Şrift:
“Hər əlinə silah tutan dövlətin döyüşçü potensialı hesab edilə bilməz”
01.08.2014 [11:56] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Yalnız vətən uğrunda vuruşan şəxsləri bu cür qiymətləndirmək olar”

Azərbaycanlıların Suriya və İraqda gedən hərbi əməliyyatlarda iştirakı hərbi və siyasi ekspertlər tərəfindən hər zaman müxtəlif aspektlərdən şərh edilib ki, bunlardan da ən maraqlısı ölkəmizin həmin insanların timsalında öz döyüşçü potensialını itirməsi ilə bağlıdır. Belə ki, bəzi ekspertlər hesab edir ki, Suriya və İraqda gedən şəxslərə qanunsuz silahlı birləşmələrə daxil olan terrorçular kimi deyil, həm də Azərbaycanın itirdiyi döyüşçü potensialı kimi baxmaq lazımdır. Onların fikrincə, sözügedən insanların ərəb ölkələrinə könüllü şəkildə getməsi və oradakı hərbi əməliyyatlarda yer alması bu insanların kifayət qədər cəsarət və döyüş qabiliyyətinə malik şəxslər olduğundan xəbər verir. Hansı ki, günü sabah Qarabağda hərbi əməliyyatlar başlayarsa, bu cür insanların xidmətlərinə daha çox ehtiyac duyulacaq. Məhz həmin vaxt Azərbaycan İraq və Suriyada itirdiyi potensialın əhəmiyyətini daha aydın dərk edəcək ki, bu qavrayış dövlətə heç bir fayda gətirməyəcək.
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev hesab edir ki, dövlət hər şeydən öncə bu insanlara sahib çıxmalı, onların geri qayıtmasına, səhv yoldan çəkinməsinə şərait yaratmalıdır: “Suriyada və ya İraqda döyüşən şəxsləri ölümündən sonra necə qiymətləndirmək heç nəyi dəyişməz. Çünki onlar öldükdən sonra bir itki kimi Azərbyacan xalqının sıralarını tərk edir. Bu insanlara sağlıqlarında sahib çıxmağı bacarmaq lazımdır. Mən Milli Məclisdə bu məsələ ilə bağlı konkret təkliflə çıxış etdim. Orada vurğuladım ki, Azərbaycandan Suriyaya gedənlərlə bağlı hər hansı bir qərar verəndə, bu qərarı tələsik vermək lazım deyil. Milli Məclisdə belə bir fikir səslənmişdi ki, bu şəxslər Azərbyacana qayıdan kimi onların barələrində inzibati tədbir görülsün. Mən bildirdim ki, biz məsələyə bu şəkildə yanaşasaq, o zaman həmin insanlar istər-istəməz qorxularından öz ölkələrinə qarşı düşmənə çevrilə bilərlər. Düşünə bilərlər ki, geri qayıdandan sonra məni həbs edə, hansısa adla ittiham edə bilərlər. Mən təklif etdim ki, amnistiya verilsin. Bu şəxslərə başa salınsın ki, əgər qayıtsanız, o zaman həbs edilməyəcəksiniz. Əgər kimsə döyüşmək istəyirsə, bunun üçün də imkan var. Çünki ölkəmiz müharibə şəraitindədir, ərazilərimiz işğal olunub və s. Bir müddət keçəndən sonra bu şəxslər geri qayıtmazsa, hərbi əməliyyatlarda iştirakçılıqlarını davam etdirərlərsə, o zaman həmin şəxslər haqqında ölçü götürməyə dəyər”.
Millət vəkili məlum şəxslərin Suriya və İraqa öz istəkləri əsasında, fərdi şəkildə getdiklərini və bu səbəbdən də dövlətin bu məsələdə heç bir məsuliyyət daşımadığını vurğuladı:
“Suriyaya və ya İraqa gedən insanların heç biri dövlət tərəfindən ora göndərilməyib. Dünyanın istənilən ölkəsində hər hansı bir dövlətin nümayəndəsi muzdlu olaraq digər ölkədə gedən hərbi əməliyyatlarda iştirak edə bilər və buna görə dövlət heç bir məsuliyyət daşımır. Çünki onlar dövlət tərəfindən göndərilmir. Azərbaycanın sülhməramlı taborları var ki, onlar dövlətin göstərişi ilə dünyanın bir çox ölkələrində sülhyaratma missiyasında iştirak edirlər. Suriyaya gedən vətəndaşlar isə özbaşına gedirlər. Lakin bununla belə hesab edirəm ki, öncə profilaktiki tədbirlər həyata keçirmək lazımdır”.
F.Quliyevin qənaətincə, profilaktiki tədbirlərdən biri kimi din haqqında orta məktəb şagirdlərinə daha ətraflı məlumatların verilməsi, onların bu yöndə maariflənməsi ilə bağlı səylərin artırılması zəruridir:
“Din haqqında orta məktəb şagirdlərinə ətraflı məlumatlar verilməli, bütün dinlər, onların mahiyyəti haqqında geniş bilgi verilməlidir. Bunu öyrətnək lazımdır ki, sabah insanlar seçim qarşısında qalanda düzgün seçim edə bilsinlər. Əgər bu insanlar başqa ölkələrdəki müharibədə iştirak etməyə gediblərsə, amnistiya elan edilməsinə baxmayaraq geri dönmürlərsə, təbii ki, onlar haqqında inzibati tədbirlər görülməlidir. Çünki onlar həm ölkənin imicinə zərər gətirir, həm də buradakı ailələrini pis vəziyyətdə qoyurlar. Onlar hansısa bir məğlubiyyətə uğrayıb məcburən geri qayıdandan sonra öz dövlətləri üçün də təhlükə potensialına çevrilirlər. Bununla belə həmin insanları ümumi şəkildə qiymətləndirib onlara dövlətin döyüşçü potensialı kimi dəyərləndirməyin də tərəfdarı deyiləm. Hər əlinə silah tutan dövlətin döyüşçü potensialı hesab edilə bilməz. Çünki hər kəs əlinə müxtəlif səbəbdən silah ala bilər. Yalnız vətən uğrunda, vətənin mənafeyi uğrunda vuruşan şəxsləri döyüşçü potensialı adlandırmaq olar. Ölkə daxilində əlində silah tutan şəxs bank qaərtçisi də, manyak da, ölkəni müdafiə edən milli qəhrəman da ola bilər. Hesab edirəm ki, çağırış etmək, silah tuta bilən şəxslərin potensialından səmərəli surətdə istifadə etmək lazımdır. Lakin bunu istəməyəcəklərsə, o zaman həmin şəxslər haqqında inzibati tədbirlər görmək zəruridir”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed