Şrift:
Azər Həsrət: - Erməni təbliğatının alətinə çevrilməyək
03.08.2014 [14:28] - Gündəm, Sosial, DAVAMın yazıları
Qaydadır, düşmən silahlı hücumla bərabər qarşı tərəfi demoralizə etmək üçün şayiə yaymaqdan da istifadə edir. Bu, bütün savaşlarda olub və bundan sonra da olacaq. Elə son günlər Ermənistan işğalçı əsgərlərinin mövqelərimizə hücumları, şəhidlər verməyimiz fonunda da bunu müşahidə edirik. Erməni təbliğat maşını planlı şəkildə, öz əlimizlə özümüzü demoralizə etmək üçün yarımqafalı insanlarımızdan ustalıqla istifadə edir. Bu insanların bir qismi hətta özləri də bilmədən düşmən təbliğatına alət olmaqdadır. İllərdir etdiyimiz çağırışlara baxmayaraq onlar öz bildiklərini edir, bizdən qat-qat zəif düşmənin üzərimizdə mənəvi üstünlüyünü təmin etmək üçün dəridən-qabıqdan çıxırlar.

Bir gündə 9 şəhid vermiş, təmas xəttində atışmaların artdığı bir durumda gərəkdir ki, Azərbaycan ictimai rəyinə təsir imkanları olanlar hər kəlməni belə yüz dəfə götür-qoy etdikdən sonra dilə gətirsinlər. Hətta deyərdim ki, cəbhədəki durumla bağlı xəbərləri hər yerindən duran öz anladığı şəkildə deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi kimi yaymalıdır. Çünki adı atəşkəs olsa da ortada bir müharibə durumu var. Qarşılıqlı şəkildə atışma gedir. Düşmən əsgərlərimizi şəhid edir. Təbii ki, bizim də ordumuz boş dayanmır, onlara gərəkli cavabı verir və düşmən nə qədər gizlətməyə çalışsa da əsgərlərinin məhv edildiyini etiraf etməli olur. Amma bəzi üzdəniraq “ictimai fəallar” və “jurnalistlər” ciddi cəhdlə sübut etməyə çalışır ki, Azərbaycan tərəfi itkilərin sayını gizlədir, Ermənistan isə heç bir itki verməyib, yaxud da çox az sayda itki verib. Özü də bu düşmən dəyirmanına su tökən “fəallar” “tapıntılarını” sevinclə, bəh-bəhlə təqdim edir, sosial şəbəkələrdə, əlləri çatan media orqanlarında gen-bol təbliğ edirlər. Sanki demək istəyirlər ki, “görürsünüz, ermənilər Azərbaycan əsgərlərinin ağzının payını verir, halal olsun onlara”.

Belə “özfəaliyyət”lə məşğul olanlar arasında həmişəki adamları görmək bizi təəccübləndirmir, əksinə, onların Azərbaycan dövlətinə qənim kəsildiyinə bir daha əmin oluruq. Zatən bu adamların işləri-gücləri gecə-gündüz ölkəmizi gözdən salmaq üçün dəridən-qabıqdan çıxmaqdır. Onlar ermənilərin təbliğat məqsədilə yaydığı istənilən yalan informasiyanı heç bir sorğu-sualsız gerçək kimi təbliğ etdikləri halda Azərbaycan tərəfin yaydığı və təsdiq edilmiş informasiyaları belə zərrəbinlə yoxlayıb nəsə bir qüsur tapmağa çalışırlar. Tapa bilməyəndə də özlərindən mütləq bir şey uydurub (örnək üçün, yayılan xəbərin cümlə quruluşuna belə ilişə bilirlər) yenə də erməni dəyirmanına su tökürlər.

Belələrinin arasında hələ də nəyə görə Azərbaycandan qaçıb Almaniyada sığınacaq aldığını kəsdirə bilmədiyim Həbib Müntəziri gördüm. Təəccüblənmədim. Çünki o və aid olduğu çevrənin işi-gücü Azərbaycanı gözdən salmaq olub həmişə. Amma bu sırada bir zamanlar bəh-bəhlə yuxarı başlarda oturdulan “İrəli” ictimai birliyinin keçmiş sədri Rauf Mərdiyevi də görmək məni xeyli təəccübləndirdi. Adam durub-durduğu yerdə ermənilərin kütləvi itki verməsilə bağlı Azərbaycan mediasında yer almış xəbəri təkzib edir! Ermənistan mediası da bunu edir! Yəni bu Rauf Mərdiyev və onun kimi neçə-neçə “vətənpərvər fəal” Ermənistan mediasıyla səs-səsə verib Azərbaycan tərəfdən yayılan xəbərlərin saxta, yalan olduğunu sübut etməyə çalışır! Bax, buna heyrət etməyə bilmirəm! Bir zamanlar “Hər kəsin öz fikrini ifadə etmək haqqı var, amma bu həssas məqamda da kiminsə alətinə çevrilməkdən ehtiyatlanmaq lazımdır” yazan (Qaynaq: gun.az/Rauf_Merdiyev/60953) Mərdiyev indi özü alət kimi görsənməyə başlayıb. Əcəba, nə baş verir?

Sosial şəbəkələr bu cür örnəklərlə dolub daşır. Ermənistan mediası isə sadəcə olaraq təmas xəttində baş verənlərlə bağlı susur, yaxud da öz dövlətinin rəsmi xəbərlərilə kifayətlənir. Və üstəlik erməni təbliğat maşını Azərbaycanın ta içərilərinə qədər uzanaraq bu Müntəzir, Mərdiyev tipi adamların vasitəsilə Azərbaycan ictimai rəyini demoralizə etməyə çalışır. Elə ona görə də ən adi Facebook statusu yazanlarımıza da səslənmək istərdim: diqqətli olun, nə yazdığınıza fikir verin. Müharibə elə bir hadisədir ki, burada ən adi, sizin əhəmiyyətsiz saydığınız bir söz belə düşməni ruhlandıra, öz əsgərlərimizi ruhdan sala bilər. Düzdür, hazırda Azərbaycan ordusu bu təxribatların qarşısında duruş gətirə biləcək durumdadır, amma yenə də ölkə ictimai rəyini ruhdan salacaq fikirlərdən çəkinməliyik. Əks halda, hətta özümüz istəmədən belə düşmənə işləmiş olacağıq. Mümkündür ki, bəzi şəxslər bu yazılanları oxuyub qımışsın, öz bildiyini etməyə davam etsin və Azərbaycan tərəfdən yayılan xəbərləri təkzib edib Ermənistan xəbərlərinin yüzdə yüz doğru olduğunu sübut etsin. O kəslər təbii ki, artıq təsadüfən deyil, bilərəkdən düşmənə işləyənlərdir ki, məncə, hər kəs onları diqqətə almalıdır.

Biz informasiya təbliğatında, xəbər yayımında tək bir ünvana – Azərbaycan Respublikası Müdafiə Nazirliyinə güvənməliyik. Xəbərlərimiz yalnız və yalnız oradan qaynaqlanmalıdır. Daha hansısa kənddə yaşayan Fatmanisənin öz Facebook statusunda özü də anlamadan yazdığını tirajlayıb insanlarımızı aldatmamalıyıq. Unutmayaq, savaş gedir. Özü də təkcə odlu silahlarla deyil, informasiya savaşı da. Düşmən bizi demoralizə etmək istəyir, bizi alətə çevirmək istəyir. Buna imkan verməyək.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed