Şrift:
Prezident İlham Əliyev: Türkiyə bütün dövrlərdə Dağlıq Qarabağ məsələsində Azərbaycanın, haqqın, ədalətin yanında olub
03.09.2014 [14:22] - Xəbərlər, Siyasət
"Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün öz minnətdarlığımı bildirmək istəyirəm". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.

İlham Əliyev bildirib ki, bu, Azərbaycan üçün çox önəmlidir: "Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ də bu gün müzakirə edildi".

Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir.
Dövlət başçısı vurğulayıb ki, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bir milyon qaçqın var: "Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münaqişə hələ ki öz həllini tapmayıb. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır"
Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed