Şrift:
Göyçə ziyalılarından - Əliyev İsmayıl Hüseyn oğlu
03.09.2014 [15:16] - Güney Azərbaycan xəbərləri, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Göyçə mahalında hörmət, ehtiramla qarşılanan və xalq arasında biliyilə, yüksək əxlaqa malik davranışı ilə insanların diqqətini çəkən ziyalılar hər zaman iftixarla yad olunur. O insanlar haqqında yazmaqda yazmaqla həm el-obamızın yüksək insani münasibətlərini, həm də Göyçə mahalında təhsilli və mədəni insan yetişdirilməsində onların zəhmətlərini, qayğılarını təqdim etmək istəyirəm.
Göyçə mahalında insanların zəkalı şəxsiyyət kimi hörmət və ehtiram etdiyi ziyalılardan biri də İsmayıl müəllim idi. İsmayıl müəllim ixtisasca filoloq olmaqla bədii ədəbiyyatı və Azərbaycan türkcəsinin qramatikasını mükəmməl bilən, gözəl yazı xəttinə malik ziyalı kimi tanınırdı, eyni zamanda başqa elmlərdən də yetərincə məlumatı vardı. El arasında deyirdilər: “İsmayıl müəllim çox savadlı, alim adamdır...” . Həqiqətən də ədəbiyyat və qramatika sahəsində hərtərəfli biliyə malik, yüksək nitq mədəniyəti olan, məntiqli danışan ziyalı kimi rayon rəhbərliyinin də ona yüksək rəğbəti var idi.
Yaddaşımda İsmayıl müəllimlə bağlı keçmiş bir əhvalat canlandı. 1963-cü ilin aprel ayının sonları idi. O zaman mən Dərə kənd səkkizilik məktəbin səkkizinci sinifində oxuyurdum. Anamla yaşadığımız Dərə kəndindən Sədənəxaç kəndində ərə getmiş xalamgilə getmişdik. Xalamla görüşüb hal-əhval tutduqdan sonra günortadan gün əyilən vaxtda kəndimizə qayıtmaq qərarına gəldik və qohumlarla xüdahafizləşib kəndarası yolla gedərkən İsmayıl müəlliminlə rastlaşdıq. O bizi görüb dayandı və gülər üzlə bizi salamlayaraq:
-Ay Gövhər, xoş gəlmisən! İllər keçib, səni görmürdüm, nə var- nə yox, necə dolanırsan?
-İsmayıl qardaş, çox sağ ol, Allah köməyin olsun! Nə bilim, bir təhər dolanırıq da. Bu bacımgilə gəlmişdim, dedim, görüm nə təhərdilər.
- Hə, Cəlal(xalamın yoldaşı) dinc oğlandı, çobanlığını eləyib başını dolandırır. Bacınla da işləyib özlərinə bir yurd-yuva düzəldərlər...
İsmayıl müəllim məni göstərib:
-Deyəsən, bu kiçik oğlundu? Maşallah! Boylu-buxunlu deyəsən özünə çəkib, atası ortaboyludur. O boyük oğlunun bilikli oğlan olmasını bütün rayonda danışırlar. Halal olsun! Öz biliyinə AZİ kimi çətin bir instituta qəbul olunub. Bu oğlun necədi, yaxşımı oxuyur?
Anam bir az narazı halda, sanki gileyli kimi cavab verdi:
- Çalıçsa, oxuyar, amma dağdan-daşdan yığılmır, dərsdən gələn kimi çörəyini yeyib evdən çıxır, bir də axşam şər qarışanda evə dönür. Bunun ən çox marağı şeirə, ədəbiyyatadır, riyaziyyatdan zəifdir.
İsmayıl müəllim üzümə baxım sual verdi:
-Aşıq Ələsgərdən neçə şeir bilirsən:
Dedim:- “Dağlar” şeirini bilirəm.
-Yox, Aşıq Ələsgərdən gərək bir on şeir biləsən. Qəbul imtahanında Göyçədən olduğunu biləndə səndən Aşıq ələsgərdən şeir soruşacaqlar. Bir şeir desən, düz olmaz. Sənə pis baxacaqlar. Hansı instituta iş verəcksən?
Cavab verdim:- Hüquq fakültəsinə girmək istəyirəm.
İsmayıl müəllim təbəssüm keçirib dedi:
-Pahooy, çox böyük yerdən yapışmısan... arzuna çatasan! Yəqin ki, “Mehman” povesti səni bu həvəsə gətirib... Tarixdən neçə qiymət alırsan?
Dedim:-Bəzən dörd, bəzən də beş qiymət alıram.
-Belə olmaz, hüquq fakültəsinə gedən oğlanın tarixdən və azərbaycan dilindən, ədəbiyyatdan qiymətləri ancaq beş olmalıdır...
İsmayıl müəllim anama dedi:
-Gəlin evə, qonaq olun, Süsənbərlə də danışın, çörək yeyin, axşam gedərsiniz.
Biz kəndə səhər vaxtı gələndə anamla bir qadın görüşmüşdü. Görüşəndə həmin qadının adının Süsənbər olduğunu anamdan eşitmişdim. Anam dedi ki, səhər İsmayıl müəllimin həyat yoldaşı Süsənbər xanımla görüşüb hal-əhval tutublar. Odur ki, bir daha İsmayıl müəllimə təşəkkür edib ayrıldıq və kəndə doğru hərəkət etdik. Dərə kəndi ilə Sədənəxaç kəndinin arasındakı yollar dağ yolu ilə beş, Göyçə gölünün sahili ilə yeddi km idi. Biz dağ yolu ilə kəndə gəlirdik. Yol boyu anamdan İsmayıl müəllim haqqında xatirələrə maraqla qulaq asırdım. O, nəql eləyirdi:
-1943-cü il müharibənin qızğın vaxtlarıydı, kəndin on səkkiz yaşdan yuxarı qırx yaşına kimi olan kişilərinin hamsını “fronta”(müharibəyə) aparmışdılar. O vaxtlar mənim də iyirmi yaşım vardı, yeddinci sinifi qurtarmışdım, məktəbdə müəllimə işləyirdim... İsmayıl müəllim də İrəvanda Türk pedoqoji texnikumunu bitirib Dərə kənd yedillik məktəbinə dərs hissə müditi təyin olunmuşdu. O zamanlar kitab-dəftər çox az idi, bir kitabı dörd şagird dərsdən sonra növbə ilə oxuyub dərs hazırlayırdılar. Şagirdlərə əsasən yazıb-oxumaq öyrədilirdi. Azərbaycan dili və ədəbiyyatı sahəsində ixtisaslı müəllim ancaq İsmayıl idi. Texniki fənlər üzrə də müəllim çatışmırdı. O həm də hesab-riyaziyyat dərslərini də tədris edirdi. Onun bütün elmlərdən mükəmməl biliyi vardı. Səhər məktəbə işə gəlib, axşam qaranlıq qarışana kimi məktəbdə olurdu. Üçüncü sinifdən başlayıb yeddinci sinif də daxil olmaqla şagirdlərin imla və inşalarını yoxlayıb qırmızı karandaşla səhvlərini düzəldirdi. Yeddinci sinif qurtarmış mənim kimi üç qız müəllimə o işləri bacarmırdıq və biliyimiz də o səviyyədə deyildi. Əslində, demək olar ki, məktəbin bütün tədris işini o aparırdı. İsmayıl müəllim şagirdlərə çox qayğı ilə yanaşırdı, bəzən dərsi iki dəfə izah edirdi ki, şagirdlər təzə dərsi elə sinifdə mənimsəyə bilsinlər. O bilirdi ki, müharibənin yaratdığı maddi və mənəvi zərbələr altında olan ailələrin övladları dərsdən sonra zərurətdən yaranan təsərrüfat işlərinin öhdəsindən ancaq gələ bilirlər, yorğun kiçikyaşlı uşaqların dərs hazırlamasına vaxt çatmırdı...İsmayıl müəllim öz maaşından şagirdlərə dəftər-qələm də alıb paylayırdı. O bütün imkanları ilə uşaqların elm öyrənməsinə çalışan zəkalı, qayğıkeş ziyalı kimi fəaliyyət göstərirdi. 1944-cü ildə, yəni Dərə kəndində bir il işlədikdən sonra İsmayıl müəllimi “front”a(müharibəyə) apardılar. Sonuncu dəfə bizim hamımızla görüşüb ayrılan zaman ürəyimiz kövrəlmişdi, özümüzdən aslı olmayaraq gözlərimiz dolmuşdu... O bizə baxıb təbəssümlə dedi: -Qızlar, Allahın köməyilə bir-iki ilə görüşərik, müharibə Sovet ordusunun üstünlüyü ilə qurtaracaq...
İllər keçdi, müharibə qurtarandan sonra həlak olanlar və sağ qalanlar haqqında rayonda xəbərlər yayılmışdı. Eşitdik ki, İsmayıl müəllim də sağ-salamat hərbi xidmətini davam etdirir və bu xəbərdən sevincimizin həddi-hüdudu yoxuydu. 1947-ci ildə İsmayıl müəllim əsgərliyi qurtarıb gələndə Dərə kənd məktəbinə gəlib bizimlə görüşdü və qonşu Pəmbək kəndinə məktəb direktoru təyin olunduğunu söylədi. Bu xəbərdən də çox şad olduq...Sora onu rayon partiya komitəsində məsul vəzifəyə (təlimatçı) irəli çəkdilər. Allah ömür versin! Çox gözəl insandır...


Niftalı Göyçəli Tel: 055 850 78 64
Bu xəbər oxucular tərəfindən 1838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed