Şrift:
Oqtay Əsədov: Bələdiyyə orqanları arasında əməkdaşlığın intensivləşməsi Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına böyük töhfə verə bilər
25.07.2014 [09:45] - Gündəm, Türk dünyası-Turan
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, O.Əsədov Azərbaycanla Türkiyə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Qeyd olunub ki, ölkələrimiz hər zaman bir-birini dəstəkləyir və dostluq yardımlarını əsirgəmirlər. Parlamentin spikeri Türkiyənin böyük bir siyasi hadisəyə - yeni prezident seçkilərinə hazırlaşdığını deyib və bu seçkilərdə qardaş ölkəyə uğurlar arzulayıb.
Görüşdə Türkiyənin inkişafında hakim Ədalət və İnkişaf Partiyasının və yerli özünüidarəetmə orqanlarının rolundan danışılıb.
Spiker qeyd edib ki, bələdiyyə orqanları arasında əməkdaşlığın daha da intensivləşməsi əlaqələrimizin gələcək inkişafına böyük töhfələr verə bilər. Belə qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib, dostluq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və informasiya mübadiləsi baxımından zəruri olduğu vurğulanıb.
Bolu vilayətinin bələdiyyə başçısı A.Yılmaz Azərbaycanda müşahidə etdiyi inkişaf və tərəqqidən, ölkəmizdə müasir stardartlara uyğun tikinti və yenidənqurma işlərinin aparılmasından, paytaxt Bakının abadlığından və çiçəklənməsindən, zəngin infrastruktur sisteminin yaradılmasından məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanın və Türkiyənin inkişafına mane ola biləcək hər hansı problemin aradan qaldırılması və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün səylərin sıx birləşdirilməsinin vacibliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed