Şrift:
Nəyşə?..
20.12.2011 [17:26] - Gündəm
Yazı var elədi, yazı var belədi,
yazı da var bunun kimi “elə-belə”di

Rusun papağına qan qusduran kəlağayım


İki gün əvvəl özüm üçün şəhəri gəzirdim. Bulvardan keçidə enib “Torqovıy” küçəsiylə üzüaşağı enməyə başladım. Mənə elə gəldi ki, bu küçənin adamları başqadır. Sanki Marsdan gəliblər. Ya da ən doğrusu belə ifadə edək: bu küçədə paytaxt Bakının bir ovuc “şəhərli görüntülü” əhalisi yaşayır. Nöydərəmət sifətli, əndrəbadi geyimli bir sürü adam aşağı-yuxarı yol ölçür, iki tərəfli səkisində 1941-45-ci illəri yada salan hərbi papaqların, Sovet Ordusuna məxsus döş nişanlarının satıldığı bu küçəylə.
Mən bu küçəni sevmirəm, amma niyəsini də deyim. Bax elə buna görə, eyni zamanda olanların olmayanlar üzərində hökmranlıq nümayişinə görə, çarəsizlərin, biəlacların bu küçənin işıltısında əriyib yox olduqlarına görə. Amma bir məqam da var, bu küçə elə öz adını ehtiva edir özündə: “Torqovıy”, ticarət olunan yer, yəni bazar!
Bura da o işıltılı insanların üz qabıqlarının bazarıdır. Rəngli büqələmunların, cilddən-cildə girənlərin içindəki cılızlıqları basdırıb görüntü nümayiş etdirdikləri məkan. Mənim kəlağayım burada rus papağı ilə yanaşı satılır. O kəlağayı ki, rusun papağına illərlə qan qusdurub. Nə isə.
Bu dəfə bu küçə ilə ilgili bir dərdimdən danışacam. Elə bilməyin a bir küçənin dərdi təkcə bununla bitir, yox, o qədər dərdləri var ki.
Bzimi kəndimizdə kiçik uşaqların çox işlətdiyi bir kəlmə var. Onlar “niyə”deyə soruşmazlar, “nəyşə” deyərlər. Yəni, “nə işə görə?” bax, mənim də içimdən elə bu kəlmə keçdi. Nəyşə? Bu Sovet papaqlarının mənim kəlağayımın başına açdığı oyunlar yetmədimi ki, indi də yanaşı satılır? O Sovet Ordusu deyildimi analarımızın başına qara kəlağayı ötdürən? Bax, bu məqamda Dərbədər belə susar. Daha kimə nə desin ki, kimi qınasın? Bu məmləkətdə biri əlinə qələm alıb iki həmcinsin, özü də biri erməni, biri azərbaycanlı nə bilim nə cinsin ilahi sevgisindən kitab yazırsa (Əli Əkbər red:), ölkənin aparıcı kanallarından biri (ANS) bunu hətta müzakirəyə də qoya bilirsə, bax burda mənim kimi laməkan, dərbədər biri də susar.
Kanallara yalvarsan ki, bir mədəniyyət proqramını maddi qarşılıq gözləmədən yayımla, heç biri azərbaycan lüğətində olmayan bir sürü sözlərlə texniki mümkünsüzlüklərlə bağlı bəhanələr gətirirlər.
Bu qədər özündənqaçmanı görəndən sonra aidiyyatı şəxslərdən soruşmaq istəyirəm - NƏYŞƏ?!

Dərbədər
Bu xəbər oxucular tərəfindən 3341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed