Şrift:
Vadinin Halo dayısı...
20.12.2011 [16:00] - Gündəm
Əsl Türk kişisi obrazının mahir ifaçısı - Sönməz Atasoy



“Sənət insanı insanla anladan ən kültürəl olaydır”.
(Sönməz Atasoy)


Kıvırcık saçlarına,
Dən düşmüş uçlarına,
Dağın yamaçlarına,
Yaslan be, Halil İbrahim...


Əsl Türk kişisi obrazının mahir ifaçısı olduğu üçün Türk Dünyasında çox sevilən Sönməz Atasoy İsparta vilayətində “Sakarya Fırat” adlı serialın çəkilişləri zamanı infarkt keçirib. Şövkət Dəmirəl adına kardioloji mərkəzə götürülən aktyor bir həftə müalicə olunduqdan sonra reanimasiyada, gecəyarısı, saat 00.15-də həyatını itirdi.
Vadinin Poladı Necati Şaşmaz “Ölüm Allahın əmri də, ayrılıq olmasaydı, mən bir dostumdan ayrıldım, ona haqqımı halal etdim və halallıq istədim” dedi.
Aktyor hələ həyatda ikən qızının onun yolunu davam etdirdiyini görə bildi. Belə ki, onun dəfnində məhz atasına yaraşar bir cümlə işlədən Fadik Sevin Atasoy hüznünü belə dilə gətirdi:
“Atam mənə hər zaman hər şeyin haqqını ver, deyərdi. Məni danışdırmayın, əgər danışarsam bəlkə duyğularımın haqqını sözlərimlə verə bilmərəm. İtirdiyim adam, müəllimim, həyat dostum - Atamdır, lütfən susun...”.
Niyə getdin, Halo dayı? Sənsiz yetim qalmadımı ağalığın adamları?
Səndəmi getdin? Bu dünyanın altı-üstündən beləmi dəyərlidir ki, oraya can atırsız? Bu dünyanın çəkisi yüngülləşər Halo dayı, yaslanmağa bir dağ yamacı qalmaz...
“Qurdlar Vadisi”nin Xəlil İbrahimi, “Sakarya Fırat”ın kürd ağası...
Bəs Azərbaycan tamaşaçısı bu adamı niyə sevdi? Niyə hər kəs Vadinin Halo dayısına heyran oldu? Niyə, bilirsizmi?
Çünki, o aktyor bir Türk kişisi obrazını qoydu ortaya. Çərçivədən, ölçülərdən uzaq, dədələşmiş bir dədə obrazını yaratdı. Sanki hər kəsin elə buna ehtiyacı vardı və hamı birmənalı şəkildə bu dəli adamı sevməyə başladı. Ümumiyyətlə “Qurdlar vadisi” bir boşluqda çırpınan Azərbaycan tamaşaçısını uzun müddət oyaladı. Görmək istədiklərini axtaranlar, olmaq istədikləri kimi ola bilməyənlər özlərini bu serialda tapdılar. Nəinki Azərbaycanda, izlənildiyi hər yerdə bu film məhz bunları bacardı. Bir də buranın fərqli hər obrazı kimi seyrçilər Halo dayını da sevdilər. Unudulmuş dəyərlərin yeni qəhrəmanı Halo dayını..

...dağın yamaçlarına,
Yaslan bə, Halil İbrahim.
Sanki bu adam elə Xəlil İbrahimin özüdü. Sanki bir dağ köksüdür, və bütün gücsüzləri sinəsinə yaslayıb. Sönməz Atasoy “Sakarya Fırat”da bir türk zabitinə atalıq edən, Çanaqqala savaşında şəhid olan bir kürd şəhidinin oğlu, kürd ağası, Vadidə bütün hər kəsə arxa, dayaq olmaqla bərabər, ahıl çağında, gənc bir qadının heyranlığını, təmiz sevgisini qazana bilən bir obrazdır, izləyənlərin ürəyində. Qısacası, Vadinin Halo dayısıdır...
Dəli bir ehtirasla roluna sarılan bu adam aktyor idimi? İnanmıram. Sönməz Atasoy hər rolunda özü olmağı bacaran nadir sənət adamlarından idi və bunu demək üçün bir teatr bilicisi olmağa ehtiyac yoxdur. Eləcə gözünüzün qabağına ağ saçlı bu adamı gətirin.
Onun uğuru da elə bundaydı. Bu adam özünü oynayırdı, bütün davranışlarında özünü ifadə edirdi, bütün varlığıyla özüydü. Bax elə bu “öz”dür insanı insan yapan. Sönməz Atasoy içindəki ADAM - lığı SƏNƏT - inə daşımaqla, bütün dünyaya, bəşəriyyətə BİR TÜRK KİŞİSİNİN necə olmalı olduğunu sübut etdi.

İşini bitirdi...
İşini bitirdi və...
Tanrının yanına çəkildi...
Vadinin Halo dayısı getdi!!!


Bu xəbər oxucular tərəfindən 1927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed