Şrift:
Türk mənşəli arxaizmlər
04.08.2014 [15:42] - Türk dünyası-Turan, Mədəniyyət
Necə Həqdən bu aləm ayru düşdi...

Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərindəki bəzi
türk mənşəli arxaizmlərin digər əski türk mətnlərində işlənməsi haqqında məşhur qaynaqlarda heç bir qeydə rast gəlmirik. Bu qəbildən olan sözlər daha çox Nişatinin "Şühədanamə"sində işlənib. Məsələn: əyğağ - casus; həcərçi - bələdçi, yol göstərən, kölük - minik atı, kutəl- yedək atı; qəytul-hərbi düşərgə qonğay - tədbir sahibi ağsaqqal, tabın - nökər, qulluqçu, təvacı - hərbi dəstə başçısı, ulca - əsir və s. Bu sözlərin monqol mənşəli olmasını da istisna etmək olmaz.
Yuxarıda qeyd olunan orta əsr tərcümə örnəklərindəki arxaizmlər sırasında semantik qrup baxımından ən çox hərbi anlayışları, heyvan adlarını və dini anlayışları bildirən sözlər çoxluq təşkil edir. Hərbi leksikologiyaya aid arxaizmlər: bəglərbəgi - baş komandir, çalış - çarpışma, əlbəyaxa döyüş; çəri - qoşun, ordu; qol - ordunun yan tərəfi; tip - ordunun mərkəzi; tuqçı - bayraqçı, bayraqdar; uğraş - çarpışma; döyüş və s. Əyğağ - casus, qəytul - hərbi düşərgə, təvacı - əsgəri dəstə başçısı, ulca - əsir sözlərini də bu qrupa aid etmək olar.
Heyvan, həşərat və quş adlarını bildirən arxazimlər: dəvləngəç-çaylaq, çaylaq cinsindən alıcı quş; keyik - maral, qulan - vəhşi at; qarçağay - şahin, qartal; kölük - minik atı; kutəl - yedək atı; üyəz - milçək və s. Sonuncu söz Türkiyə şivələrində üvez şəklində işlənir. Peşə və sənətlə, məişətlə bağlı sözlər: qancuğə - yəhər qayışı, qazuğ - dirək, çadır dirəyi, uzun mıx, sadaq - ox qabı, ükək - kəcavə və s. Dini anlayışlarla bağlı sözlər: Çələb - Allah, damu/tamu - cəhənnəm, uçmağ/uçmaq - cənnət və s. Bu sözlərə klassik Azərbaycan ədəbiyyatı nümunələrinin çoxunda rast gəlirik.
Əski tərcümə nümunələrinin ən gözə çarpan dil özəlliklərindən biri də türk mənşəli sinonimlərin qoşa işlənməsidir. Məsələn: al-götür, bitun-qamu-varı, doy/toy-dügün, qızıl-altun, düş-uyqu, gecə-dün, geyəsi-don, qum-qayır, oxranmaq-kişnəmək, sağ-əsən, sınmak-ufanmaq, uyumaq-yatmaq-ımızğanmaq, ün-səs, sürmək-çıxarmaq, varmaq-getmək və s. Bu xüsusiyyət İmadəddin Nəsimi əsərlərinin dili üçün də səciyyəvidir. Maraqlıdır ki, mütərcimlər, bir qayda olaraq bu cür sözləri eyni beyt və cümlə daxilində işlətmişlər. Məsələn:

Al-götür anı kim azad eyləyim,
Mən özümçün ol gunə zad eyləyim.
Ləşker-i İslam həzimet buldı çün,
Qeyser-i Rumiyə doy oldı dügün.
Kim kızıl-altunmidir, yoksa gümiş,
Ya nükrəmidir, dəmürmi, nə imiş.
Gər ağaclar yaprağınca ola həm,
Dəxi qumü qayır sanı, ey kərəm.
("Hədisi-ərbəin" tərcüməsi)

Türk mənşəli sözlərin qoşa işlənməsi Dədə Qorqud dastanlarının və xalq danışıq üslubunda qələmə alınmış "Dastani-Əhməd Hərami", Yusif Məddahın "Vərqa və Gülşah", Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvilərinin dili üçün də səciyyəvidir. Bu məsələyə diqqət yetirən tədqiqatçılar bu xüsusiyyəti tayfa dilləri ilə əlaqələndirirlər.
Klassik tərcümə mətnlərində biri türk mənşəli, digəri isə ərəb və fars dillərindən alınma sinonimlərin də qoşa işləndiyi hallara da tez-tez rast gəlirik. Məsələn:

Söylədi kim, Məkkədür yerim əyan
Həm Bəni Haşimidən bəllü-bəyan.
Kiçisi qoydı əlin od üstin,
Parmağın yandurdı ol dəm dəstinə.
Çün ola məhşər güni sorğu-hesab,
Kimə rəhmət verilə, kim əzab.
("Hədisi-ərbəin" tərcüməsi)

Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərində antonimlərin də qoşa işlənməsi halları diqqəti çəkir. Bu cür sözlərin çoxu türk mənşəlidir. Məsələn:

Vermiş idim Həq yoluna azü çox,
Leyk bu igitden özgə dəxi yox.
Lütfi ilən ol Xudayi-dadgər
Dan-ahşam yerlərə əylər nəzər.
Dəxi Allah qorqusunun fikridir,
Bu fikir dün-gün könlümün zikridir.
("Hədisi-ərbəin" tərcüməsi)

Ortaçağ tərcümə əsərlərinin səciyyəvi dil xüsusiyyətlərindən biri də onlarda frazeologizmlərə geniş yer verilməsidir. Klassik mütərcimlər bir çox hallarda frazeoloji birləşmələri orijinaldan asılı olmayaraq müstəqil şəkildə işlədib, bəzən isə orijinaldakı bu qəbildən olan birləşmələri onların ana dilindəki qarşılıqları ilə ifadə etməyə çalışıblar. Məsələn, Əhmədi Təbrizi "Əsrarnamə"nin farsca orijinalında işlənmiş aşağıdakı fars frazeologizmlərini çox ustalıqla onların türkcə qarşılıqları ilə verib: dər çeşm amədən - çöpünə almamaq, dəst əfşandən - əl yumaq, sər baxtən - baş qoymaq və s. Bu birləşmələrdən birincisi çöpə saymamaq şəklində digər klassik türk mətnlərində də işlənib. İkinci ifadəyə isə eynilə həm Nəsiminin, həm də Füzulinin dilində rast gəlirik. Sonuncu frazeologizm isə həm "Kitabi-Dədə Qorqud"da, həm də Nəsiminin dilində işlənib.
Fars frazeoloji birləşmələrinin türkcə qarşılıqları ilə tərcüməsi baxımından "Şühədanamə" daha çox zəngindir. Məsələn, Nişati farsca mətndə olan aşağıdakı fars frazeologizmlərini bu şəkildə çevirib: zəhr ab şodən - bağrı yarılmaq, kar əz dəst rəftən - iş işdən keçmək, kin xastən - qanını almaq, təəlloğ vərzidən - könül bağlamaq və s.
"Şühədanamə"də Nişatinin orijinaldan asılı olmayaraq sərbəst şəkildə işlətdiyi frazeologizmlər də var. Məsələn, ayağ kəsmək, bel bağlamaq, fikir atına minmək, könlin almaq, qanı qaynamaq, söz qapusı bağlamaq, səbr qalxanı yüzinə çəkmək, sözündən dönmək və s. Şirazi də "Gülşəni-raz" tərcüməsində orijinaldan asılı olmayaraq bir sıra frazeoloji birləşmələri çox ustalıqla işlədib. Məsələn:

Yenə gündüz ilə gecə qarışdı,
Bu yerdə kim od ilə su barışdı.

Xilas eylər səni kəndüligindən
Görürsin anı kim keçməz ogindən.

Necə Həqdən bu aləm ayru düşdi,
Fəna adın takındı, sayru düşdi.

Birinci beytdə iki frazeoloji birləşmə işlənib: gündüz ilə gecə qarışdı və od ilə su barışdı. Bu birləşmələrin heç biri müasir ədəbi dilimizdə işlənmir: onlardan birincisi "erkən səhər çağı" anlamında, ikincisi isə "imkansız bir şeyin baş tutması" mənasında işlənib. İkinci beytdəki "keçməz ogindən" frazeologizmi isə "ağlına bir şey gəlməmək" anlamındadır. Üçüncü beytdəki ayru düşmək, sayru düşmək frazeoloji birləşmələrinə gəldikdə isə, onlar müasir ədəbi dilimizdə də işlənir, sadəcə olaraq ikinci ifadədəki "sayru" əvəzinə onun sinonimi - fars mənşəli "xəstə" sözü işlənir: xəstə düşmək.
Yuxarıdakı nümunənin ilk beytindəki "od ilə su barışdı" frazeologizmi ilə bağlı qeyd edək ki, bu ifadəni böyük Azərbaycan şairi-dramaturqu Hüseyn Cavid bir şeirində bu şəkildə işlədib:

Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İstiyorkən sevgi yolu
Acı duydum hər kölgədən.

Orta əsrlər Azərbaycan-türk tərcümə nümunələrində fars dilindən hərfi şəkildə tərcümə olunmuş frazeoloji birləşmələrə də rast gəlirik. Məsələn, nam bordən - adın aparmaq (ad çəkmək), xəşm foru bordən - acığ yudmaq (hirsini basmaq), təngdəst şodən - əli dar olmaq (əliaşağı olmaq), peşimani xordən - peşimanlığ yemək, fetne əngixtən - fitnə sıçratmaq (fitnə törətmək), zəxm xordən - zəxm yemək (yaralanmaq) və s. "Şühədanamə"də işlənən bu frazeoloji birləşmələrin hərfi yolla tərcümə olunması göz qabağındadır.
Ortaçağ tərcümə əsərlərində fars dilinin təsiri bəzi cümlələrin quruluşunda da özünü göstərir. Məsələn: "Böyük qərdaşı ki adı Məhəmməd idi, uyxudan oyandı və kiçi qərdaşı ki adı İbrahim idi, dedi... Ol nəstəyə ki, ana buyurmış idilər, məşğul oldı. Qasım bir çadıra ki, anası ilən gəlin anda idilər, gəldi. ("Şühədanamə"). Nişati bu cümlələrini eynilə farsca mətndəki kimi qurmuş və sözlərin sırasını olduğu kimi saxlayıb.
"Şühədanamə"də hərfi tərcümənin təsiri ədəbi dilimizin qrammatik normalarına uyğun gəlməyən digər cümlə tiplərində də özünü göstərir. Məsələn: "Biz səni təxtü cah içün yaratmışuz, nə quyınun dibi üçun". Qeyd edək ki, fars mənşəli nə bağlayıcısının köməyi ilə qurulmuş bu cür cümlələrə Füzulinin "Hədiqətus-süəda" əsərində də rast gəlirik. Məsələn: Ey Adəm, bu müddəa əsəri - məhəbbətindür, nə ki müqtəzayi-şəriətin. Maraqlıdır ki, "Şühədanamə"də bəzən nə, nə ki əvəzinə onun türkcə qarşılığı olan yox/yoq sözləri də işlənib. Məsələn: bizim müddəamız oldur ki, sənün boğazundan qan axıtdırauz, yox ki, boğazuna su tokəüz.
Orta əsr mütərcimləri tərcümə prosesində söz yaradıcılığı sahəsində də səmərəli fəaliyyət göstərərək bir sıra yeni sözlər yaratmışlar. Məsələn: aldayıcı (aldadan), diləci (alan), qayrıc (hami), saqlayıcı (gözətçi), oquyıcı (oxucu), yol kəsici (yol kəsən, oğru), ırlayıcı (xanəndə, müğənni), pambıq atıcı (həllac), gözə dərman salıcı, günlük (pərdə) və s.
Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərinin dilində nadir hallarda çığatay dilinin təsiri də özünü göstərir. Məsələn: andin (ondan), yüzidin (üzündən), nuridin (nurundan), canumğə, könüllarğə, quşlarğə və s. Bu xüsusiyyət daha çox Nişatinin "Şeyx Səfi təzkirəsi"ndə nəsr arasında verilən nəzm parçalarında özünü göstərir. Məsələn:

Günəşin nuridin qayğularumuz cümlə nur oldı,
Qaranğu gecələr sübh oldı, zülmət qamu dur oldı.
Qarçağay çün avinə açsa qanat,
Yolda özgəlarğə pərva eyləməz.

Beləliklə, orta əsrlər Azərbaycan-türk tərcümə nümunələri haqqındakı bu qeydlərimiz sübut edir ki, sözügedən mətnlər ədəbi dil tarixinin hərtərəfli araşdırılması baxımından olduqca dəyərli qaynaqlardır.

Möhsün Nağısoylu,
filologiya üzrə elmləri doktoru
Bu xəbər oxucular tərəfindən 2893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed