Şrift:
Deputat ABŞ-lı həmsədrin "videolu Qarabağ müraciətində" xüsusi bir məna görmür
26.08.2014 [16:57] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Uorlik deyir ki, siz hansı yolu deyərsinizsə, biz onu seçərik"
"Bu, ictimaiyyəti, özünü aldatmaqdan başqa bir şey deyil"


Son vaxtlar Amerikanın həm Minsk Qrupundakı həmsədri Ceyms Uorlik, həm də Ermənistandakı səfiri Con Xeffernin dilindən tez-tez müharibə xəbərdarlıqlarının səslənməsi böyük maraqla qarşılanır.
Xatırladaq ki, Uorlik Soçi görüşündən dərhal sonra Dağlıq Qarabağın dondurulmuş münaqişə olmadığını bəyan etmişdi. Az sonra səfir Xeffern bənzər açıqlama verdi. Bunun ardınca isə Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə münaqişə tarixində ilk dəfə olaraq videomüraciət ünvanlayıb.
"Təhdid və sərt ritorika işin xeyrinə deyil... Biz son insidentlər zamanı həlak olanların və yaralananların hisslərini bölüşürük. Səfir Uorlikin dediyi kimi, bu, dondurulmuş münaqişə deyil. Odur ki, həm İrəvanı, həm də Bakını gərginliyin yumşaldılması üçün addımlar atmağa və atəşkəs rejimini gözləməyə çağırırıq". Bu sözlər həmin müraciətdəndir.
"Bu münaqişənin hərbi həlli yoxdur. Biz hər iki tərəfi ciddi danışıqlara başlamağa səsləyirik: haqq-hesab çürütmək və davamlı zorakılıq dinc nizamlanmanı daha da çətinləşdirir. Həlak olanların xatirəsini yad etməyin ən yaxşı yolu - qarşıdurmanı elə indicə dayandırmaqdır", - deyə səfir əlavə edib.
Vaşinqton paralel olaraq işğalçı ölkəni Rusiyanın yanında durmağın ağır fəsadları barədə də mütəmadi xəbərdar etməkdədir. Misal üçün, Qarabağ xəbərdarlığından bir neçə gün öncə Xeffern Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi-maliyyə sanksiyaları və onların Ermənistana mümkün təsirləri ilə bağlı suala aydınlıq gətirərək demişdi ki, Amerika tərəfi sanksiyalarla bağlı Ermənistan rəhbərliyi ilə çoxsaylı məsləhətləşmələr aparıb. Sitat: "Sanksiyalar Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Ancaq onlar Ermənistan iqtisadiyyatı üçün də neqativ nəticələr doğura bilər. Əgər bu, İrəvana xoş gəlmirsə, şikayətini Moskvaya etsin".
Diplomatik dildən tərcümədə bu da İrəvana özünü yığışdırmaq üçün başqa bir xəbərdarlıqdır.

Uorlikin yenilik edərək tərəflərə videomüraciət etməsi nə mənanı daşıya bilər?

Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanla Azərbaycana bərabər tərəf kimi yanaşma ləğv olunmayınca, kimin necə müraciət etməsinin önəmi də qalmır. Müsahibimizin sözlərinə görə, Uorlikin son müraciətini də həmin qəbilə aid etmək olar": Burda təcavüzə məruz qalan və təcavüz edən tərəf var. Azərbaycan kimi ədalətli tərəfi işğalçı Ermənistanla bir statusda tutmaq olduqca yanlışdır. Hansı kompromisdən söhbət gedə bilər? Uorlik tərəfləri kompromisə çağırır. Biz bunu 20 ildir eşdirik də. Onlar Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq istəyirlər. Artıq istəklərinin bir hissəsinə nail ola biliblər. Hətta İlham Əliyev də bəyan etdi ki, Ermənistan Qərbi Azərbaycan torpaqları hesabına özünə dövlət qurub. İndi də Qarabağ ərazisində ikinci Ermənistanı yaratmaq istəyirlər. Uorlik deyir ki, siz hansı yolu deyərsinizsə, biz onu seçərik. Bu, ictimaiyyəti, özünü aldatmaqdan başqa bir şey deyil. Sülh yolu ilə münaqişəni həll edə bilmirlərsə, başaldadan çıxışları ilə camaatı tovlamasınlar".


Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 1393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed