Şrift:
Kişi hokkeyçilərimiz ciddi sınaq qarşısında
30.08.2014 [13:21] - Gündəm, İdman
Beynəlxalq Hokkey Federasiyası 2016-cı il Braziliyanın Rio-de-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarında və iki ildən bir keçirilən növbəti dünya çempionatlarında iştirak etmək qaydalarına dəyişikliklər edib.
Bir sıra idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim "Dünya Hokkey Liqası" adı altında təşkil olunan turnirlər vasitəsi ilə həyata keçirilir. Odur ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlara qoşulması məhz qeyd olunan turnir vasitəsilə reallaşa biləcək.
Azərbaycan Otüstü Hokkey Federasiyası məlumat verir ki, planetin reytinq cədvəlində 33-cü yeri tutan kişilərdən ibarət yığmamız Dünya Hokkey Liqasının I mərhələsindən mübarizəyə başlayacaq. Həmin yarış 2014-cü il sentyabrın 5-dən 7-dək Omanın Muskat şəhərində keçiriləcək.
Komandamız qarşıdakı turnirdə uğurlu çıxış edərək II mərhələyə vəsiqə qazanmaq üçün Bakıda son məşqlərini keçirir və sentyabrın 2-də Omana yola düşəcək. Azərbaycan hokkeyçilərinin mübarizə apardığı qrupda 4 ölkənin təmsilçiləri dairəvi sistemlə qalibi aşkar edəcəklər. Azərbaycan komandası təqvim üzrə ilk oyununu sentyabrın 5-də İran İslam Respublikasının yığmasına qarşı keçirəcək. Ertəsi gün rəqibimiz meydan sahibləri - Oman idmançıları olacaq. Sentyabrın 7-də - yarışın sonuncu günü isə hokkeyçilərimiz Tailland millisini sınağa çəkəcəklər.
Reqlamentə görə turnirdə I yeri tutan seçmə komanda Dünya Hokkey Liqasının II raunduna vəsiqə qazanacaq. Həmin mərhələnin oyunları hərəsində 8 iştirakçı olmaqla ABŞ, Sinqapur və CAR-da keçiriləcək. Oman turnirinin qalibi 2015-ci il martın 7-dən 15-dək Cənubi Afrika Respublikasında keçiriləcək II mərhələdə yarışmaq hüququ qazanacaq.
Bu xəbər oxucular tərəfindən 1350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed