Şrift:
Hərbi liseydə kütləvi ixtisar MÜNASİBƏT
02.08.2014 [11:19] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Müharibə gedən bir ölkədə hərbi məktəbə bu yanaşma ağlasığmazdır.”

Torpaqlarını düşmən işğal edən, ordusu hər gün düşmənlə atışmada itki verən ölkəmizin ixtisaslı hərbi kadrlara çox böyük ehtiyacı var.
Bu ehtiyac isə ehtiyac olaraq qalır. İnsanların sülh şəraitində yaşadığı sovet dönəmində orta məktəblərdə “Hərbi hazırlıq” fənni tədris edilirdi. Müstəqillik dövründən bu yana ölkəmiz öz rahatlığını, dincliyini itirsə də bu fənn yığışdırıldı.
Hazırda fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almaq istəyən gənclərin də qarşısında problem yaradılır. Belə ki, hər il bu liseyə 600 tələbə yeri verilsə də artıq iki ildir ki, bu say 400-ə endirilib. Bundan başqa bu məktəbdə davamlı olaraq ixtisarlar gedir. Bu günlərdə isə məktəbin yeməkxana işçilərindən 12 nəfər işdən azad edilib. Məktəbdən aldığımız məlumata görə, artıq ixtisarlar müəllimlərə də şamil edilir. Səbəbi bilinməyən ixtisarlara Müdafiə Nazirliyindən münasibət öyrənmək cəhdimiz baş tutmadı.

Tələbə qəbulu üzrə Dövlət Komitəsinə etdiyimiz zənglər də cavabsız qaldı.

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Fərəc Quliyev isə deyir ki, Milli Məclisdə xüsusi olaraq bu barədə məsələ qaldırıb: “Müharibə gedən bir ölkədə hərbi məktəbə bu yanaşma ağlasığmazdır. Milli Məclisdə məsələ qaldırdım ki, bütün orta məktəblərdə sovet dönəmində olduğu kimi hərbi hazırlıq fənləri tədris olunmalıdır.
Eyni zamanda Azərbaycanda çevik və mobil ordunun qurulmasına çox böyük ehtiyac var. Daha çox keyfiyyətə köklənmək lazımdır. Qarabağda dağ döyüşlərində döyüşmək üçün çevik orduya ehtiyac var, artileriyaya yox”.


Abuzər AZƏROĞLU
İnterpress.az
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed