Şrift:
Azərbaycanda ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanılıb
20.12.2011 [12:28] - Gündəm
“Azərbaycanda ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanılıb. Hazırda Akkreditasiya Komissiyası tərəfindən Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin akkreditasiyası həyata keçirilir”.

Bunu Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib. O bildirib ki, məktəb-liseyinin şagirdlərinin fənlər üzrə hazırlıq səviyyələri də yoxlanacaq: “Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən məktəbin 9-cu və 11-ci sinif şagirdləri üçün imtahan keçiriləcək. Məktəb tərəfindən hazırlanan imtahan suallarından 60-ı seçiləcək və onlara cavab vermək üçün şagirdlərə bir saat vaxt veriləcək. İmtahanın keçirilməsində məqsəd şagirdlərin əldə etdikləri biliklər üzə yaddaşlarını yoxlamaqdır”.

Qeyd edək ki, təhsil naziri Misir Mərdanov orta məktəblərin akkreditasiyasına başlanılması ilə əlaqədar əmr imzalayıb. Orta məktəblərin akkreditasiyası ilkin olaraq 11 pilot məktəbi əhatə edəcək. Həmin məktəblər Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir.

Xatırladaq ki, bir qədər əvvəl Təhsil Nazirliyində “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” və “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar” təsdiqlənib.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed