Şrift:
Fərəc Quliyev: “Bu, insanlarımızın təhlükəsizliyinə xidmət edir”
25.08.2014 [12:25] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Yeni qanun layihəsi milli mənafeyimiz baxımından zəruridir”

Cari ilin sentyabr ayında ordu və bütövlükdə hərbi xarakterli informasiyaları Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək və onların nəşrini razılaşdırmağı nəzərdə tutan yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə ordu haqqında rəsmi mənbələrdən dəqiqləşdirilməyən informasiyaların yayılması yasaqlanacaq və bu qadağanı pozan şəxslər qanun qarşısında məsuliyyətə cəlb ediləcəklər.
Hələlik məlum qanun layihəsinin qəbul edilib-edilməyəcəyi bəlli olmasa da, sözügedən layihənin artıq indidən ciddi əks-səda doğruduğu şübhəsizdir. Sözügedən qanun layihəsini şərh edən əksər hərbi-siyasi ekspert və jurnalistlər hesab edir ki, məlum layihə hərbi sirrin qorunması istəyindən daha çox ordudakı neqativ halların ört-basdır etmək zərurətindən irəli gəlir. Mütəxəssislər hesab edir ki, jurnalistləri ordu ilə bağlı yazılacaq bütün informasiyaları Müdafiə Nazirliyi ilə razılaşdırmaq məcburiyyəti qarşısında qoymaq, ölkə mediasında ordu ilə bağlı yer alan bütün xəbərləri adıçəkilən dövlət qurmunun istəyinə uyğunlaşdırmaq deməkdir ki, bu da media azadlığı və demokratiya anlayışından uzaqdır.

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev isə hesab edir ki, vətəndaşlar ölkəmizin müharibə şəraitində olduğunu nəzərə alaraq məlum qanun layihəsini anlayışla qarşılamalı və bu qanunun ölkəmizin təhlükəsizliyinə xidmət etdiyini dərk etməlidir:
“Ordu ilə bağlı yanaşmalar fərqli, müxtəlif ola bilər. Lakin unutmamalıyıq ki, Azərbaycan müharibə aparan bir ölkədir və bizim saytlarımızı ermənilər də izləyir. Necə ki, biz ermənilərin, rusların saytlarını izləyirik, onlar da eyni şəkildə bizim KİV-ləri nəzarətdə saxlayırlar. Bu baxımdan ordu ilə bağlı məxfiləşmiş materialların dərcinə diqqətlə yanaşmaq vacibdir. Doğrudur, biz düşünürük ki, bu vətəndaşlarımıza ordu ilə bağlı məhdud informasiyanın verilməsi ilə nəticələnəcək. Amma bunu da anlamaq lazımdır bu, ümumilikdə təhlükəsizlik məqsədi ilə həyata keçirilir. Çünki bu informasiyalardan düşmən tərəfinin kəşfiyyat xidməti də yararlana bilər. Bu baxımdan, bütün həyata keçirilən tədbirlər insanlarımızın təhlükəsizliyinə xidmət edir. Hesab edirəm ki, yeni qanun layihəsinə hansı ad verilməsindən asılı olmayaraq, necə qəbul edilməsindən asılı olmayaraq, bu, milli mənafeyimizə uyğundur”.
Millət vəkilinin qənaətincə, məlum qanun layihəsinin ordudakı problemlərin gizlədilməsinə şərait yarada biləcəyi ilə bağlı səslənən fikirlərlər də həqiqəti əks etdirmir:
“Hesab etmirəm ki, bu qanun layihəsi orduda baş verən problemlərin gizlədilməsinə kömək edəcək. Orduya daxil olmaq üçün xüsusi komissiyalar yaranıb. Ictimaiyyət nümayəndələrinin də təmsil olunduğu müəyyən qurumların ordudakı vəziyyətlə tanış olmaq imkanı var. Orduda xidmət edən və cəza alan şəxslərin öz müdafiəsini daha yaxşı təşkil etmək üçün kənardan vəkillərin cəlb edilməsi imkanları da artırılıb. Bütün bu məsələlər son qanun layihələrində öz əksini tapıb. Bu baxımdan hesab edirəm ki, bu qanun layihəsinin ordudakı problemlərin gizlədilməsinə, ört-basdır edilməsinə yol açacağından ehtiyat edən insanların narahatlığı üçün əsas yoxdur. Əgər müharibə vəziyyəti olmasaydı, o zaman xeyli dərəcədə güzəştlərə getmək olardı. Məxfi məlumatları gizlətmək şərti ilə şəffaflıq daha çox təmin olunardı. Amma indiki halda qəbul edilən qərarın doğru olduğunu düşünürəm”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 3077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed