü ilə bağlı vərəqələr yaydığına görə tutub bilinməz istiqamətə aparıblar.
Azərbaycanlı fəalın hazırda harada saxlanması bilinmir.


Mirhüseyn Musəvinin seçki qərargahının rəhbəri olmuş azərbaycanlı siyasi fəal azadlıqdan məhrum edildi

Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı siyasi fəal Yaqub Məlekini 10 il müddətinə azadlıqdan məhrum edib.
Yaqub Məleki İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiyi üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Azərbaycanlı siyasi fəal xarici ölkələrlə əməkdaşlıqda ittiham olunub.
Qeyd edək ki, Yaqub Məleki ölkədəki prezident seçkilərində müxalifət düşərgəsindən prezidentliyə əsas namizədlərdən biri olmuş və hazırda ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin Urmiya şəhərindəki seçki qərargahının rəhbəri olub. 8 il İran-İraq müharibəsində iştirak etmiş azərbaycanlı siyasi fəal ixtisasca hərbi pilotdur (xələban) və ABŞ-da (Amerika Birləşmiş Ştatları) təhsil alıb.


Kanadada Azərbaycanın ən şad gecəsinə dəvət

Kanadanda yaşayan sazərbaycanlılar Toronto şəhərində ilin ən şad gecəsini birlikdə keçirəcəklər.
Dekabrın 30-da (deyin 9-da) keçiriləcək mərasim yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə qeyd olunacaq.
Mərasimə qatılmaq istəyən soydaşlarımız “Heydərbaba” nəşriyyəsinin ofisinə (6075 yanq) müraciət edərək bilet əldə edə edib vəya Yer rezerv etmək üçün 4168977831 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
http://heydarbabatv.com/resimler/images/turkce.jpg



“26 Azər”də hər azərbaycanlı bir kitab hədiyyə edəcək

Güney Azərbaycanda dekabrın 17-də (Azərin 26-da) milli haqlar zəminində daha bir addəm atılacaq. Bu gün hər azərbaycanlı öz soydaşına türk dilində yazılmış bir kitab hədiyyə edəcək.
1945-ci ildə Azərbaycanda milli hökumət (21 azər Hərəkatı) quruludu və bir il sonra pəhləvi şahının muzdur ordusu xarici güclərin yardımı ilə həmin hökuməti yıxdı. Milli hökumət yıxıldıqdan sonra Azərbaycanda faciəli günlər başladı.
Həmin faciələrdən biri Azərbaycanın mədəniyyət və milli dəyərlərinə olan hücum idi. Fars şovinizmi əcdadları Əhmənilər (həxamənişilər) və sasanilər dövrü kimi türkün tarix, mədəniyyət və ədəbiyyatına aid bütün əsərləri yandırmaqla İranda ancaq fars dilinin yaşaya biləcəyi hədəfini ortaya qoyub və bütün dillər məhv edilərək sıradan çıxacağı mesajını verdilər. Azərbaycan türk milləti isə bununla heç zaman barışmadı və mübarizə hələdə davam etməkdədir.
Güney Azərbaycanın milli saytlarının yaydığı məlumatda deyilir ki, “həmin günün növbəti ildönümündə (dekabrın 17-i , azərin 26-ı) hər bir azərbaycanlı öz soydaşına türk dilində yazılmış bir kitab hədiyyə edəcək.”
Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed