Şrift:
Anamın fəryadı və SSRİ-nin qəfil infarktdan ölümü
20.12.2011 [17:20] - DAVAMın yazıları
Keçən əsrin 70-ci illəri idi. Mən təzə-təzə ədəbi “üz bağlayırdım”. Lənkəranda, həyətimizdə böyük bir əncir ağacı var idi. Bəh-bəh, necə əncir idi! Yetişəndə mən də rayonda olsam, özüm də, Anam da doyunca yeyərdik. Ancaq mən rayonda həmişə olmurdum, çünki Bakıda yaşayırdım.
Mərhum qardaşım Qəhrəman o məndən iki yaş kiçik idi, ailəsi ilə, Anamla daim konfliktdə olduğundan hər gün ağaca çıxıb həm özü doyunca yeyər, həm də arvadı üçün dərər, Anama isə bir dənə də verməzdi.
Nəhayət, bu uzun illər davam etdiyinə görə Anam yanıb-yaxılıb fəryadla əllərini göyə açaraq -Ay Allah, bu ağacı məhv elə!- deyə qışqırmışdı.
Və elə həmin gecə güclü küləkdən sonra səhər durub görmüşdülər ki, yarım metr enində gövdəsi olan əncir ağacı kökündən qoparaq yıxılıb. Lənkəranda küləklər çox olur. Bəzən lap bərk, ancaq bu boyda ağacı kökündən çıxarıb yıxdığını görən olmayıb.
Mən həqiqətən də Allahın Anamın ürəkdən gələn qarğışını eşitməsinə inanmıram. Belə hadisələr baş versə də yəqin ki, səbəb ayrıdır. Bəlkə Anam bu cür küləyin yolda olub, gəlməkdə olduğunu hiss edibmiş? Bəlkə də. Ya ağacın kökü çürüyübmüş? Lakin bu əhvalat o vaxt hamını heyrətdə qoymuşdu, Qəhrəmanı da, elə Anamın özünü də.
Mən həmin illərdə gecə-gündüz oxuyur, (Nitşe və Kafkanı, Lebonu, hətta Elçindən aldığım Prustu da) müxtəlif yazılar yazır, ən çox başımda necə deyərlər anti-sovet mövzular, süjetlər cəmləşirdi.
İllər keçdikcə, bu mövzular, bu sərvətlər artıb-çıxalır və mən onları güclə özümlə dartıb gəzdirir, çox çətinliklə gizlədə bilirdim. Tarixi mövzu pərdəsi ilə və pritça adı ilə bəzilərini çap etdirə bilsəm də əksəriyyəti yüklənib qalmışdı.
Gecə-gündüz bu riyakar və qəddar rejimin çökməsini bütün varlığımla arzulayırdım.
Əlbəttə ölkəmizdə Xəlil Rza kimi rejimin əleyhdarları vardı. Amma onlar bunu fəryadla arzulamır və ən əsası mahiyyətcə rejimi inkar və ifşa edən böyük fəlsəfi və ədəbi irslərdən xəbərdar deyildilər. Lebonu, Kafkanı məndən başqa heç kim tanımırdı və oxumurdu.
Və nəhayət həyətimizdəki əncir ağacı kimi Sovet İmperiyası da eləcə, qəfildən çökdü. Gurultudan qulaq tutuldu. Amma heç kim bilmədi ki, səbəbkarı mənim fəryadımdır. Hər halda mən belə hesab edirdim.
Bu hadisənin baş verəcəyini bir-iki il qabaq kimə desəydin heç kim inanmazdı. Bəs necə oldu bu hadisə baş verdi? Bunun çoxlu səbəbləri vardı:
Yağın və ətin qıtlığı, qəhrəman dissidentlər ordusu (əksəriyyəti yəhudilər idi) və nəhayət azadlıq və demokratiya carçısı olan Qorbaçov və Yeltsinin hakimiyyətə gəlməsi... Lakin mən yenə öz fikrimdə qalıram və ən azı öz fəryadımı da bu adamların cərgəsinə qatıram.
Sonra da respublikamızda metamafoza baş verdi. Və çevrilişin bəhrəsini Sovet rejiminin mənim kimi düşmənləri deyil, dostları - Əkrəm, Anar, Elçin və başqaları gördü. Köhnə və mətin kommunistlər və sadiq nomenqlatura nümayəndələri. Lakin mən onlara həsəd aparmıram. Çətinliklə dolansaq da özümü onlardan qat-qat xoşbəxt edirəm. Əvvələn, ŞANLI LEBONUN ƏSƏRİNƏ, öz diliməzdə çap olunan əsərinə ön söz yazdığıma, ikincisi, 1100 səhifəlik qadağan olunmuş dərin fəlsəfi fikirlər antologiyasını dilimizdə çap etdirdiyimə, nəhayət həmin o cür acı həqiqətlərlə dolu saysız kitablarımı və otuz cildlik külliyyatımı görməyimə görə.
Bu xəbər oxucular tərəfindən 1308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed