Şrift:
Qarabağ münaqişəsinə görə bölgədə vəziyyət mürəkkəbləşir
26.07.2014 [10:43] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərken belə bir məqama diqqət çəkib ki, Qarabağ problemi ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər. Hazırda münaqişə ətrafında vəziyyət heç də ürəkaçan deyil. Atəşkəsin elan olunmasına baxmayaraq, ermənilər elə gün olmur ki, onu pozmasın. Hətta bu zaman dinc sakinləri qətlə yetirməkdən belə çəkinmirlər. Öz dədə-baba torpaqlarını ziyarət edənləri tutur, öldürürlər. Belədə münaqişənin həllində hansısa bir irəliləyiş yoxdur. Ermənistan mövcud status-kvo vəziyyətinin saxlanılmasına çalışaraq, nəticə hasil olunması üçün irəliləyişin əldə olunmasına bütün vasitələrlə maneə olmaq yolunu tutub. Yəni onların hərəkəti, danışıqların heç bir nəticə olmadan uzanmasına hesablanıb. Sözsüz ki, bu hal, yəni Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi, regionda vəziyyətin sağlamlaşdırılmasına deyil, əksinə, daha da mürəkkəbləşməsinə aparır. Vəziyyətin mürəkkəbləşməsi isə yenidən müharibə alovunun dalğalanmasına gətirib çıxara bilər. Bunu isə ATƏT-in Minsk qrupu istəmir. Qarabağda münaqişənin həllinin uzanmasının regionda hansı təhlükələr yarada biləcəyini ekspertlərlə dəyərləndirdik.
Millət vəkili Fərəc Quliyev qeyd etdi ki, münaqişənin həll prosesinin uzanması regionda mühüm layihələrin həyata keçməsini, sabitliyi ciddi təhlükə altına alır: "Bilirsiniz ki, Avropa təsisatları Cənubi Qafqazla bağlı müxtəlif layihələrin həyata keçməsində maraqlı olduqlarını göstərirlər. Onlar Şərq Tərəfdaşlığı proqramında Azərbaycan da daxil olmaqla, bölgə ölkələrinin birgə səy qoymaları, regionda barışıq və sabitliyin, iqtisadi inkişafın olmasını prioritet sayır. Amma məsələ ondadır ki, bu məsələlərin həyata keçməsi üçün Azərbaycanın işğal olunmuş əraziləri mütləq azad edilməlidir. Azərbaycan ərazisinin bir hissəsini işğal edən dövlətlə ölkəmizi eyni layihədə tərəf müqabili kimi təqdim etmək mümkün deyil. Belədə burada nə əməkdaşlıq mümkün deyil, nə də başqa inteqrasiya məsələləri. Ümumiyyətlə, Cənubi Qafqazın taleyinin açılımında Azərbaycana çox diqqət yetirilməlidir. Çünki, Azərbaycan burada yerləşən digər ölkələrdən fərqli olaraq, tranzit, karbohidrogen ehtiyatına malik və onu satan, Avropanın enerji təhlükəsizliyində ciddi elementə çevrilən bir dövlətdir. Sadə həqiqətləri ABŞ başda olmaqla, Avropanın təsisatlar göz ardına vuraraq, real addımlar atmır. Prezidentin də ifadəsində o məqam öz əksini tapır ki, məsələ həll olunmazsa, nə ortaya qoyulan böyük layihələr öz həllini tapa, nə də bölgədə sabitlik ola bilər. Çünki, Azərbaycan ədalətli status-kvonun bərpası üçün addımlar atarkən, əlbəttə, dinc vasitələrə üstünlük verir. Danışıqlar prosesində də beynəlxalq təsisatlara imkan yaradır ki, onların dinc vasitələrlə problemi həll etmələrinə etiraz etmirik. Bu baş vermədikdə isə, Azərbaycan tərəfi ədaləti özü başqa yolla bərpa etmək məcburiyyətində qalacaq. Bu da bölgədə qeyri-sabitliyə gətirib çıxaracaq. Prezidentin bu bəyanatı məntiqlə zəngin və sadə həqiqətləri özündə əks etdirən bir bəyanatdır. Bunu beynəlxalq təşkilatlar anlaqlı qarşılamayacaqsa, onda buna təəccüb etmiş olacağıq. Rusiya-Gürcüstan müharibəsi zamanı Avropa Birliyi fərqli bir mövqe ortaya qoydu. Onlar sabitlik üçün layihə təqdim etdi və onun həyata keçməsi naminə müəyyən mərhələli addımlar atmağa başladı. Belədə məntiqi nəticələrə nail oldu. BMT özü də Qarabağ məsələsinə oxşar bir çox məsələlərlə bağlı olaraq addımlar atdı və qısa zamanda qəbul etdiyi qətnamələrə əsasən tədbirlər gördü. Amma nə yazıqlar ki, Azərbaycanla bağlı olaraq qəbul edilən 4 qətnamənin BMT nizamnaməsinin 7-ci bəndinin 42-43 paraqrafına uyğun olaraq həyata keçməsi təmin olunmur. Burada göstərilir ki, işğalçının yerində oturdulması üçün hərbi və yaxud qeyri-hərbi vasitələrin tətbiq olunması mümkündür. Amma bu tədbirlər bu günə kimi görülməyib. Avropa Birliyi, digər təsisatların əlində həmin tədbirləri görmək üçün imkanları var. Lakin göründüyü qədər onların buna marağı yoxdur, yaxud da, özlərini görməməzliyə qoyublar".

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed