Şrift:
ABBAS YUSİF OĞLU ƏHMƏDOV
25.08.2014 [13:05] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
1896-cı ildə Göyçə mahalının Ağzıbir (Kəvər-sonradan Bayazet-Kamo rayonu) kəndində anadan olub . İlk təhsilini mollaxanada, sonra qardaşı Məşədi Muxtarın məsləhətilə Kəvər rus seminariyasında oxuyur və seminariyanı əla qiymətlərlə başa vurur. 1918-ci ildə baş verən məlum Andronik quldurlarının türklərə qarşı hücumları zamanı tayfa və ailəlikcə erməni hücumlarından qorunmaq üçün Göyçə gölünün şərq sahilinə keçirlər... 1919-cu ildə Gədəbəydə yaşamalı olur və 1920-ci ildə Sovet hakimiyyəti qurulması ilə təhsilli və zəkalı şəxs kimi inqilab komitəsində məmur vəzifəsinə təyin olunur. Dörd il Gədəbəy rayonunda işlədiyi müddətdə hər zaman camaatın qeydinə qalır, kiminsə təsadüfən xırda qanun pozuntusundan həbsə düşməsinin qarsısını alır. Əlində olan səlahiyyət fəaliyyətini daha çox kəndlərdə məktəblərin, kitabxanaların, klubların tikilməsi işinə yönəldir. O anlayırdı ki, yeni tarixi şəraitdə adamlar ancaq təhsil əldə etməklə təhlükəsiz həyat sürə bilərdilər. Rayonda işləyən rəhbər hüquq və partiya işçiləri Əhmədov Abbas qədər savad və biliyə malik olmadıqlarından dövlət yazı və sənədləşmə işlərini, eyni zamanda Moskvadan , Bakıdan göndərilən rus dilindəki sənədlərə cavablar yazmaq üçün Əhmədov Abbasdan aslı idilər. Bu fürsətdən imkan daxilində rayon əhalisinin xeyirinə istifadə edərək məmurların əhalini yerli-yersiz incitməsinin qarsısını aldığı üçün xeyirxah ziyalı Əhmədov Abbasa insanların yüksək hörmət və ehtiramını yaranır. Onun yazı xətti hamını heyran edirdi, hərfləri çox gözəl ölçülü-biçimli xəttad məharətilə yazırdı. El içində deiyrdilər: “hərfləri muncuq kimi düzür...”
1924-cü ildə Əhmədov Abbas fəal ziyalı və xalqın rəğbətini qazanmış məmur kimi Çəmbərək (Krasnoselo) icrayə komitəsinə katib vəzifəsinə irəli çəkilir. 1926-cı ildə Basarkeçər rayon milis şöbəsinə rəis göndərilir. Bu tarixdən maraqlı və dəyərli bir hadisəni yazmaqda məqsədim iki Türk oğlu arasındakı kişi sözünü təqdim etməkdir: baxanda biri dövlət məmuru, o biri dövlətə düşmən qaçaqdır.
Qaçaq Qurban adlı bir igid əlində beşatan, belində, çiynində çatma qatar, altında “Çalka” adlandırdığı atla Göyçə dağlarında Sovet hakimiyyətinə baş əymədən gəzib-dolaşırdı.
Qurban varlı bir kişinin oğlu olmuş və atasını Şura hökuməti “qulaq” adı ilə sürgün etdikdən sonra silah götürüb, at minib bolşevik məmurlara qarşı vuruşub qisas alırdı. Bir həqiqəti demək lazımdır ki, o zaman da öz şəxsi mənafeyi və kürsü xatirinə milli mənsubiyyəti türk olan bəzi məmurlar düşmən (erməni bolşevik maskalı daşnakların) dəyirmanına su tökürdülər: nadanlıq ucbatından vaxtı ilə qapısında nökər işləyi varlı adamların var-dövlətinin əlindən çıxmasına, sürgün olmasına şərait yaradırdılar... Həmin adamların övladları da silah götürüm qisas alırdılar və qaçıb dağlarda gizlənirdilər. Qaçaq Qurban da onlardan biri idi...
Ermənistan “NKVD” –dən Kəvər polis rəisinin erməni müavinini qətlə yetirdiyi üçün Qaçaq Qurbanın təcili olaraq məhv edilməsi haqqında Abbas Əhmədova göstəriş verilir. Otuz yaşlı el arasında böyük hörmət və ehtirama malik milliyətcə türk olan gənc bir polis rəisi üçün bu göstəriş olduqca çətin, çıxılmaz vəziyyət yaradır. Çox götür-qoy etdikdən sonra rəis atını minib tək-tənha Qaçaq Qurbanın izinə düşməyə başlayır. Beş-altı gün dağlıq ərazilərdə gəzərək səhər evdən çıxıb, axşamlar şər qarışan zaman evə qayıdır və Qaçaq Qurbanı tapa bilmir. Nəhayət, həftə keçir səkkizinci gün Şişpiləkən dağının Dərələyəzə tərəf uzanan silsilə dərələrinin birində Qaçaq Qurbanla qarşılaşır. Qaçaq Qurban yanındakı yoldaşlarına deyir:- Əyə, uşaqlar, o pis niyyətlə gəlsəydi, başında dəstəsi olardı. Tək gəlməkdə yəqin bir məqsədi var. Siz uzaqda durun, mən gedim, görüm niyə gəlib, nə istəyir. Atına minib rəisə tərəf gəlir və yaxın məsafədə dayanır. Rəis bir az da yaxınlaşıb salam verir, atdan düşüb deyir:-Qurban, atdan düş, oturub əməlli-başlı söhbət edək, mən çox çətin bir tapşırıq almışam, sənin meyidini tələb edirlər. İyirmi gün olar ki, yediyim-içdiyim zəhərə dönüb, düşünməkdən cana gəlmişəm. Qaçaq Qurban gülümsəyərək deyir:-Ay rəis, onsuz da bir gün öləsiyəm də, qisasımı almışam, arxayınam, arxada da arvad-uşağım qalmayacaq ki, baxanı olmasın. Canım qurbandı sənə, gedək rayona yaxın bir yerdə bir güllə vur, çağır o daşnaqları baxıb ürəkləri soyusun! Sən də bu əzabdan qurtar. Rəis istehzalı bir nəzərlə Qurbanın üzünə baxıb:-Sən məni yəni o qədər namərd hesab edirsən?! Yox, elə deyil, mən yaxşı bilirəm ki, başda oturan daşnaqlar hansı yuvanın quşudurlar!... mənim sənə bir tövsiyəm var: ya İran, ya da Türkiyə ərazisinə keç, get Allah verən ömrü yaşa. Daha qisasını da almısan, nə yaşın var ki, məndən beş-altı yaş böyük olarsan. Qaçaq Qurban deyir:-Rəis, çox sağ ol, həqiqətən də el dediyi kimi, varsan! Amma mən sənə bir bəxşiş verəcəm, bu atı(Çalkanı göstərir) götür, o minib gəldiyin madyanı ver mənə, Arazın o tayında qoyub Türkiyəyə gedəcəyəm. Çalkanı aparıb orada qoya bilmərəm, bu at məni çox dardan qurtarıb, istəyirəm yaxşı bir ələ keçsin. Rəis razı olur, atı dəyişib, bir-birini bağırlarına basıb ayrılırlar... Qaçaq Qurban Arazı keçib gedən vaxt “NKVD”-dən xəbər tuturlar ki, Qaçaq Qurban Göyçə mahalında deyil. Rəisi çox sorğu-suala tuturlar ki, necə olub ki, Qurban sağ qaça bilib. Rəis izahatında göstərir ki, Qaçaq Qurban axtarışdan xəbər tutub və tez bir zamanda başqa ölkəyə keçib. Ermənistan “NKVD” məmurları rəisin məlumatına şübhə ilə yanaşırdılar. Belə bir zamanda yerlərdə yoxlama aparan Moskva nümayəndəsi də işlə tanış olarkən Abbas Əhmədovun rus dilində savadlı və mükəmməl, gözəl xətlə yazdığı yazıya heyran qalır. İzahatı oxuyan familyası Çuykov olan “NKVD” Moskva nümayəndəsi İrəvan XDİK- “NKVD”- sinə şəxsən Əhmədov Abbasla görüşmək istəyini bildirir... Görüş zamanı Moskva nümayəndəsi rəisin yazdığı izahatı qarşıya qoyub deyir:-Siz milliyyətcə türksünüz, amma məni sizin bu yazı xəttiniz və rus dilində belə savadlı, mükəmməl yazmağınız çox maraqlandırdı. Sovet hökuməti hələlik savadlı, zəkalı kadrlar yetişdirənədək sizin kimi kadrlara böyük ehtiyacı var. Gedin işləyin, siz artıq daim bizim nəzərimizdə olacaqsınız, amma qanun da qanundur, heç kəs qanundan kənara çıxmamalıdır... Rəis qarşıdakının nəyə işarə vurduğunu yaxşı başa düşürdü, odur ki, izahatda yazdığını bir daha təkrar etdi:- Mən yenə də təkrar edirəm, biz Qaçaq Qurban barəsində əməliyyat hazırlayarkən xəbər tutub başqa ölkəyə keçdi... Əslində Moskva nümayəndəsi də bilirdi ki, Qaçaq Qurban kimi mərd insanlar çox asan ələ keçib məhv olmurlar. Odur ki, rəisin sözünə inandı və erməni məmurlara məsələnin üstündən keçmək haqqında göstəriş verdi...
Rəis İrəvandan rayona qayıdarkən görüşü xatırlayıb düşünürdü: ” Bu mənimlə danışan rusa oxşamırdı, saçı qara, gözləri də qıyıq idi. Belə olanlar tatar, başqır, çuvaş... nə isə, türklərdəndir, familyası da Çuykov, yəni Çuy- Qazaxıstanda vilayət olan bir yer... Allah axırını xeyir eləsin! Mən yalan danışdım, amma neyləmək, həqiqət belədir ki, vaxtı ilə Andronik kimi quldurların dəstəsində türk qanı içən erməni daşnakları indi də maskalanıb bolşevik olub başda oturublar. Onların cinayətlərini soruşan yoxdur, lakin bir qoyun sürüsü, iyirmi-otuz inəyi olan türkləri “qulaq” eləyib, var-dövlətlərini də əllərindən alıb Sibirə göndərirlər!.. Əlbəttə, Qaçaq Qurban kimi oğullar da bunun hesabını sormalıdır... Quranda da oxumuşam ki, əgər bir yalan şərə düşmüş bir insan həyatını qurtarırsa, Allah onu günah hesab etmir... ”
1930-cu ildə ( hiss olunurdu ki, Maskvadan dəstək var idi.) Abbas Əhmədov Basarkeçər rayon icrayyə komitəsinin sədri təyin olunur, eyni zamanda Zaqafqaziya Mərkəzi İcrayyə Sovetinə üzv seçilir. Xalqını və millətini sevən Türk oğlu, zəkalı ziyalı Abbas Əhmədov Göyçə mahalında Türk kəndlərində maarif və mədəniyyət ocaqlarının təşkilatı işlərində böyük təşəbbüslər etmiş, qabiliyyətli insanların rayon vəzifələrinə irəli çəkilməsinə dəstək olmuşdur. El arasında yüksək ad-san qazanmış Abbas Əhmədov haqqında gəncliyə örnək olacaq sənədli əsərlər yazmaq zərurəti var: ehtimal ki, bu haqda düşünənlər meydana çıxacaqdır. Göyçə mahalından olan insanlar indi də Abbas Əhmədovu hörmət və ehtiramla xatırlayırlar...

Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed