Şrift:
Dünya güc mərkəzləri heç bir zaman Türk Dünyasının birləşməsini istəməz
27.09.2011 [17:45] - Diaspor
Asif Qurbanov: “Diasporun hər hansı bir ölkədə güclü ola bilməsi üçün mediya və iş həyatında da güclü olmağı lazımdır”.
Müstəqil Azərbaycanın inkişafında və tanınmasında Azərbaycan diasporunun böyük rolu var. Xaricdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycanın mədəniyyətini, tarixini, milli adət-ənənəsini təbliğ edirlər. Belə azərbaycanlılardan biri də, İzmirdə yaşayan soydaşımız iqtisad elmləri doktoru Asif Qurbanovdur.
- Asif müəllim, uzun müddətdir ki, İzmirdə yaşayısınız, eyni zamanda Azərbaycanın tanıdılması uğrunda mübarizə aparanlardan birisiniz.
- Mən İzmirə gəldiyimdən 3 il sonra yəni 1995-ci ildə sosial fəaliyyətlərlə məşğul olmuşam. İzmirdə ilk dəfə 1995-ci ildə Novruz bayramı keçirildi. Bayram dövlət səviyyəsində idi və mənə koordinatorluk həvalə edilmişdi. Bu tədbir çox yüksək səviyyədə keçirildi. Biz İzmir sakinlərinə başa saldıq ki, Novruz bayramı sadəcə bəlli bir ideologiyaya mənsub insanların deyil, bütün bu coğrafiyada yaşayan insanların bayramıdır. Bu addımdan sonra Türkiyədə dövlət Novruz bayramının dövlət səviyyəsində keçirilməsinə qərar verdi. Bizim İzmirdə fəaliyyətlərimiz çərçivəsində ağrıyan yaramız olan Qarabağ ilə əlaqəli ölkə daxilindən və ya xaricindən bu işə bağlı olan siyasət və iş adamları ilə konfranslar təşkil edirdik. Ən son fəaliyyətlərimizdən biri də http://www.turkiye-ermenistan-kapilar-acilmasin.org/ saytı ilə 26500 –ə yaxın imza toplamaq oldu. Və imza edənlər Qarabağ məsələsi həll edilmədən qapıların açılmasına etirazlarını bildirərək, qarşı çıxdılar. Mən Ankarada mətbuat konfransı keçirərək, bu imzaları Türkiyə Cumhuriyyəti baş nazirinə və prezidentinə təqdim etdim. Azərbaycanın tanıdılması istiqamətində fəaliyyətlərimiz saysızdır. Biz bütün bu işləri həyata keçirən zaman kimin üçünsə, nə üçünsə etməmişik, vətənimizi sevdiyimiz üçün etmişik. Mən bu günə qədər bir neçə təşkilatın idarə heyətində, sədrliyində yer almışam. Hal-hazırda DAK- da sədr müaviniyəm.
- Bildiyiniz kimi Azərbaycan diasporu yeni qurulmuş bir diaspordur, bu hardasa Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşür. Asif bəy, sizcə bu illər ərzində diasporamızın fəaliyyətində nə kimi dəyişikliklər baş verib?
- Əslində diasporumuz o qədər də yeni deyil, sadəcə diasporumuz siyasiləşməmişdi. Bizim həmin zamana qədər mədəni-ədəbi diasporumuz var idi. Erməni məsələləri ortaya çıxandan sonra diasporumuzun istiqaməti siyasiləşdi. O zamana qədər mədəniyyətimizi təmsil edən diaspor cəmiyyətləri Qarabağın azadlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün faəliyyət göstərməyə başladı. Əlbəttə ki, diasporumuz hələ tam inkişaf etməyib, arzulanan səviyyədə deyil. Diasporun güclənməsi işləməli və eyni zamanda bu işə ürək qoyan insanları incitmədən, küsdürmədən işləməliyik. Biz nə qədər güclənsək o qədər də Azərbaycanın tanıdılması uğurlu olar. Diaspora komitəsinin düzgün işləməməsi səbəbi ilə bu güc yumruq kimi birləşə bilmir.
- Bu gün Azərbaycan diasporunun Türkiyədəki vəziyyəti necədir?
- Desəm ki, çox yüksək səviyyədədir, yalan olar. Türkiyə Azərbaycana qardaş ölkə olduğu üçün burada Azərbaycan diasporunun vəziyyəti lazım olduğundan aşağı səviyyədədir. Parçalanmış, qruplaşmış təşkilatlar mövcuddur. Türkiyədə bir şansımız var ki, Türkiyə xalqı Azərbaycanı sevir. Bəzi anlarda xalq elə davranış nümayiş etdirir ki, diaspor təşkilatları aciz durumda qalır. Təşkilatın olub-olmamasına ehtiyac qalmır. Amma Türkiyədə hər zaman güclü diaspor təşkilatlarımız olmalıdır. Çünki buna ehtiyac var.
- Özünüz də, şahidsiniz ki, diaspor sahəsində çalışmaq istəyən diapor təşkilatlarının sayı gündən-günə artır. Sizin fikrinizcə, bu təşkilatların artmasının səbəbi nədir. Onların hamısı Azərbaycan sevgisi ilə yaranır, yoxsa?
- Bəli, haqlısınız, artır. Bunun yaxşı tərəfləri də var, pis tərəfləri də. Pis tərəfi odur ki, zəif olan bir təşkilat ikiyə bölünür. Bu da iki zəif təşkilat deməkdir. Amma bir çox güclü təşkilatlarımız, burada inkişaf etmiş şəxsiyyətlərimiz var. Bəzən olur ki, onlar bir təşkilatın daxilində fəaliyyət göstərə bilmir, iki yerə parçalanmalı olurlar və hər iki təşkilat da, güclü olaraq fəaliyyətinə davam edir. Təşkilatların artmasının digər bir səbəbi də, diaspor komitəsinin səhvidir. Komitə bir şəhərdə və ya ölkədə mən bu adamla işləyərəm deyə fikirləşir, amma bu adamın iş bacarığına baxılmır və ya o adama hər kəsi ətrafına yığmaq tapşırılmır. İnsanlar da “kreslo”ya oturan kimi öz şəxsi mənafelərini düşünməyə başlayırlar. Amma unutmamaq lazımdır ki, diaspor fəaliyyəti ilə məşğul olan insan bu sahədə olan hər bir kəslə eyni davranmalıdır. Həqiqi Azərbaycan sevdalıları belə insanların fəaliyyətsizliyini və eyni zamanda diaspor təşkilatından aldığı dəstəyi görürlər, narazılıqlar yaranır. Bu, yaxşı hal deyil. Komitə bir təşkilat ilə işləyirsə,o təşkilatın qabağına şərt qoymalıdır ki, o ölkədəki və ya şəhərdəki bütün iş görən insanları bir yerə yığmalısan.
- Türkiyədə erməni diasporunun vəziyyəti hər kəsə məlumdur. Yüzillik bir fəaliyyətə sahib olan erməni diasporu cox güclüdür. Sizin bu mövzuda fikirlərinizi bilmək istərdim.
- Bəli, Türkiyədə erməni diasporu güclüdür. Erməni diasporu özünü göstərmir. Çünki bilir ki, bir balaca baş qaldıran kimi etirazlarla qarşılanacaq. Bu səbəbdən gizli-gizli amma güclü iş görürlər. Çoxunu da adından belə tanımaq olmur. Çünki adlarını dəyişirlər. Erməni diasporu Türkiyədə medya və iş həyatında da güclüdür. Diasporun hər hansı bir ölkədə güclü ola bilməsi üçün bu çox vacibdir. Türkiyədə erməni diasporu uzun müddətli psixoloji təsiretmə metodu ilə işləyirlər. İnsan fərqinə varmadan, istəmədən onlar kimi düşünməyə başlayır. Türkiyədəki fəaliyyət metodları da budur.
- Qurultayda prezidentin çıxışı zamanı ölkələrdə olan diaspor təşkilatlarının səfirliklərlə münasibətlərinə toxunuldu. Türkiyədə necə, siz bunu necə müşahidə edirsiniz?
- Bəli, mən bu çıxışı eşidəndə çox sevindim. Düşündüm ki, deməli ölkəmizin rəhbərliyi bu vəziyyətdən xəbərdardır. Çünki biz burada dərdimizi kimə başa sala bilərik. Biz uzun müddətdir ki, səfirlik və konsulluqla iş münasibətləri qurmuşuq. Sağ olsunlar ki, bizi dəstəkləyirlər və bir yerdə gözəl işlər görə bilirik. Ancaq eyni dəstəyi diaspor komitəsindən görmürük. Bu vəziyyət bizim üçün deyil, diaspor komitəsi üçün heç də xoş vəziyyət deyil. Komitə strategiyasını yenidən gözdən keçirməlidir, məncə.
- Bilirsiniz, 55 milyonluq Azərbaycanın bu gün iki dərdi var Qarabağ və Güney. Parçalanmış Türk dünyasının nə zamansa bir araya gələcəyinə ümidiniz varmı?
- Düzünü söyləsəm Qarabağ və Güney Azərbaycan məsləsinin həll olunacağına ümidim çoxdur. Amma Türk dünyasının birliyinə ümidim azdır. Çünki dünya güc mərkəzləri heç bir zaman Türk Dünyasının birləşməsini istəməz.
- Güneydəki həmvətənlərimiz öz hüquqlarından məhrumdurlar və İranın Azərbaycanın daxili siyasətinə soxulmaq istəyi... Siz bu hadisələri necə dəyərləndirirsiniz, düşüncələrinizi almaq istərdim.
- Soydaşlarımızın hüquqlarının bərpa olunması üçün çalışmalıyıq, orada əziyyət çəkənlərə hamımız kömək etməliyik. İranın daxili işlərimizə qarışması isə, daha öncə də dediyim kimi normal bir haldır. Yəni İrandan belə addımların olması normaldır. Bunu bilməliyik və ona görə stategiyamızı təyin etməliyik.
- Qarabağ, torpaqların 20 faizinin işğal altında olması..və bu problemin 20 ildir ki, öz həllini tapmamasında səbəb nədir?
- Ən böyük səbəbi müsəlman – türk olmağımızdır. Yəni beynəlxalq təşkilatlar sadəcə sözdə dəstək verirlər, əmələ keçmirlər. Bu işin ən böyük açarı Rusiyadadır. Rusiya bu işdən ayrı bir xeyir içindədir. Qərb ölkələri də diasporun təsiri altındadır. Bu işin çox səbəbi var. Yuxarıda sadaladıqlarımıza nəzər yetirsək, görərik ki, bu işi başqalarına buraxsaq iş çox çətin həll olunar. Bu işi özümüz həll etməliyik.
Ölkəmizin iqtisadiyyatını gücləndirməliyik. Vətəndaşlarımızda ruh yüksəkliyi yaratmaq lazımdır. Qarabağ ilə əlaqəli TV verilişləri çox olmalıdır. Elə bir vəziyyət yaradılmalıdır ki, vətəndaşlarımız tez-tez Qarabağı xatırlamalıdırlar. Gündəlik həyatda Qarabağdan danışılmalıdır.

Söhbətləşdi:
İradə Azad
Bu xəbər oxucular tərəfindən 1543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed