20.12.2011 [16:17] - Diaspor
Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti Vazeh Əsgərovla müsahibə
-Vazeh bəy, Fransada Azərbaycan diasporunun fəaliyyəti hiss olunurmu?
- Ümumiyyətlə, diaspor fəaliyyət tarixində aktivlik və passivlik müsahidə edilməsi normal haldır. Rusiyanın 1920-ci ildə Azərbaycanı yenidən işğal etməsi tam yeni bir nəslin Avropaya, o cümlədən Fransaya axını ilə nəticələndi. Ayrı-ayrı dövrlərdə yenidən Azərbaycanın müstəqilliyə qovuşacağına inanan mühacirlər son nəfəslərinə qədər mübarizələrini davam etdirdilər. Keçən əsrin 60-ci illərindən etibarən mühacirətdə olan iki nəslin fəaliyyəti başqa formatda, bir az passiv cərəyan etdi. 20 Yanvar faciəsi diasporun yenidən canlanması ilə nəticələndi. Bir çox təşkilatlar Azərbaycanda yaranan yeni ruhdan faydalanaraq fəaliyyətlərini əlaqəli şəkildə genişləndirdilər. Hal-hazırda diaspor işləri ilə əsasən Fransada təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan və s. azərbaycanlılar məşğul olur. Bu işə əslən azərbaycanlı olan fransızlar cəlb olunsalar fəaliyyətimiz daha uzunmüddətli və effektli olar.
- Erməni diasporunun güclü olduğu Fransada diaspor fəaliyyəti göstərmək çətin deyil ki?
- Fransızların acıq şəkildə erməni diasporasını dəstəkləməsi bilavasitə burada yaşayan ermənilərin XX əsr boyu Fransaya olan inteqrasiyasından irəli gəlir. Ermənilər Fransada və eləcə də digər məskunlaşmış ölkələrdə illər boyu mübarizə aparmış və özlərinin siyasətlərini yeritməyə müvəffəq olmuşlar. Qeyri-rəsmi məlumatlara görə, Fransada 70 minə yaxın azərbaycanlı yaşayır ki, onların da böyük hissəsini İrandan, Türkiyədən emiqrasiya etmiş həmvətənlilər tutur. Son 15 ildə Fransada məskunlaşan, ticarət əlaqələri quran eləcə də təhsil almağa gələn soydaşlarımızın sayı artmaqdadır. Zənnimcə fransız ictimaiyyətində vətənimizə qarşı müsbət rəyə yalnız təşkilatlanmaqla, eləcə də bu dildə olan nəşrlərin azlığını nəzərə alaraq bülletenlər, jurnallar, qəzetler və kitab dərc etməklə və ən effektlisi müxtəlif səpkidə internet resurslarının yaradılması ilə yiyələnmək olar.
- Ümumiyyətlə, bu gün Fransa cəmiyyəti, ictimai qurumları, strateji mərkəzləri Azərbaycan haqqında təsəvvürlərə malikdirmi? Azərbaycan adı gələndə ilk olaraq hansı təsəvvürlər yaranır?
- Ümumi ölçüdə götürsək fransızların, digər avropalılardan fərqli olaraq Azərbaycan haqqında məlumatı azdır. Bu da Azərbaycanın uzun illər boyu sovetlər birliyində olması, öz müstəqil siyasətini yürütməməsi ilə bağlıdır. Lakin son illər ərzində təşkilati fəaliyyət nəticəsində ölkəmizə qarşı olan marağın sürətlə artdıgının şahidi oluruq. Əlbəttə ki, bu bizi sevindirir və stimul verir. Fransa və Azərbaycan arasındakı ticarət əlaqələrinin 1708-ci ildə Səfəvi dövləti ilə imzalanmasını nəzərə alsaq görərik ki, dövlətimizə qarşı olan münasibəti qədimdir. İlk diplomatik əlaqələrimiz isə 1919-cu ildə ADR tərəfindən Fransaya Versal sülh konfransında iştirak üçün göndərilmiş nümayəndə heyəti arasında olmuşdur. Lakin müəyyən səbəblərdən bu əlaqələr ölkəmiz yenidən müstəqilliyini əldə etdikdən sonra qurulmağa başlamış və ilk müstəqilliyimizi tanıyan respublikalardan biri də məhz Fransa olmuşdur.
- Hal-hazırda Fransada nə qədər Azərbaycan cəmiyyətləri fəaliyyət göstərir və onlar arasında koordinasiya vəziyyəti hansı səviyyədədir?
- Fransada fəaliyyət göstərən digər Azərbaycan cəmiyyətləri ilə birgə tədbirlərdə fəaliyyətimiz mövcuddur. Bu məqsədlə 2004-cu ildə bütün Fransada təhsil alan tələbələri bir qrupda birləşdirmək məqsədi ilə virtual səhifə də yaradılmışdır. Lakin fəaliyyətdə olan cəmiyyətlər ilə koordinasiya yaradılması və inkişaf etdirilməsi vacibdir.
- Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir mərkəzdən idarə olunması mümkündürmü? Ən azından koordinasiya şəklində fəaliyyət göstərsinlər. Çünki diaspor qurumlarımızın fəaliyyətində sistemsizlik özünü açıq şəkildə göstərir...
- Hər hansı bir məqsədə çatmaq üçün birlik mütləqdir. Zənnimcə hər bir təşkilatın, yerləşdiyi ölkədən asılı olaraq, öz dəsti-xəttini saxlamaq şərti ilə sistem şəklində mübarizə aparması vacibdir. İxtiyarımızdakı internet xidmətlərinin faydasına varsaq bu məqsədə daha tez çatmış olarıq.
-Qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutulan qanun layihəsinin Fransa parlamentinə göndərilməsini necə dəyərləndirirsiniz?
- Əgər, 2011-ci ildə hələ də əsatir olmuş “xatirə” bir hüquqdan danışılırsa, onda 1918-1923-ci illərdə türklərə və müsəlmanlara qarşı qərb ölkələrinin xüsusun də Fransa və İngiltərənin yürütdüyü siyasətdən danışmaq lazımdır.
Məncə, Paris sülh konfransında Corc Liyodun Anadolunu qərb xristian dövlətləri arasında paylaşdırmağı təklif etməsini xatırlatmaq kifayyətdir. Həqiqətdən də Nikolos Sarkozinin prezident seçilməsindən və Türkiyənin Avropa Birliyinə daxil olmasına qarşı çıxmasından sonra fransız-türk münasibətləri ciddi şəkildə soyuyub. Düşünürəm ki, bu ilin 22 dekabrında Fransa Milli Assambleyası tərəfindən müzakirə çıxarılacaq qanun 2012 ci ilin mayında qəbul olunarsa iki dövlət arasında soyuqluq daha artacaq.
Əgər, qanun qəbul olunarsa erməni soyqırımını inkar edən hər bir şəxs 1 ilə qədər azadlıqdan məhrum olunma və 45000 avro pul vəsaiti ödəmə ilə üz-üzə qalacaq.
Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |