Şrift:
Ermənilər Naxçıvandan daha çox qorxmağa başlayır
23.08.2014 [12:16] - Gündəm, Hərb, Özəl xəbər, Fərəc Quliyev
Aydın Mirzəzadə: " Naxçıvanın təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlar öz səmərəsini verir"

Fərəc Quliyev: "Türkiyənin bu məsələyə müdaxiləsi mümkündür, amma hesab etmirəm ki, bunun üçün mütləq qardaş ölkə ordusu Naxçıvanda yerləşməlidir"

Cəbhədə vəziyyətin gərgin olduğu hamıya bəllidir. Artıq uzun müddətdir ki, təmas xəttində ermənilər tərəfindən atəşkəsin pozulması halları daha intensiv xarakter alıb. Hətta, bir ara ermənilər Azərbaycan Ordusunun nəzarəti altında olan ərazilərə diversiya xarakterli hücumlar da həyata keçirməyə çalışdılar. Ancaq Azərbaycan Ordusunun əsgərləri tərəfindən güclü müqavimətə rast gələrək, geri otuzduruldular. Bununla belə, cəbhə bölgəsində vəziyyət kəskin olaraq qalmaqdadır. Vəziyyətin gərgin olduğu istiqamətlərdən biri də blokada şəraitində yaşamağa məcbur olan Naxçıvandır. Xatırladaq ki, muxtar respublikanın təhlükəsizliyindən qardaş Türkiyə də belə demək mümknüsə, sorumludur. Bu fonda tez-tez gündəmə gətrilən məsələlərdən biri də Naxçıvanda Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsidir.
Millət vəkili Aydın Mirzəzadə buna ehtiyac olmadığı qənaətindədir: "Azərbaycanın bütün bölgələri, o cümlədən Naxçıvanın təhlükəsizlik məsələsi dövlətimizin gündəlik həll etdiyi məsələlərdən biridir. Silahlı Qüvvələrin inkişafına ayrılan diqqət, büdcədə bu istiqamət üzrə nəzərdə tutulan vəsait, bu sahədə aparılan böyük işlər arzuolunan nəticələri əldə etməyə imkan verir. Naxçıvan anklav vəziyyətində, əsas ərazidən digər dövlətin ərazisi ilə ayrıldığına görə, onun təhlükəsizliyi və qorunması çox önəmli yer tutur. Bu istiqamətdə də bir çox işlər görülüb. Son dövrdə atılan ən ciddi addım isə orada Əlahiddə qoşunun yaradılması ilə bağlı qəbul edilən qərardır. Bu isə lazım gəldikdə müstəqil qərar qəbul etməyə, həmçinin, Ermənistanın Naxçıvana təzyiqini heçə endirməyə imkan verir. Kifayət qədər canlı qüvvə və əlahiddə silah-sursatla təmin edilən bu qoşun son dövrlərdə keçirilən bir neçə təlimlərdə də özünün yüksək döyüş qabiliyyətini göstərdi. Azərbaycanın Naxçıvanla bağlı atdığı bu kimi addımlar Ermənistanın özündə ciddi müzakirə mövzularından biridir. Ermənistan mətbuatı, eləcə də ictimai-siyasi dairələri bundan hətta narahatçılıq keçirməyə başlayıb. Bunun özü göstərir ki, Naxçıvanın təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlar öz səmərəsini verir. Bu gün Azərbaycan dövlətçiliyi və iqtisadiyyatının güclənməsi bütün sahələr, o cümlədən Naxçıvanın təhlükəsizliyilə bağlı məsələləri yüksək səviyyədə həll etməyə imkan verir. Belə bir fonda əlbəttə ki, digər ölkələrin, o cümlədən qardaş Türkiyənin Silahlı Qüvvələrinin orada yerləşdirilməsinə heç bir ehtiyac yoxdur. Azərbaycan müstəqilliyinin 23 ili ərzində görülən işlər Naxçıvanın təhlükəsizliyini tamamilə təmin edir".
Millət vəkili Fərəc Quliyev qeyd etdi ki, Azərbaycan ərazisində Türkiyə qoşunlarının olmasına normal baxılmalıdır. Amma məcbur deyil ki, bunun üçün mütləq Türkiyə ordusu Naxçıvanda yerləşsin: "Naxçıvanın təhlükəsizliyinin təmini istiqamətində bir sıra anlaşmalar vardır. Bunlardan da ən mühümü 1921-ci ildə imzalanan Qars müqaviləsidir. Qars müqaviləsinə görə, Naxçıvan digər dövlətlərin protektoratına düşərsə, ona qarşı hər hansı təcavüz olarsa, Türkiyənin bu məsələlərə müdaxilə imkanları vardır. Yəni Türkiyə ordusunun Naxçıvanda yerləşib-yerləşməməsindən asılı olmayaraq, itənilən məsələdə Ankaranın müdaxilə etmək hüququ var. İkinci bir tərəfdən, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur. Hərbi məsələlərlə bağlı iki ölkə arasında müqavilələr imzalanıb. Hətta iki qardaş ölkə arasında bir çox məsələlərdə koordinasiya olunma məsələləri mövcuddur. Xüsusən türkdilli dövlətlərin qurduğu formatlar qismində. Türkiyənin bu məsələlərə müdaxiləsi tamamilə mümkündür. Amma hesab etmirəm ki, bunun üçün mütləq Türkiyə ordusu Naxçıvanda yerləşməlidir. Türkiyənin 11 km ərazidə Naxçıvanla quru sərhədi vardır. İstənilən an hüquqi əsaslarla buradan yardım etməyə imkanlar var. Amma bütün bunlara baxmayaraq, Azərbaycan ərazisində Türkiyə bazalarının olması normal qarşılanmalıdır. Eyni zamanda, Azərbaycanın hərbi hissələri Türkiyə ərazisi və başqa yerlərdə də ola bilər. Mədəni və iqtisadi müstəvidəki münasibətlərimizi siyasi və hərbi müstəvidə əlaqələrə çevirməkdə tərəddüd etməli deyilik. Çünki, Azərbaycan ancaq müəyyən təhdidlərə qarşı olmaq, özümüzü müdafiə etmək, bölgədə sabitliyin yaradılması üçün təmərkküzləşmə aparır. Heç kimi təhdid etmir, Ermənistandan fərqli olaraq başqa əraziləri işğal etmirik. O mənada, mövcud müqavilələr və sonradan yaranan anlaşmalar da imkan verir ki, Türkiyə Azərbaycanla arasındakı bütün məsələlərdə hadisələrə müdaxilə etsin".


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 1189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed