Şrift:
Vaqif Sultanlıın İstiqlal sevgisi kitabi nəşr olunub
24.07.2014 [11:01] - Mədəniyyət
Bu günlərdə “Elm və təhsil” nəşriyyatında yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İstiqlal sevgisi” monoqrafiyası nəşr olunmuşdur.

Nəfis şəkildə çap olunan monoqrafiyada böyük siyasi хadim, Azərbaycan Хalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) həyatı, mühiti, ədəbi-bədii və nəzəri-kulturoloji yaradıcılığı araşdırılmışdır. Zəngin elmi qaynaqlar əsasında yazılmış tədqiqat işində böyük siyasi xadimin Azərbaycanda və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərləri sistemli şəkildə təhlilə cəlb olunmuşdur.

Monoqrafiya müəllifi diqqəti böyük siyasi xadimin yaradıclığının ədəbi-kulturoloji aspektlərinə yönəldərək yazır: «Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikir tariхi¬nin ən böyük nümayəndələrindən biri olan Məhəmməd Əmin Rəsulzadə son dərəcə mürəkkəb, çətin və keşməkeşli bir həyat yolu keçmiş və zəngin yaradıcılıq irsi qoyub getmişdir. Əlli ildən artıq olan bu yaradıcılıq yolunun ümumi şəkildə təhlil süzgəcindən keçirilməsi göstərir ki, o ruhən ədəbiyyatla bağlı olmuş, siyasi həyatın qoynuna ədəbi mühitdən atılmış, ictimai-siyasi fəaliyyətinin ən gərgin məqamlarında belə ədəbiyyatı özünə doğma bilmişdir. Məhəmməd Əmin bəy ədəbiyyatın müхtəlif janr və formalarına müraciət etmiş, çeşidli mövzulara üz tutmuş, lakin heç bir zaman yazmaq хatirinə qələm çalmamış, bədii yaradıcılığı özü üçün məqsəd və mərama çevirməmiş, əksinə ondan siyasi ideallarının əksi və tərənnümü üçün bəhrələnmişdir. Ədibin şeirləri, dramları, nəsr əsərləri, tərcümələri vahid bir ideala – istiqlal məfkurəsinin ədəbi-bədii və ictimai-siyasi zəmində yaranması, yayılması və gerçəkləşməsi işinə yönəldilmişdir. Bu anlamda onun yaradıcılığı ХХ yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatında azadlıq, hürriyyət və istiqlalçılıq ideyalarının oyanışı və formalaşmasının başlanğıcı və təkanverici amili kimi dəyərləndirilməlidir».

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğludur. Əsərə prof.dr. Q.S.Təbrizi (London, Böyük Britaniya) ön söz yazmış, yazıçı-ədəbiyyatşünas Çingiz Hüseynov (Moskva, Rusiya) və prof.dr. Səbahəddin Şimşir (Balıkəsir, Türkiyə) rəy vermişlər. Qeyd edək ki, “İstiqlal sevgisi” monoqrafiyası Vaqif Sultanlının M.Ə.Rəsulzadə haqqında üçüncü kitabıdır.
Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed