Şrift:
Səfir: İtaliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi ikitərəfli münasibətlərimizin vacib elementidir
21.08.2014 [12:24] - Siyasət, Müsahibə
“Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəstəklənməsi və münaqişənin məhz bu əsasda həll edilməsinə çağırış beynəlxalq birliyin yekdil və qəti mövqeyidir”

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun APA-ya müsahibəsi

- Avqustun 15-də İtaliyanın Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair İtaliyanın mövqeyini açıqlayan, İtaliya-Azərbaycan əlaqələrinə dair kommünike yayıb. Azərbaycanın İtaliyadakı səfiri kimi, bu kommünikeni necə şərh edərdiniz?

- Məlumdur ki, Azərbaycanla İtaliya arasında münasibətlər tarixi əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq ənənələri ilə səciyyələnir. Prezident İlham Əliyevin İtaliyaya son rəsmi səfəri dostluq, qarşılıqlı etimad və müxtəlif sahələrdə maraqların yaxınlığına əsaslanan hərtərəfli əlaqələrimizin yüksək səviyyəsini bir daha vurğulayaraq, ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə tərəfdaşlığımız üçün geniş perspektivlərin açılacağını göstərdi.

14 iyul tarixində Azərbaycan prezidenti ilə İtaliyanın baş naziri arasındakı görüş zamanı qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimizin ikitərəfli əlaqələrə keyfiyyətcə yeni xarakter vermək niyyətini ifadə edir. Bu önəmli sənəd hər iki ölkənin uğurlu birgə fəaliyyətinin nəticəsidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlar yolu ilə davamlı həllinə nail olunmasına dair təxirəsalınmaz zərurətin etiraf edilməsi Birgə Bəyannamənin vacib tərkib hissəsidir. Bu sənəddə Azərbaycan və İtaliya qeyd edir ki, iki ölkənin strateji tərəfdaşlığı, bir sıra digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsi üzrə daha sıx əməkdaşlığı da ehtiva edir. Bəyannamənin bu müddəası münaqişə ilə əlaqədar beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri tərəfindən qəbul olunmuş çoxsaylı qətnamələrə və beynəlxalq hüquq sənədlərə əsaslanır.

Ümumiyyətlə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəstəklənməsi və münaqişənin məhz bu əsasda həll edilməsinə çağırış beynəlxalq birliyin yekdil və qəti mövqeyidir. Beynəlxalq birliyin bu qəti mövqeyinə qarşı çıxan yeganə dövlət Ermənistandır.

Unutmamaq lazımdır ki, dövlətlərarası münasibətlərin əsasını qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət təşkil edir.

İtaliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi ikitərəfli münasibətlərimizin vacib elementidir. Xatırlatmaq istərdim ki, İtaliya hələ doxsanıncı illərin əvvəllərindən ATƏT-in Minsk qrupunun təşəkkül tapması prosesində iştirak edib və ATƏT-in Minsk Qrupunun üzvü olmaqda davam edir. Bu səbəbdən Minsk Qrupunun işinin İtaliya tərəfindən dəstəklənməsi təbii haldır. Münaqişə bölgəsində son zamanlar baş vermiş hadisələrlə bağlı İtaliyanın dərin narahatlıq bildirməsi də tərəfimizdən alqışlanır.

İtaliya Avropa İttifaqının həmtəsisçilərindən biridir və təsadüfi deyil ki, onun bu məsələdə mövqeyi Avropa İttifaqının ümumi siyasəti ilə üst-üstə düşür.

Hesab edirik ki, bu münaqişənin həll edilməsində Avropa İttifaqının da əhəmiyyətli rolu var. Avropa İttifaqı ölkələri üçün prinsipial əhəmiyyət daşıyan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət Avropa İttifaqı və onun alt-təsisatlarının, Avropa Parlamentinin və üzv ölkələrin Azərbaycana aid çoxsaylı bəyanatlarında və sənədlərində əksini tapıb. Düşünürəm ki, həmin yanaşma Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında hazırlanacaq ikitərəfli sənəddə də öz əksini tapacaq.

- Azərbaycan-İtaliya əlaqələrinin gələcək perspektivlərini necə görürsünüz?

- Bir daha vurğulamaq istərdim ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və İtaliyanın malik olduğu mövcud potensialını yeni müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına çevirmək məqsədilə mühüm çərçivə rolunu oynayaraq, ölkələrimiz qarşısında əlverişli üfüqlər açır.

Yekunda Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin müəyyən etdiyi hədəflərə uyğun olaraq, ölkələrimizin və xalqlarımızın iradəsi, qarşılıqlı etimadı və hörməti əsasında Azərbaycan və İtaliya dostluğunun və əməkdaşlığının qarşıdan gələn illərdə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istərdim.
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed