Şrift:
Fərəc Quliyev: “Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən heç kəsə güzəşt edilməməlidir”
01.08.2014 [17:29] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsinə münasibət bildirən millət vəkili onun öz fəaliyyəti ilə bu addım üçün zəmin yaratdığını bildirib.

Bu mövzunu Gün.Az-a dəyərləndirən millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev L.Yunusun timsalında işğalçı Ermənistanla belə sıx təmasların olmasının, “xalq diplomatiyası” pərdəsi altında milli maraqlara zidd fəaliyyət göstərilməsinin qəbuledilməz olduğunu deyib:

“Mən həbs olunan hər hansı insan – xüsusilə də, o şəxs əgər qadındırsa – çalışıram ki, onun barəsində danışmayım. Lakin Leyla Yunusla bağlı iş elə bir məsələdir ki, onun haqqında danışmamaq, münasibət bildirməmək də olmur.

Qeyd edim ki, mən Leyla Yunus hələ həbs olunmazdan əvvəl də onun fəaliyyəti haqqında mövqeyimi ifadə etmişəm və daha öncə dediklərimin üzərindəyəm.

Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən heç kəsə güzəşt edilməməlidir.

Təəssüf ki, Leyla Yunusun fəaliyyətində Azərbaycan dövləti əleyhinə bir çox məqamlar olub və həmin amillər də onun həbsi ilə nəticələnib.

Onun fəaliyyətində Azərbaycana düşmən olan, ərazilərini işğal edən bir ölkə ilə bu qədər sıx təmasların olması, “xalq diplomatiyası” adı altında milli maraqlara zidd addımların atılması qəbul edilə bilməz.

Daha mühümü isə onun Azərbaycanın strateji obyektlərinin fotoşəkillərinin düşmən ölkəyə ötürməsi, əlbəttə ki, əsla boş buraxılası bir hal deyil.

Ümumiyyətlə, hansısa bir qeyri-hökumət təşkilatının xalqın adından çıxış edərək, işğalçı ölkə ilə “xalq diplomatiyası” aparmasında məntiq və əsas yoxdur.

Çünki Azərbaycan dövlətini və xalqını təmsil etmək hüququ prezidentə məxsusdur. Konkret bölgələrin adından isə oradan seçilmiş millət vəkilləri və ya təmsilçiliyi qəbul edilən digər şəxslər danışa bilərlər.

Leyla Yunus öz fəaliyyətini hər zaman insan hüquqları ilə əlaqələndirməyə çalışıb. Amma əgər həmin məsələlər onu bu qədər narahat edirdisə, o zaman nəyə görə 10 milyonluq Quzey, 40 milyonluq Güney Azərbaycanlıların problemi ilə bir dəfə də məşğul olmayıb, o barədə danışmayıb?

Bir daha deyirəm, dövlət əleyhinə fəaliyyət göstərən kimsəyə güzəşt oluna bilməz. Bu baxımdan, Leyla Yunus barəsində seçilmiş qərar əsaslıdır və əslində, hüquq-mühafizə orqanlarının fərqli tutmaları təəccüb doğura bilərdi”.

A.Zeynalov
Gün.Az
Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed