Şrift:
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix"adlı kitabı çap olunub
27.08.2014 [21:54] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabı Moskvada çapdan çıxıb.

AzərTAc xəbər verir ki, kitabda münaqişənin antik dövrdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.

Tədqiqatda Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə olunur və müasir dövrə qədər bu regionun tarixindən bəhs edilir. Müəllif kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

Əsərdə antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Müəllif sistemli şəkildə bir epoxadan digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi boyunca ermənilərin orada olmamasını vurğulayır. Yalnız XIX əsrin birinci yarısından demoqrafik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında - indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayır. Göstərilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb. Ermənilər iki əsr ərzində avtoxton azərbaycanlı əhalini sıxışdıraraq bu ərazidən çıxarıb və monomilli ölkə yaratmaq üçün əllərindən gələni ediblər.

Kitabda erməni məxəzlərindən və xarici məxəzlərdən geniş istifadə edilməsi ermənilərin əzəli Azərbaycan torpaqlarına əsaslandırılmış iddialarının olmamasını göstərir. Bildirilir ki, başabəla erməni tarixçilərinin bütün "sübut bazası" "böyük Ermənistan" haqqında mif və naqis ideologiyadan irəli gələn xam xəyaldır.
Müəllif göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsi həm iki dövlətin - müxtəlif sosial-iqtisadi şəraitdə yaşayan Ermənistanın və Azərbaycanın yanaşı mövcudluğu problemini, həm də onların gələcəyə perspektivlərinin müxtəlif olduğunu açıqlayır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev çoxsaylı çıxışlarında Ermənistanın regional layihələrdən təcrid olunması nəticəsində Azərbaycan ilə Ermənistan arasında dərin sosial-iqtisadi uçurum yaranmasını dəfələrlə vurğulayıb. Azərbaycan bir neçə onillik üçün strateji inkişafını planlaşdırdığı halda, Ermənistanın salamat qalmaq problemini həll etməyə cəhd göstərməsi faktı bu siyasətin nəticəsidir.

Əsrlər boyu tolerantlığı və qonaqpərvərliyi ilə seçilən Qafqaz böyük imperiyaların istibdadından, cəhalətdən və dini təqiblərdən qurtulmaq istəyən xalqlar üçün sakit liman olub. Lakin Qafqaza köçürülmüş ermənilər təzə yerdə möhkəmlənən kimi yerli sakinlərin tarixini, abidələrini, məbədlərini və toponimlərini fəal şəkildə mənimsəməyə başladılar. Elə həmin proses çərçivəsində alban toponimi arsaxı özününküləşdirdilər və indi ermənilər Qarabağ ərazisini belə adlandırırlar.
Azərbaycandakı xristian abidələri erməni ruhaniləri tərəfindən həmişə saxtalaşdırma obyekti olub. Əsrlər boyu Alban kilsəsi ilə mübarizə aparan Erməni kilsəsi planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışırdı. Alban əlyazmalarının və epiqrafikasının məhv edilməsi də bu siyasətin bir hissəsi idi. Təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesi bu gün də davam edir. İndi Azərbaycanın işğal edilmiş torpaqlarında qədim Azərbaycan adları sürətlə dəyişdirilir.

Məhz hər bir elementin, hər bir detalın problemin təkamülünü müəyyən etməsi və məntiqi yük daşıması faktı Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin bu əsəri üçün əsas olub. Kitab postsovet məkanında ən qanlı münaqişənin mənbələri barədə erməni tərəfin tezislərinin saxta olmasını ifşa etməyə yönəlib.

Elmi əsərdə Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin ilkin səbəbləri göstərilir. Burada hakimiyyət subyekti qismində nəinki xalq, hətta hansısa sosial qruplar da deyil, həmfikirlər kastası və ya ordeni, "böyük Ermənistan" yaratmaq məqsədinə çatmaq üçün utopiya formalaşdıran praktiki ideoloqlar qrupu çıxış edir.

Yerevanın seçdiyi model müasir dövrün tələblərinə və bütövlükdə Ermənistan əhalisinin istəyinə uyğun gəlmir, özü də təkcə ona görə yox ki, o, öz mahiyyətinə və mənasına görə aktual deyildir. Bu model cari ictimai reallıqlardan uzaq olmaqdan əlavə, həm də hakimiyyət ilə xalqın həmrəyliyini təmin etmir. Məntiqi nəticə ölkənin demoqrafik cılızlaşması oldu. BMT-nin və Ermənistan Səhiyyə Nazirliyinin statistikasına görə 2013-cü ildə bu respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfədən çox azalıb. Belə ki, 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq doğulub. Bu göstəriciyə əsasən Ermənistanda əhalinin azalma miqyası haqqında da nəticə çıxarmaq olar.

Fakt faktlığında qalır - hakimiyyətə gəlmiş erməni elitası "böyük Ermənistan" barədə utopik layihəni reallaşdırmaq naminə sosial qrupların əksəriyyətinə, demokratik quruluşa deyil, millətin birliyini təmin etmək və onun mənafelərini reallaşdırmaq vəzifəsindən üz döndərərək güc rıçaqlarını və resurs bazasını öz əllərində cəmləşdirmiş bir ovuc işbazın və siyasətbazın maraqlarına arxalanır.

Silahlı münaqişənin fəal fazasının başa çatmasından 20 il keçəndən sonra Ermənistan, eləcə də işğal edilmiş Dağlıq Qarabağ dərin sosial-iqtisadi böhranla üzləşib. Nəticədə biri tanınmış, digəri tanınmamış iki qurum ümidsiz staqnasiya vəziyyətində yarıac yaşamağa məcburdur. Onlar əvvəlki kimi yenə də diasporun köməyinə, erməni qastarbayterlərin çoxmilyardlıq transferlərinə, beynəlxalq maliyyə təsisatlarının və sponsor dövlətlərin köməyinə bel bağlayırlar.

Müəllif göstərir ki, Ermənistan can üstədir, Qarabağın hərbi rejimi insanları müharibə dövrünün şəraitində saxlamaqda davam edir, diaspor isə bu cırtdan qurumun oyuncaq hökumətini dəstəkləmək üçün əl açıb vəsait toplayır. Dağlıq Qarabağ dünya ermənilərinin nəzərində sakral dözümlülük, sədaqət və fədakarlıq rəmzinə çevrilib. Əslində isə tam absurd alınır. Azərbaycanı münaqişəyə təhrik etmiş ölkə potensial milli suverenliyini itirir, özünü güclə dolandırır. Həyata keçirilən ideya sərt reallığa çevrilib.

Elə bu səbəbdən Qarabağ münaqişəsinin dinc yolla həlli konturları getdikcə daha çox silinib gedir. Bu fonda Azərbaycanın gücü durmadan artır, Ermənistan isə göz qabağında psixoloji məğlubiyyətə uğrayır. Hərbi-texniki qarşıdurma balansı da Azərbaycanın xeyrinədir. Onun iqtisadi tərkib hissəsi davam etməkdə olan münaqişədə həlledici amilə çevrilib.

Erməni xalqı isə ölkənin sadə vətəndaşlarının həyat tonusuna ilbəil daha sarsıdıcı zərbə vuran sosial-iqtisadi staqnasiya üzündən ruh düşkünlüyü içindədir. Kimin imkanı və qabiliyyəti varsa daha yaxşı güzəran ümidi ilə Ermənistanın hüdudlarını birdəfəlik tərk edir. Qarabağ (Arsax) dedikləri müqəddəs torpaq haqqında fikirlər isə mənasız abstraksiyaya çevrilir.

"Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabında tarixi sənədlər əsasında Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, "böyük Ermənistan" əfsanəsinin reinkarnasiyasını ön plana çəkməsi və siyasi tələyə düşməsi müfəssəl araşdırılır.

Kitabın ayrı-ayrı fəsilləri münaqişənin hüquqi bazasına həsr edilib. Bu fəsillərdə Dağlıq Qarabağ ərazilərinin ayrılmasının əsassız və qeyri-qanuni olması sübut edilir. Həmçinin ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar prosesi də nəzərdən keçirilir.

Azərbaycanın mövqeyinin konstruktivliyi Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri ilə təsdiqlənir: "Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra əminəm ki, Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda özünü forpost kimi göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır".

Əsərin sonunda müəllif ümidvar olduğunu bildirir ki, erməni milli elitası bu millətin ən savadlı hissəsi kimi perspektivdə barbar vəzifələr deyil, səmərə, xeyir gətirən, öz xalqının daha yaxşı gələcəyinə ümid doğuran məqsədlər qoymaq üçün özündə qüvvə tapacaq. Çünki 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanandan sonra yaranmış ayırıcı xətt heç vaxt Azərbaycan tərəfindən yeni dövlətlərarası sərhəd kimi tanınmayacaq. Buna görə Ermənistan elə özünün mənafeyi üçün ilkin mövqelərə qayıtmalı, kompromis yanaşmalara razılıq verməlidir. Əks halda vəziyyət daha da radikallaşacaq və regionda sabitliyi pozan tərəf sülhə məcbur ediləcək.
Bu xəbər oxucular tərəfindən 2146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed